Kamal Mirzəyev: "Milliyə dəvət almağın vaxtı çatıb" - MÜSAHİBƏ

19:33 - 5 Mart 2020

Küveytin "Əl-Salmiyə" klubunun yarımmüdafiəçisi Kamal Mirzəyev Sportal.az-a müsahibə verib.

 

- Artıq neçə aydır "Əl-Salmiyə"dəsən. Təəssüratların necədir?

- Burada yaxşı karyeraya malik futbolçular var. Küveyt liqası zəif deyil. Güclü komandalar və səviyyəli əcnəbi oyunçular var. Çempionatda 3-cü yerdəyik. Gərgin mübarizə gedir. Küveytin ən böyük 2 şəhərindən birində yaşayıram. Hər şey ürəyimcədir. İnsanlar burda isti münasibət göstərir. Xaricdə olmaqdan məmnunam. Ölkə xaricində futbolçu daha da inkişaf edir.

 

- Küveyt çempionatına gedəndə necə düşüncələrin var idi və nə ilə qarşılaşdın? Səni təəccübləndirən hansı amillər oldu?

- Sözün düzü, çempionatla tanışlığım yox idi. "Qəbələ" ilə razılıq əldə ediləndən sonra izləməyə başladım. Təəccübləndirən məqamlardan biri odur ki, klub prezidenti matç zamanı ehtiyat oyunçular skamyasında baş məşqçinin yanında əyləşir.

 

- Çempionatın səviyyəsi barədə məlumat verərdin. Azərbaycan Premyer Liqası ilə müqayisədə hansı fərqlər var?

- Bizim çempionatda daha çox texnika və komanda oyununa üstünlük verilir. Ərəb klubları da texnikalı olur. Küveytdə uzun toplara üstünlük verilir və sürətli oyun gedir.

 

- Əcnəbi futbolçuya necə münasibət göstərirlər?

- Yaxşı münasibət və maraq var. Rəhbərlik və azarkeşlər əcnəbilərə diqqət ayırır. Yerli futbolçular bir o qədər belə deyil. 

 

- Gələcəklə bağlı hansı planların var? 

- Bu günü düşünürəm. Gələcəklə bağlı planlar hər zaman dəyişə bilər. Buna görə də tələsmirəm.

 

- Milli komandaya dəvət alacağın günü gözləyirsən?

- Məncə, artıq vaxt yetişib. Bu dəvəti gözləyirəm.

 

- Rəşad Sadıqov, Tərlan Əhmədov, Samir Abasov, Ayxan Abbasov kimi yerlilərin adı milli komanda ilə hallanır. Millidə yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olmağını istəyirsən?

- Yerli məşqçinin tərəfdarıyam. Adları çəkilən məşqçilərin hər biri bu yükü qaldıracaq gücə və xarakterə sahib insanlardır.

 

Mehman Əşrəfov

Xəbər xətti