Avropanın öndə gedən liqaları nə vaxt bərpa olacaq?

23:20 - 26 Aprel 2020

Koronavirusa görə dayandırılan Avropanın fubol liqaları qısa müddətdə bərpa olmayacaq.

 

Sportal.az xəbər verir ki, Almaniyada çempionatın bir qədər tez bərpa ediləcəyi ehtimal olunur. Almaniya Futbol Birliyinin rəhbəri Kristian Zayfert çempionatı may ayında bərpa edib, iyun ayında bitirmək istədiklərini açıqlamışdı: "Bizim üçün önəmli olan siyasi qurumların qərarıdır. Bundan sonra Bundesliqanın bərpa vaxtını müəyyən etmək bizlikdir. Almaniya höküməti mayın 9-da davam etməyimizi dəstəkləsə, hazırıq. Əgər hökümət bir gün sonra üçün qərar versə, yenə razıyıq".

 

İngiltərə Premyer Liqasının isə iyunun əvvəli bərpa ediləcəyi gözlənilir. Son olaraq, "The Times" nəşri Premyer Liqanın iyunun 8-də başlayıb, iyulun 29-da bitəcəyini yazıb.

 

İspaniyada da liqaların bərpa edilməsi planları hazırlanır. PFL-in prezidenti Xavyer Tebas mayın 28-dən sonra çempionatı davam etdirmək ehtimalının olduğunu demişdi.

 

Koronavirusun geniş yayıldığı İtaliyada mayın 18-dən komandalar məşqlərə başlayacaq. Ölkənin baş naziri Cüzeppe Konte bu barədə məlumat verib.

 

Fransada çempionatın iyunun 12-də bərpa edilib, iyulun 25-də bitəcəyi gözlənilir. Martın 10-da dayandırılan 1-ci liqanın bitməsinə 10 tur qalıb.

 

Niderlandda isə futbol mövsümü ləğv edildi. Əgər UEFA təsdiqləsə, avrokuboklara vəsiqələr hazırkı turnir cədvəlinə əsasən olacaq: lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci pillədəki “AZ Alkmar” ÇL-in 2-ci təsnifat mərhələsində, 3-cü yerdəki “Feyenoord”  Avropa Liqasının qrup mərhələsində, növbəti yerlərdəki PSV və “Villem II” isə AL-nin 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

 

Niderlandın qonşusu Belçikada da eyni qərarın veriləcəyi gözlənilir. Ölkədə sərt karantin qaydaları tətbiq edildiyi üçün yarışların bərpası mümkün görünmür. Yekun qərar mayın 4-ü açıqlnacaq.

 

 

Xəbər xətti