“Elxan Məmmədovu ancaq yığma ətrafında qurduğu “biznes” maraqlandırır”

18:18 - 17 İyul 2020

Yığmanın yeni çalışdırıcısının kimliyi artıq məlumdur. Sportal.az xəbər verir ki, italyan Canni De Byazi 2021-ci ilin sonuna kimi sükanı arxasında olacaq.

 

Bir daha xatırladaq ki, ölkənin əsas komandasının baş məşqçi vəzifəsi ətrafında italyan mütəxəssisdən başqa iki namizədin də adı hallanırdı. Onlardan biri Roy Kin, ikincisi isə Arif Əsədov idi.

 

İcraiyyə Komitəsinin onlayn iclasından sonra yayılan söz-söhbətə inansaq, komitənin 13 üzvündən 8-i De Byazinin təyinatını dəstəkləyib. Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev, Zaur Axundov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehtiyeva Albaniya yığmasını AÇ-2016-nın final mərhələsinə daşıyan məşqçinin lehinə səs veriblər.

 

Qalan 5 üzv – Vaqif Cavadov, İsgəndər Cavadov, Kazbek Tuayev, Firudin Qurbanov və Fərid Mansurov isə yığmanı Arif Əsədovun çalışdırmasını istəyib.

 

Səsvermənin nəticələrindən də görmək olar ki, artıq İcraiyyə Komitəsində təmsil olunan veteran futbolçular AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun diqtəsi ilə oturub-durmaq istəmirlər.

 

Futbol təsərrüfatının rəhbərliyində təmsil olunan, ancaq futboldan dərindən anlayışı olmayan digər İK üzvlərindən fərqli veteranlar artıq başa düşüblər ki, Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç kimi əcnəbi mütəxəssisləri yığmanın baş məşqçi postuna dəvət etməklə heç nə dəyişməyəcək.

 

Azərbaycanlı Əli nə braziliyalı kimi texniki cəhətdən “virtuoz” olacaq, nə almanlar kimi hakimin start fitindən final kimi dayanmadan mübarizə aparcaq, nə də xorvatlar kimi universallığı ilə seçiləcəklər.

 

Yığmaya yerli mentallığı bilən, futbolçuları yaxından tanıyan məşqçi rəhbərlik etməlidi. Arif Əsədov boş qalan posta ən düzgün seçim olardı.

 

Bəs görəsən, futbol veteranları, mütəxəssislər yeni təyinatla bağlı hansı fikirdədilər? Onlar Canni De Byazinin millini yeni səviyyəyə qaldıracağına inanırlar, yoxsa “köhnə hamam, köhnə tas “olacağını düşünürlər? (Futbol+)

 

Novruz Əzimov: “Elxan Məmmədov növbəti dəfə istəyinə çatıb yığmanın baş məşqçi postuna əcnəbi mütəxəssis dəvət etdi. Niyə, nədən ötrü? Dəfələrlə açıqlamalarımda, müsahibələrimdə bildirmişəm ki, bu adamı ancaq yığma ətrafında qurduğu “biznes” maraqlandırır. Sanki Məmmədovun yerli məşqçilərə, veteran futbolçulara antipatiyası var. İtalyan mütəxəssis mətbuata açıqlamasında avqustun əvvəlində Bakıya gələcəyini söyləyib. Millətlər Liqası isə sentyabrın 5-də start götürür. Sizcə, 35 günə Canni De Byazi yığmanı həmin turnirə hazırlaya biləcək? Bu qeyri-mümkündü. Nə o futbolçuları tanıyır, nə də futbolçular onu. Milli ən azı onun rəhbərliyi altında iki-üç dəfə toplanış keçməlidi ki, baş məşqçinin nə tələb etdiyini, onun oyun fəlsəfəsini anlasınlar. İndi belə imkan yoxdu. Onu da nəzərə alın ki, martdan bəri ölkədə futbol yoxdu. Niyə Arif Əsədova imkan verilmədi? Ən azı Əsədov neçə vaxtdı yığmadadı, komandaya potensial namizədləri yaxından tanıyır, kimin nəyə qadir olduğunu italyandan yaxşı bilir. Sabah Millətlər Liqasında uğursuzluq yaşananda adını qoyacaqlar ki, De Byazi yeni gəldiyindən komanda üzvlərini yaxından tanımırdı və buna görə də işi alınmadı. 2021-ci ildə də başqa ad qoyub onunla yolları ayıracaqlar. Belədə növbəti milyonlarla yanaşı, daha bir neçə ili boşa vermiş olacağıq.

