Bəxtiyar Musayev: “Rəşad Sadıqov millinin futbolçularının xarakterinə bələddir” - MÜSAHİBƏ

17:17 - 6 Mart 2020

Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev müsahibə verib.

 

Sportal.az 46 yaşlı mütəxəssisin müsahibəsini təqdim edir:

 

- Hələ ki, millimizə baş məşqçi seçimi olmayıb. Yerli, yoxsa əcnəbi mütəxəssis olsun deyə, çox müzakirə gedir. Sizin bu baradə fikriniz nədir?

- O qədər müzakirələr var ki. Əsas odur ki, milli komandaya kömək edə biləcək, tanıyan biri olsun. Çünki artıq vaxt gedir. Son zamanlar Rəşad Sadıqovun barəsində çox eşidirik. İdeal variant kimi Rəşadı dəyərləndirmək olar. Onun U-21-də işləyəndə nələr etdiyini, necə çalışdığını, bütün gününü bu komandaya həsr etdiyini görmüşəm. Gedib axtarış edirdi, futbolçulara baxırdı, özüm də hamısının şahidi olmuşam. Elə futbolçu var ki, hələ oynadığı vaxt görürsən ki, bunda nəsə var,  gələcək üçün də məşqçilik qabiliyyəti görünür. Bunu hər bir futbolçuya demək olmur. Amma Rəşadda bilinirdi.  Meydanda da lider idi, meydandan kənarda da. Yenə deyirəm, U-21-də nə cür çalışdığını görmüşəm. Hər gün gedib, bir oyunu izləyirdi, sonra o biri oyunlara baxırdı. Əvəzedici heyətin matçlarını izləyirdi. Buna görə onun bacarığına bələdəm. Bütün  kateqoriyaları da bildiyimə görə, yaxşı qiymətlərlə keçib. Məncə, Rəşad milli üçün doğrudan da yaxşı variant olardı. Mənim namizədim elə Rəşaddır.

 

- Ümumiyyətlə, əksəriyyət yerli məşqçilərin tərəfdarıdır. Əsasən də gənclərin. Ayxan Abbasovun da adı qeyd olunur.

- Bilirsiniz necədir, mən bircə Rəşadı demək istədim. Başqalarına aid nə isə söyləmək istəmirəm. Bütün yerli gənc məşqçilərimizə də uğurlar arzulayıram. Bir şeyi də qeyd edim ki, Qurban Qurbanov millidə işini davam etdirirdi. Sonra Nikola Yurçeviç gəldi. Yurçeviç də göstərdi ki, bu mərhələni çox bərbad keçdi. Bu da ola bilər ki, bəlkə, bir də Qurban Qurbanova müraciət olunsun. Əgər Qurbanov buna razı olsa, bu lap əla variant olar. Ancaq inandırıcı deyil. Yəni mənim şəxsi qənaətim budur.

 

- Gənc məşqçilərin adının çəkilməsi bəzən təcrübəli mütəxəssislərdə qıcıq yaradır. Məsələn, Ağasəlim Mircavadov son müsahibələrinin birində deyib ki, gənc məşqçilər klubunda nə nəticə qazanıblar ki, millidə çalışsınlar.

- Vallah, mən başqalarının adına nəsə deyə bilmərəm. Mənə elə gəlir ki, hər kəs öz işini layiqincə, sədaqətlə görməlidir. Kim yaxşıdır, ona yaxşı demək lazımdır. Ən əsası, hər kəs öz işi ilə layiqli, ürəkdən məşğul olsun, başqa şeylər güdmədən öz sözünü deyə bilsin. İşləyəndə də xeyirin dəyəcək, işləməyəndə də susmağınla ya da düzgün danışmağınla xeyrin dəyə bilər. Mən əminliklə Rəşadın adını çəkirəm. Bilmirəm, Ağasəlim müəllim  hansı fikirlə deyib. Burada bir yanlışlıq var. Çünki bir çox futbolçu görmüşük ki, karyerasını bitirən kimi məşqçiliyə başlayıb. Van Basten, Klinsmann... Özü də onlar ilk illərində yetəri qədər uğurlu olmuşdular.

 

- Belə fikirlər də səslənir ki, indiki vaxtda milli komanda elə vəziyyətdədir ki, nə yerli, nə də əcnəbi, ümumiyyətlə, baş məşqçi amili burada rol oynamır. Doğrudandanmı belədir?

