Yeni tarixi yol

18:18 - 19 Avqust 2020

“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu mübarizədən kənarlaşdırmağı bacardı. Ağdam təmsilçisi oyuna favorit qismində çıxmışdı və bunu 4:0 hesablı qələbə ilə sübut etdi.

 

Düzdür, hesab fərqi böyük olsa da, “köhlən atlar”ın oyununda müəyyən boşluqlar görünürdü. Bu da komandanın mart ayından rəsmi oyun keçirməməsi ilə bağlıdır.

 

 

Yeni transferlərdən Uroş Matiçin yaxşı səviyyəyə malik olduğu görünürdü. Meydanın mərkəzində Riçard Almeyda və Miçelin yoxluğunun hiss olunmayacağını deyə bilərik. Matçda iki məhsuldar ötürmə edən Filip Ozobiç ağır zədədən sonra formasını yığmağa davam edir. Bundan əlavə, Qara Qarayev də cəzasını başa vurub.

 

Donald Gerye üçün isə komandaya uyğunlaşmaq çətin olmamalı idi və bunu da ilk oyunda göstərdi. Müdafiəçi Kevin Medina və Bədavi Hüseynovun tandemi isə hələ istənilən səviyyədə deyil. Çünki “Sileks” bir neçə dəfə “Qarabağ”a təhlükə yaratmağı bacardı. Təbii ki, Rəşad Sadıqov kimi lider futbolçunun boşluğunu doldurmaq çətindir. Oyundan-oyuna Hüseynovla Medinanın daha yaxşı anlaşacaqlarını gözləmək olar.

 

 

Start heyətdə yer alan İsmayıl İbrahimli və oyunun gedişində meydana daxil olan Elvin Cəfərquliyev üçün bu matç yaxşı təcrübə oldu. İbrahimli ötən mövsüm Avropa Liqasında iki oyun keçirsə də, Çempionlar Liqası həyəcanını ilk dəfə yaşadı. Ötən mövsüm icarə əsasında oynadığı “Sumqayıt”da “bişən” Cəfərquliyev oyuna girən kimi yaxşı fürsət qazansa da, təcrübəsizliyi daha yaxşı qərar verməsinə mane oldu. Əlbəttə, gənclər getdikcə daha da təcrübəli olacaqlar.

 

Ən mənfi məqam isə matçın azarkeşsiz keçirilməsi idi. Koronavirus pandemiyasına görə təsnifat oyunlarının belə keçirilməsi qərara alınıb. II təsnifat mərhələsində də evdə oynayacaq “Qarabağ” yenə boş tribunalar önündə meydana çıxacaq. Belə vəziyyətdə isə meydan sahibi və ya qonaq komanda olmağın ciddi önəmi qalmır. Nəzərə alaq ki, “Qarabağ”ın Avropadakı uğurlarında düzgün sistemlə yanaşı, azarkeşlərin də böyük dəstəyi əhəmiyyətli rol oynayıb.

 

Qarşısına böyük hədəflər qoyan “köhlən atlar”ın bir qədər də güclənməyə ehtiyacı var. Nüfuzlu yarışda alternativ və kreativ oyunçular çox olarsa, komanda üçün müsbət amildir. Ötən mövsüm ağdamlılar heyətin kasad olmasına görə Avropa Liqasında qrup mərhələsini keçə bilməmişdi.

 

İctimaiyyət Azərbaycan futbolunun ağırlığını daşıyan “Qarabağ”ın bu mövsüm də avrokubokların qrup mərhələsinə düşməsini arzu edir. “Qarabağ” son 6 mövsüm qrup mərhələlərində çıxış edib. Təmsilçimiz qrup mərhələsini hələ ki keçə bilməyib, amma Qurban Qurbanov və kollektivi bu yolda böyük təcrübə yığıb.

 

Yeni tarixi yolun başlanğıcı “Qarabağ” üçün uğurlu alındı. Uğurlu çıxışın ardının gələcəyinə inanırıq.

 

Mehman

Xəbər xətti