 

Əslində ölkə futbolunun bu günə düşməsində, Məmmədovun bu sahədə “at oynatmasında” ən böyük günah biz veteranlardadı. Bizim sayımız çox olsa da, bir araya gəlib eyni nöqtəyə yumruq vurmuruq. Belə edə bilsək, icraçı vitse-prezident də bizi sayar, hansısa qərar verməmiş fikrimizi öyrənər. Bu ilin fevralında veteranların toplantısı keçirildi, AFFA-nın icraçı vitse-prezidenti də orda iştirak edirdi. O çıxışında bildirdi ki, veteran futbolçular klublarda işlə təmin olunmalıdılar. Ancaq nə oldu? Heç nə. Hər şey kağız üzərində qaldı. Vaxtilə “Neftçi baza”nın divarlarına yaxın düşə bilməyənlər bu gün premyer-liqa klublarında rəhbər vəzifərlər tuturlar, həyatını futbola həsr edənlər isə kənarda qalıblar. Məhz buna görə də bu gün ölkənin əsas komandasına baş məşqçi təyinatı zamanı futbol ictimaiyyətinin rəyi nəzərə alınmır, Məmmədov və onun çevrəsinə daxil olanlar yeni əcnəbi məşqçi dəvət etməklə növbəti dəfə öz “biznes”lərinin çiçəklənməsinə şərait yaratdılar. Mən, Mehman Allahverdiyev, Nazim Süleymanov kimi veteranlar isə kənarda qalmışıq. Uzun illər “Neftçi”nin uğurları üçün tər tökməyimizə baxmayaraq, veteranlara düşən təqaüdü belə bizə vermirlər. Açığı, heç bilmirəm, təqaüd nə qədərdi. Sadəcə, mənə yer edən odu ki, biz kənarda qala-qala, futboldan anlayışı olmayanlar bu gün futbolda söz sahibidilər. Veteranlar iş bacarmır? Bacarır və dəyərli fikirlər də irəli sürürlər. Ancaq AFFA rəhbərliyi onları dinləmək istəmir. Oqtay Abdullayev- Nadir Nəbiyev cütlüyü “Turan Tovuz”u son 4 ildə iki dəfə birinci divizionun qalibi etməyi bacardılar. Bu ondan irəli gəlir ki, hər ikisi futbol adamıdı, bu sahəni dərindən bilirlər. Musa Qurbanov “Zaqatala”ya gedəndən sonra bu bölgə təmsilçisi daim iddialılar arasında yer alır. Bizlər futbolu da bilirik, idarəetməni də bacarırıq. Ancaq nədənsə Elxan müəllim bizi qəbul etmir, özünü hamıdan ağıllı sayıb, ölkənin əsas komandasında əcnəbinin olmasını istəyir. Yenə deyirəm, komandanı tanımayan, tanımaq üçün vaxtı olmayan məşqçidən necə uğur gözləmək olar? De Byazinin yığma ilə nəyəsə nail olacağına inanmıram. İlyarım da belə boşa veriləcək”.

 

Yunis Hüseynov: “Ümid edək ki, Canni De Byazi yığmada çalışdığı dönəmdə uğurlu nəticələrlə bizləri sevindirəcək. Hamı bilir ki, mən həmişə millini yerli məşqçinin çalışdırmasının tərəfdarı olmuşam. Ancaq italyan mütəxəssisin Albaniya yığmasını AÇ-2016-nın final mərhələsinə daşıması məndə ona inam yaradıb. Elə hesab edirəm ki, bizim komanda ilə də yaddaqalan tsikl keçirəcək. Təbii ki, onun üçün çətin olacaq. Pandemiya ilə bağlı dörd aydan çoxdu ölkədə futbol yoxdu, futbolçular oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ancaq 4 klubumuzun artıq məşqlərə başlaması, yığmanın oyunları ərəfəsində avrokuboklarda çıxış müsbət yöndə təsir göstərəcək. Məncə, düzgün seçimdi və gələcək üçün atılmış addımdı”.

Xəbər xətti