- Çox doğru vurğulanıb ki, gərək, futbolumuzun, oyunçularımızın inkişafı üçün nəsə edək. Çünki meydançada olan oyunçulardır. Qapalı qutu kimi məşqçiləri gətirib, külli miqdarda pul ödəməkdənsə, həmin pulu layiqli yerlərə xərcləmək olar. Hamı da uşaq futbolundan danışır. Amma hamısı elə-belə danışıqlardır. Pul artıqdırsa, futbolun inkişafına, uşaq futboluna, yarışların təşkilinə, aşağı yaş qrupları üçün yaxşı şərait yaratmağa xərcləmək olar. Ən əsası da çempionatda komanda sayını artırmaq, futbolu bölgələrə daşımaq lazımdır. Gələn mövsümdən 10 komandanın olacağını deyirlər. Amma minimum 12 komanda olmalıdır. Dəyişiklik etmək lazımdır. Birdən-birə 4 komanda əlavə olunanda nə qəfər futbolçularımız oynaya bilər. Baxırıq ki, əvəzedici heyətləri də birini divizionla birləşdiriblər. Orada normal bir inkişaf olmayacaq. Məsələn, xaricdə 17 yaşlılar aşağı məktəblərdən gəlirlər. Artıq çox şeyi öyrənirlər. Əsas komandalarda da 17-18 yaşlılar 1 il oynayandan sonra 15-20 milyona satırlar. Çünki təməl yaxşı qurulub. Bizdə təməl də yaxşı deyil. Ona görə də Premyer Liqadakı komandaların sayını artırmaq lazımdır. O uşaqlar - 17, 18, 19 yaşlı futbolçular Premyer Liqada oynayıb, artıra bilərlər. Bu şəkildə biz uşaqları qazana bilərək. Yenə deyirəm, bölgələrə də futbolu daşımaq lazımdır. Zaqatalaya, Gəncəyə, Tovuza. Lənkəranda o cür stadion vardı, camaat gəlirdi. Bunları da düşünmək lazımdır. Onlar yenidən Premyer Liqaya qaytarılmalıdır. Bu yöndə AFFA, dövlət layihələr hazırlamalıdır.

 

- Yığmamızın Millətlər Liqasında rəqibləri müəyyənləşdi. Sizcə, millimiz Monteneqro, Kipr və Lüksemburqun yer aldığı qrupda nə edə bilər?

- Məncə, münasib rəqiblər düşüb. Aşkar favorit göstəriləsi komanda yoxdur. Təxminən bərabər səviyyəli yığmalardır. Monteneqronu bir qədər fərqləndirmək olar. Onların da üstünlüyü sırf klublarda oynayan futbolçuların daha səviyyəli olmasıdır. Onlarda da son zamanlar eniş hiss olunur. Biz əsas öz komandamıza fikir verməliyik. İnkişaf yollarını axtarmalıyıq. Pillə-pillə inkişaf etməliyik. Düzgün, yaxşı oyun olsa, nəticə də gələcək.

 

- Millimizin üzvləri Ramil Şeydayev və Emil Balayevin Azərbaycana qayıdışı birmənalı qarşılanmadı. Bu haqda nə deyə bilərsiniz?

- Bütün futbol adamları istəyərdi ki, onlar karyeralarına xaricdə, normal çempionatlarda davam etsinlər. Belə olanda milli komandamıza daha çox fayda verərlər. Amma təəssüf ki,  qayıtdılar. Yəqin ki, özləri də mətbuatda bildiriblər, istədikləri klublarla anlaşa bilmədilər deyə qayıdıblar. Ümid edirəm, çox qısammüdətli qayıdış olacaq. Arzu edək ki, çempionat bitəndən sonra yenidən onlara təkliflər olsun, gedib, inkişaf etsinlər.

 

- Bəlkə, onların yaxşı menecerləri olsaydı, başqa xarici klublara gedə bilərdilər?

- Düzdür, menecerlər indiki futbolda böyük rol oynayır. Amma əsas futbolçunun özüdür. İndi elə dövrə gəlmişik ki, hər bir oyunçu üçün belə bir vəziyyət yaranır. Onun hər bir oyununu izləmək olur. Əsas futbolçunun şəxsi göstəriciləridir. Menecer də hər futbolçuya bir təkandır (qol.az).

Xəbər xətti