Çempionluğun nəfəsini hiss edən "Qarabağ" "Keşlə"yə, "Neftçi" uduzmadığı rəqibə qarşı

13:38 - 5 Mart 2020

Həftəsonu Premyer Liqada 20-ci tura start veriləcək. 
 
Lider “Qarabağ”a yaxınlaşmağı ötən tur əldən verən “Neftçi” “Sabah”ı qəbul edəcək. Roberto Bordinin gedişindən sonra “ağ-qaralar”da ciddi dəyişiklik hiss edilmir. Görünür, Füzuli Məmmədov oyun sistemini hələ də komandaya aşılaya bilmir. Bunun üçün də müəyyən zaman lazımdır. Paytaxt klubu heyətinə görə çempionluq uğrunda mübarizə apara biləcək səviyyədədir. Lakin “Neftçi” bu mövsüm çempionatda istənilən oyunu göstərmədi. 
 
Füzuli Məmməov baş məşqçi postunda qalmaq üçün irəlidəki turlarda daha yaxşı nəticələr əldə etməlidir. Onun özünü sübut etmək üçün hələ vaxtı var. Belə oyun və nəticələrlə son qum dənəsi düşəndə Məmmədova verilən vaxt bitəcək.
 
“Sabah” isə qış fasiləsindən sonra daha yaxşı oynamağa başladı. Futbolçular Jelko Sopiçin oyun sisteminə uyğunlaşırlar. “Qarabağ”dan 1 xal alan paytaxt təmsilçisi bunun ardını “Neftçi” ilə oyunda gətirməyə çalışacaq. İlk 4-lük uğrunda mübarizəni davam etdirən “Sabah” heyətinə görə daha favorit qismində görünür. Həm də komandanın fasilədən sonra göstərdiyi oyun bunu deməyə əsas verir.
 
Komandaların bu mövsüm Premyer Liqadakı oyunları:
19.08.2019 “Neftçi” – “Sabah” - 1:1
08.12.2019 “Sabah” – “Neftçi” - 0:2
* “Sabah” indiyədək “Neftçi” üzərində qələbə qazanmayıb. “Neftçi” bütün oyunlarda qol vurub.
 
Turun digər görüşündə “Qəbələ” evdə “Sumqayıt”la qarşılaşacaq. Son turda “Zirə” üzərində əzmkar qələbə qazanan “Qəbələ” vəziyyətini yaxşılaşdırmaq üçün növbəti zəfəri qazanmaq iddiasındadır. “Sumqayıt” isə 4-cü yeri əldən verməmək üçün səfərdən 3 xalla qayıtmağı planlaşdırır. Bu yeri qorumaq Ayxan Abbasovun yetirmələri üçün heç də asan olmayacaq. “Sabah”, “Zirə” və “Səbail” “gənclik şəhəri” təmsilçisini yaxından izləyir.
 
“Qəbələ” isə qış fasiləsindən sonra yaxşı başlamasa da, son qələbə ilə komanda daxilində ab-hava dəyişdi. Bölgəni təmsil edən klubun Premyer Liqada qalmağı ölkə futbolu üçün müsbət məqam olar. Çünki “Qəbələ” həm də akademiyası ilə digər klublara örnəkdir.
 
Komandaların bu mövsüm Premyer Liqadakı oyunları:
17.08.2019 “Qəbələ” – “Sumqayıt” - 0:2
08.12.2019 “Sumqayıt” – “Qəbələ” - 1:1
* “Sumqayıt” son üç qarşılaşmanı qolsuz və xalsız tərk etməyib. Qəbələdəki son iki matçda qol vuran komanda qalib gəlib.
 
Digər qarşılaşmada “Zirə” “Səbail”in qonağı olacaq. Arıdıcıl 4 oyunda uduzan qəsəbə klubu uğursuz seriyaya son qoymaq istəyir. Qış fasiləsində güclənən “qartallar”ın qarşısına avrokuboklara vəsiqə qazanması hədəf qoyulub. Qapı mövqeyindəki problemi Emil Balayevlə həll edən “Zirə” çətin oyunda 3 xalı hədəfləyib. Vəziyyətin daha da gərginləşməməsi üçün Zaur Həşimovun rəhbərlik etdiyi komandanı ancaq qələbə qane edə bilər.
 
Kasad heyətlə “Neftçi”dən 1 xal alan “Səbail” bunun ardını gətirmək üçün meydana çıxacaq. Hər iki komandanın xalları bərabər olduğu üçün oyuna maraq bir qədər də artıb. Qalib komanda turnir cədvəlində 4-cü yerə kimi qalxa bilər.
 
Komandaların bu mövsüm Premyer Liqadakı oyunları:
18.08.2019 “Səbail” – “Zirə” - 1:0
08.12.2019 “Zirə” – “Səbail” - 4:1
* “Zirə” son üç matçda qol buraxıb. “Səbail”in ev oyunlarında qol vuran komanda qalib gəlir.
 
Tura “Keşlə” - “Qarabağ” oyunu ilə yekun vurulacaq. 8 komandalı çempionatda yüksək rəqabət görməyən “Qarabağ” rəqiblərindən böyük fərqlə irəlidədir. Ötən mövsüm ağdamlılarla rəqabət aparan “Neftçi” bu mövsüm həmin keyfiyyəti ortaya qoya bilmədi. Bu mövsüm də komandalar açıq-aşkar “Qarabağ”dan geri qalır. Addım-addım çempionluğa gedən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Keşlə”ni məğlub etməklə bu yolda böyük addım atacaq.
 
3-cü yerdə mövqeyini qorumaq istəyən “Keşlə” isə ən azı 1 xala ümid edir. Tərlan Əhmədovun kollektivi stabil oynamağa davam etsə, hədəfinə çatacaq.
 
Komandaların bu mövsüm Premyer Liqadakı oyunları:
16.08.2019 “Keşlə” – “Qarabağ” - 0:1
06.12.2019 “Qarabağ” – “Keşlə” - 2:2
* “Qarabağ” 6 oyundur meydanı qolsuz və xalsız tərk etmir. “Keşlə” son iki ev matçında eyni – 0:1 hesabı ilə uduzub.
 
Mehman Əşrəfov.

Xəbər xətti