Qrup lideri olmaq üçün ən real şans – bəhanə olmamalıdır!

10:40 - 4 Mart 2020

Daha nə gözləyirdik? Bundan da rahat qrup?

 

FIFA, UEFA bizim kimi ölkələr üçün yarışları hörmətdən salır, ən uyğun turnirlər fikirləşir. Biz isə ən zəifin ən zəifi olmaqda israrlıyıq. AFFA rəhbərliyi futbolumuzu məhv, yığmamızı ən zəif kollektiv etmək üçün mümkün olanı edir. Və 13 ildi ən aşağı səviyyəyə enmək üçün hər şeyə əl atıblar. O qədər dibə enmişik ki, indi Lüksemburq kimi cırtdan da gözümüzə div görünür.

 

Və milli komandamızın məşqçisi Arif Əsədov deyir ki, “qrupda 1-ci olmaq reallıqdan uzaqdı”. Davam edir: “Nə güclü, nə də zəifdir, orta dəyərləndirərdim. Lüksemburqla daha əvvəl qarşılaşmışıq. Monteneqro və Kiprlə ilk dəfə üz-üzə gələcəyik. Fikrimcə, bərabər səviyyəli qrupdur. Hər bir komandanın imkanı var. Avropa çempionatının seçmə mərhələsində güclü qrupda yer almışdıq. O təcrübə bu mərhələdə millimizə kömək ola bilər. Monteneqro daha çətin rəqibdir. Ümumiyyətlə, bizim Monteneqro, Kosovo kimi yığmalarla oyunlarımız çətin keçir. Komandamız təcrübə yığıb. Baş məşqçi təyinatından sonra bu rəqibləri analiz edib, güclü və zəif cəhətlərini müəyyənləşdirib, yaxşı nəticə əldə etməyə çalışacağıq. Qrupda 1-ci yeri tutmaq bizim üçün reallıqdan uzaqdı. Amma 2-ci yer uğrunda mübarizə aparmaq olar. Futboldur, hər şey ola bilər. Başlanğıcdan çox şey asılıdı”.

 

Əsədov baş məşqçi deyil, daxil olduğu məşqçilər korpusuna təyin ediləcək əcnəbi həmkarını gözləyir. Bəlkə də susmaq daha yaxşı olardı, nəinki belə proqnoz vermək. Daha belə qrupda da 1-ci yer üçün oynamayacağıqsa, bu qədər əziyyət nəyə lazım? Söhbət 1-ci olmaqdan getmir, heç olmasa, hədəf maksimum olmalıdı. 2-ci yer üçün isə mübarizə aparmağa dəyməz, zatən oynamadan da bu qrupda 2 rəqibdən öndə qərarlaşmaq olar.

 

Daha nə olmalıydı? Kimi gözləyirdik? Səbətlərin ən zəif komandaları ilə düşmüşük. Yunanıstan, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Sloveniya yox, Monteneqro, Kipr və Lüksemburqla mübarizə aparacağıq. Nə milli səviyyəsində, nə klub futbolunda heç bir söz sahibi olmayanlarla. Bunlardan da zəifi yoxdu, varsa da bizik və bu vəziyyəti AFFA yaradıb – 13 illik fəaliyyətsizliyi, məmurların fərasətsizliyi lə.

 

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov durumun fərqindədi. Bilir ki, vəzifə pillələrində irəlilədikcə geriləyən futbolumuzla bağlı bütün tənqidlər ona ünvanlanacaq. Avropa çempionatının seçmə mərhələsində qazanılan yeganə xaldan sonra ciddi uğur olmalıdı. Əks halda, ortada yeganə hədəf kimi o qalacaq, bir də milli komandalara cavabdehlik daşıyan vitse-prezident Elşad Nəsirov. Ona görə də hələ təyin edilməyən baş məşqçiyə hədəf göstərir: “Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündü”.

 

Bəli, mümkündü və hədəf də bu olmalıdı. Dil sürümək, bəhanə gətirmək lazım deyil. Yeni məşqçi təyinatı zamanı da konkret vəzifə müəyyənləşməlidi, Nikola Yurçeviçin xələfi vəd verməli, bunu reallaşdırmaq üçün konkret addımlar atmalıdı. Nəticə ən zəiflərin qrupunda qalmaq olacaqsa, milyonları havaya sovurmağın mənası yoxdu. Düzgün motivasiya, heyət seçimi və mehriban kollektiv yaratmaq – uğurun sirri bundadı. O zaman hətta ustalıq səviyyəsinin aşağı olması da bu rəqibləri üstələməyə əngəl olmayacaq.

 

Lüksemburqu, Kipri, Monteneqronu “böyütməyə” ehtiyac yoxdu. Bu komandalarla rahat oynamaq olar. Almaniya, Portuqaliya, İspaniya, hətta Türkiyə, Polşa, Danimarka və ya Finlandiyadan yox, qitənin ən zəiflərindən danışırıq. Ən yaxşısı olan Monteneqro FIFA reytinqində 64-cüdü, Kipr 95-ci, Lüksemburq 98-ci.

 

Bəlkə də Monteneqro qismən güclü görünür. Amma bu yığmanın oyunçuları ortabab və daha aşağı səviyyəli Avropa klublarında oynayır. O klubların ki, avrokuboklarda “Qarabağ”la müqayisəyə gəlməzlər. Bu 3 ölkənin birlikdə ərazi və əhalisi tək Azərbaycanın 1/3-i qədərdi. Bəli, ərazi və əhali etalon ola bilməz, amma futbol ənənələri, klub uğurları baxımından da onlardan qat-qat üstünük. O zaman niyə millimiz bi komandaların yer aldığı qrupda 1-ci olmasın?

 

Fərq bilirsiz nədədi? Bizdə qeyri-futbol adamları – Rövnəq Abdullayev de-yure, Elxan Məmmədov de-fakto futbol təsərrüfatına rəhbərlik edir. Rəqiblərdə isə rəhbər postlarda veteranlar, sabiq futbolçulardı. Hətta Lüksemburqda da buna önəm verirlər, rəhbərləri Paul Filipp uzun müddət Belçika klublarında top qovub. Çernoqoriyada iş başında meydanda can qoyan birisidi. Deyan Saviçeviçi futbolçu kimi tanımayan yoxdu, təkcə “Milan”da 6 il keçirib. O, Serbiya və Çernoqoriya yığmasının baş məşqçisi olarkən məhz millimizə məğlubiyyətlərdən sonra istefa vermişdi, indi isə daha məsul postdadı.

 

Yalnız bu amillərə görə millimiz yer aldığı qrupda favorit olmaya bilər – futbol təsərrüfatına səriştəsiz, bu sahəyə yad adamlar başçılıq etdiyi üçün. Bütün başqa komponentlərə görə qrupu ilk pillədə başa vurmalıyıq.

 

Yalançı təbliğat aparılmamalı, rəqiblərin gücü şişirdilməməlidi. Millətlər Liqasının ilk mövsümündə edilən səhvlər təkrarlanmamalıdı, bəraət olmayacaq. Oynamaq və hədəfə çatmaq lazımdı.

 

Daha nə gözləyirdik? Bundan da rahat qrup? (futbolinfo.az)

Xəbər xətti