Yığmanın Millətlər Liqasında hədəfi nə olmalıdır? - QEYD

12:24 - 4 Mart 2020

Azərbaycan yığması Millətlər Liqasının C Liqasında Kipr, Monteneqro və Lüksemburqla eyni qrupda yer aldı.

 

Püşk millini daha münasibə və ya çətin komandalara rəqib edə bilərdi. Məsələn, Azərbaycanla eyni səbətdə olan Moldova daha çətin qrupa düşdü. Buna görə də qrupumuzun çətin olduğunu demək lazım deyil.

 

Millinin rəqibləri səvviyəcə aşağı-yuxarı bir-birinə yaxındırlar.

 

Monteneqro qrupun ən güclüsü kimi göstərilir. Lakin bu rəqib AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan kimi qələbəyə həsrət qalıb. İngiltərə, Çex Respublikası, Kosovo və Bolqarıstanla eyni qrupda yer alan Monteneqro 3 heç-heçə ilə qrup sonuncusu olub. Rəqib əvvəlki gücündə deyil.

 

Kipr isə AÇ-2020-nin seçmə mərhələsini 10 xalla başa vurub. Komanda 4 xal Qazaxıstandan, 6 xal isə San Marinodan qazanıb. Kiprlilər klub səviyyəsində yaxşı olsalar da, milli komandaları yüksək səviyyədə deyil. Bu baxımdan Kiprdən çəkinmək lazım deyil.

 

Digər rəqib Lüksemburqda isə son illər futbol yüksəlişdədir. “Cırtdanlar” ilk dəfə təşkil olunan Millətlər Liqasında qrupu 10 xalla tamamlayıb, yalnız Belrusdan geri qalmışdılar. Lüksemburqu ciddi qəbul etmək lazımdır, lakin bu komandanı məğlub edə biləcək səviyyədəyik.

 

Ümumi götürsək, qrupda yaxşı nəticə göstərmək olar. Çünki rəqiblərdən açıq-aşkar geri qalmırıq. Bu komandalarla oynayıb, xallar götürmək olar. Əvvələr milli daha güclü rəqibləri büdrədə bilib.

 

Qrupu 1-ci pillədə tamamlamaq üçün yeni baş məşqçinin qarşısına hədəf qoyulmalıdır. Çünki uzun illərdir milyonlar xərclənir, amma millidə nəticələr yoxdur.

 

AÇ-2020-nin seçmə mərhələsindəki biabırçı çıxışdan sonra azarkeşlər, futbol ictimaiyyəti millidən əlini üzüb. Bəlkə də bu, son fürsətdir. Növbəti uğursuzluq AFFA-da radikal dəyişikliklərə apara bilər.

 

Mehman Əşrəfov

Xəbər xətti