“Qəbələ”nin israrı, “Zirə”nin dönüşü

15:30 - 9 Mart 2020

Premyer Liqada 20-ci tura yekun vuruldu. Günün ilk oyunlarda böyük hesbalı qələbələr qeydə alındı.

 

Əvvəlcə “Qəbələ” “Sumqayıt”ı qəbul etdi. Meydan sahibləri ötən tur paytaxtda “Zirə”ni məğlub etməklə vəziyyəti qismən düzəltmişdi. Son pillədən yaxa qurtarmaq üçün “qırmızı-qaralar” növbəti 3 xalı əldə etməli idi. Belə də oldu. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv meydanın hər qarışı uğrunda can qoydu, layiqli qələbə qazandı – 5:0. “Qəbələ” rəqibin səhvlərini bağışlamadı, meydanda istədiyi kimi oynadı.

 

Bir müddət öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamasında bildirmişdi ki, diviziondan elitaya 3 klub gəlsə, son pillənin sahibi premyer liqa ilə vidalaşacaq. Həmin vaxt “Qəbələ”ni 7-ci yerdən 7 xal ayırırdı. Görünür, qurum rəsmisinin sözləri futbolçuları motivasiya edib. Komanda son pillə ilə barışmadığını israr edir. Bölgəni təmsil edən, akademiyası ilə seçilən klubun elitada qalması ölkə futboluna böyük faydadır. “Sumqayıt”la qarşılaşmada komandanın 2 qolunu klubun öz yetirmələri vurdu.

 

undefined

 

“Sumqayıt” isə Ayxan Abbasovun rəhbərliyi ilə ən bərbad oyunlarından birini keçirdi. Bunu mütəxəssis mətbuat konfransında da dilə gətirdi. Mövsümün ikinci yarısına yaxşı başlayan “gənclik şəhəri” təmsilçisinin belə hesabla yenilməsi gözlənilməz oldu. Bu məğlubiyyət futbolçuları silkələməlidir. Baş məşqçi komanda ilə ciddi söhbət edib, onları yuxudan ayıltmalıdır. Məzmunlu oyun göstərən “Sumqayıt”dan əsər-əlamət yox idi.

 

Günü digər darmadağını paytaxtda qeydə alındı. Ötən tur “Səbail”lə görüşdə son saniyələrdə qələbəni əldən verən “Neftçi” “Sabah”a 4:0 hesabı ilə qalib gəldi. Meydan sahiblərinin oyunu istədiyi kimi alındı. “Ağ-qaralar” olduqca rahat qələbə qazandı. Baş məşqçi Füzuli Məmmədov bu oyuna komandanı yaxşı kökləmişdi. Hesab daha da böyük ola bilərdi. “Ağ-qaralar” qələbənin ardını gətirməyə çalışmalıdır. Komandanı lider “Qarabağ”dan 8 xal fərq ayırır. Sona 8 tur qalmış bu fərqi aradan qaldırmaq mümkündür. Görək, “Neftçi” bunu bacara biləcək?

 

 

Mövsümün ikinci yarısında daha yaxşı oynayan “Sabah” bu görüşdə olduqca inamsız idi. Ötən turla müqayisədə heyətdə dəyişikliklər edən, sistemdə fərqliliyə əl atan Jelko Sopiç seçimində yanıldı. Ağır məğlubiyyət xorvat mütəxəssisə növbəti turlar üçün dərs olmalıdır. Qarşıda 8 tur var və paytaxt təmsilçisinin ilk 4-lük üçün iddiası davam edir.

 

Digər qarşılaşmada son 4 turda uduzan “Zirə” mövsümün ikinci yarısını yaxşı keçirən “Səbail”in qonağı oldu. “Qartallar” nəhayət, bu oyunda 3 xala sevindi – 3:1. Qonaqlar qələbəni heç də asan əldə etmədi. “Səbail” bu görüşdə də meydanda yaxşı görünürdü. Lakin daha keyfiyyətli heyətə malik olan “Zirə” qələbəsiz oyunlar seriyasına son qoydu. Komanda 4-cü yerdəki “Sumqayıt”la xallarını bərabərləşdirdi.

 

 

“Səbail” məğlub olsa da, 4-cü yer uğrunda mübarizəni davam etdirəcək. Aftandil Hacıyev kasad heyətlə bu yolda xeyli çətinlik çəkəcək.

 

Tura “Keşlə” – “Qarabağ” oyunu ilə yekun vuruldu. Lider meydan sahiblərinə 2:0 hesabı ilə qələb gələrək, “Neftçi” ilə 8 xallıq fərqi qorudu. “Keşlə” 2-ci pillədəki “Neftçi”dən 7 xal geri qalmaqla gümüş medal arzularından uzaqlaşır. Aşağı pillələrdəki komandaların qeyri-stabil nəticələri Tərlan Əhmədovun kollektivinin 3-cü yerdə qalmağına səbəb olur.

 

Image may contain: 3 people, people playing sports and outdoor

 

Oyuna Con Kamara və Tural Bayramlısız çıxan “Keşlə” orta xəttdə rəqibinə aşkar şəkildə uduzdu. İtkilərə baxmayaraq, meydan sahiblərinin bir neçə qol epizodu oldu. Aleşandre Kriştovao və Vüsal İsgəndərli real qol epizodlarını dəyərləndirmədi. Həmin fürsətlərdən istifadə edilsəydi, “Keşlə” fərqli nəticə də əldə edə bilərdi.

 

“Qarabağ” bu qarşılaşmada yaxşı oyun nümayiş etdirdi. Abdullah Zubir Filip Ozobiç meydana daxil olana kimi hücumçunun arxasında oynadı. Elə ilk qolu da o vurdu. Yeni transfer Kvabena Ovusu Ağdam klubunda qolun vurulmasında ilk dəfə yaxından iştirak etdi. Qanalı hücumçunun ötürməsindən sonra Zubir dəqiq zərbə ilə hesabı açdı.

 

Digər qolu isə Filip Ozobiç rəqib qapısından keçirdi. Uzun müddət zədə səbəbindən oynamayan xorvat futbolçu bu mövsüm Premyer Liqada ilk qolunu vurdu. Qara Qarayev isə növbəti dəfə ideal qol ötürməsi etdi. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm bir neçə oyunda gözəl qol ötürmələri ilə diqqət mərkəzinə düşüb. Çempionluğa doğru gedən “Qarabağ” növbəti vacib 3 xalı xanasına yazdırmış oldu.

 

Mehman Əşrəfov

Xəbər xətti