Füzuli Məmmədov: "Çempionatı bu vəziyyətdə davam etdirmək çətin olacaq"

00:14 - 14 İyun 2020

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov "Qəbələ” ilə yoxlama matçından (2:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, o, oyun təcrübəsini geri qaytarmaq baxımından yoxlama oyunlarının önəmli olduğunu vurğulayıb:

 

"İki gün əvvəl də yoxlama görüşü keçirmişdik. Bununla həm komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq, həm də çempionat oyunları arasında fasilənin az olacağını nəzərə alıb futbolçuların bu gərginliyə uyğunlaşmasını istəyirik. Bugünkü matça gəlincə, maraqlı oldu, hər iki komanda yaxşı oyun göstərdi. Təəssüf ki, bir-iki futbolçumuz yüngül də olsa zədələndi. Buna baxmayaraq, oyun təcrübəsini geri qaytarmaq baxımından belə görüşlər önəmlidir. Əzmkarlıq göstərdiklərinə görə hər iki komandanın üzvlərinə təşəkkür edirəm”.

 

O, 7 əvəzləmə etdiklərini bildirib: Gənc, təcrübəsiz futbolçunun belə oyunlarda zədə alması xoşagəlməz olur. Ona görə də onları riskə atmaq istəmədik. İndiki halda komanda üç gündən bir oynamağa tam hazır deyil. Qısa fasilələr futbolçular üçün çox təhlükəlidir. Ona görə də keçən dəfə Platellas, bu dəfə isə Monroz zədələndi. Mikrozədələr olsa da, hər halda, zədədir. Maksimum çalışırıq ki, komandamız gərginliyə hazır olsun. Əminliklə deyə bilərəm ki, fiziki baxımdan tam hazır olmayacağıq. İki gündən bir oyun salırıq. Bu isə o deməkdir ki, komandanı çempionat matçlarına hazırlayırıq.

 

Məmmədov da çempionatın davam etdirilməsinin tərəfdarı olduqlarını söyləyib: "Komandanı da buna kökləyirik. Lakin məşqlərin bu səviyyədə getməsi futbolçuların çempionata hazır olmasına imkan verməyəcək. Çempionatı bu vəziyyətdə davam etdirmək komandamız üçün çətin olacaq”.

Xəbər xətti