Antalya toplanışı olsun, olmasın? ARAŞDIRMA

18:52 - 26 Dekabr 2020

Azərbaycanda futbol mövsümü yarılandı. Premyer Liqanın XIII tur oyunlarından sonra komandalar istirahətə buraxılıb. Mövsüm yanvarın 21-dən davam etdiriləcək. Əvvəlcə 2-ci dövrəni tamamlamaq üçün. Növbədə isə klubların qış hazırlığıdı.

 
Hələlik rəsmi olaraq komandaların harda toplanış keçəcəyi açıqlanmayıb. Bir o bəllidi ki, yanvarın əvvəlindən məşqləri bərpa edəcəklər. Ümumi açıqlamalar bu istiqamətdədi ki, bütün komandalar ölkə daxilində hazırlaşmaqla, burda yoxlama oyunları keçirməklə kifayətlənəcək. Çox güman ki, belə də olacaq.

 
Klublarla əlaqə saxlayıb, xaricdə təlim-məşq toplanışı keçmək üçün əsas maneələri soruşduq. Elita təmsilçiləri ən çox iki əsas məqamı qeyd edir:

 
1. Koronavirus.
2. Vaxt azlığı.
 

Koronavirusla bağlı vəziyyət bəllidi – problem var və futbol sahəsi bundan ən çox əziyyət çəkənlərdəndi. Azərbaycanda isə xüsusilə çətinliklər yaradıb: ötən mövsümün yarımçıq dayandırılmasından bu ay yaranmış 20 günlük fasiləyə, çempionatın bir turunun və kubokun 1/8 final oyunlarının gələn ilə təxirə salınmasınadək. Bəs indiki məqamda koronavirus xaricdə toplanış keçməmək üçün böyük əngəldimi?

 
Hesab edirik, yox. Klublar bunu əsas gətirir ki, yoluxmalar olacaqsa, xaricdə toplanış əhəmiyyətsiz bir şeyə çevriləcək. Ancaq artıq Azərbaycan futbolunda kütləvi yoluxma dövrü geridə qalıb. Dekabrın əvvəlində demək olar ki, bütün komandalarda azı 5-6 koronavirus xəstəsi var idi. İndi isə ya ümumiyyətlə yoxdu, ya da tək-tükdü. Futbolçuların böyük əksəriyyəti xəstəliyi keçirib, təkrar yoluxma ehtimalı isə azdı. Bundan sonra klublarda xəstə sayının çox olacağı gözlənilmir. Baş versə belə, Azərbaycanda və ya xaricdə elə böyük fərq etməyəcək. Çünki futbolçular istirahətə buraxılıb, ölkəsinə gedən legionerlər olacaq, virusla bağlı nəzarət çətinləşəcək və bu da yeni yoluxmaların hər bir halda olacağı deməkdi.

 
Digər tərəfdən, koronavirus bu qış Antalyada toplanış keçmək yaxın ölkələrin komandalarına mane olmayacaq. Bu barədə “FutbolPress”ə xarici klublar üçün Antalyada kamplar təşkil etmək üzrə ixtisaslaşmış “Enda Tour” şirkətinin direktor müavini Kadir Sırt bildirdi. “MDB məkanından toplanış üçün müraciət edən klublar varmı?” sualını o, belə cavablandırdı?


 “Bəli, keçmiş SSRİ ölkələrindən gələnlər olacaq. Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan və digər ölkələrdən danışdığımız klublar var. Təbii ki, əvvəlki kimi deyil, ancaq bu il gözlədiyimizdən bir az daha yaxşı olacağını ehtimal edirik. Neçə komandanın gələcəyini demək çətindi. Yeni rezervasiyalar olur, dəyişikliklər baş verir. Ona görə indidən neçə klubun toplanış keçəcəyini demək mümkün deyil”.
 
Bəs koronavirusla bağlı hansı tədbirlər görüləcək? Kadir bəy sualı belə cavablandırdı:

 
“Otellər onsuz da həm turistlər, həm də digər qonaqlar üçün lazımi koronavirus tədbirlərini görüb. Buna restoranda yerləşmə, yeməklərin götürülmə sistemini misal göstərə bilərik. Əlavə olaraq onsuz da bütün girişlərdə lazım olan yoxlamalar aparılır. Bundan başqa, oyunların təşkilində və oynanılmasında sadəcə mütəmadi olaraq COVID testindən keçən şəxslər iştirak edəcək və başqa heç kəs buraxılmayacaq”.

 
Göründüyü kimi, koronavirus Antalyada toplanış keçmək üçün böyük maneə deyil. Necə ki, yaxın ölkələrin təmsilçilərinə - Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan klublarına olmur...

 
İkinci əsas səbəb kimi göstərilən vaxt azlığı məsələsi ciddi problemdi. Klubların yanvarın 21-nə qədər zamanı var. Bu tarixdə çempionatın XIV tur oyunları keçiriləcək, ardınca kubokun 1/8 final matçları oynanacaq, bundan sonra millinin toplanışı üçün fasilə yaranacaq və fevralın ikinci 10 günlüyündə III dövrə başlayacaq. Öncəki planlaşdırmaya görə klubların fevralın əvvəlinə qədər vaxtı var idi, XIV tur və kubok oyunlarının araya girməsi ilə təxminən 10 günlük kəsinti yaranıb və bu da təlim-məşq toplanışı keçməyə mane olur.

 
Xaricdə kamp üçün bir nəçə həftə öncədən məkan, otel, məşq ediləcək meydançalar, yoxlama oyunları keçiriləcək rəqiblər müəyyənləşdirilməlidi və s. 2-3 gün ərzində qərar verib toplanışa yollanmaq faktiki mümkün deyil. Təqvimdə dəyişiklik edilsə və araya girən oyunlar daha sonraya keçirilsə, klublar üçün bir imkan yaranardı. Bu varianta da Peşəkar Futbol Liqası açıq qapı qoymur. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev təqvimdə hər hansı dəyişikliyin gözlənilmədiyini söyləyir:

 
“Klublar üçün az vaxt qalmasının səbəbi çempionatdakı dayanma oldu. Hələ oynanılmayan bir tur var. Üstəlik, Kubokun 1/8 final qarşılaşmaları da keçirilməlidi. Onlar mövsümün ikinci yarısı başlayana qədər oynanmalıdı ki, sonradan təqvimdə sıxlıq olmasın. Buna görə məcburiyyətdən belə qərar verdik. Digər tərəfdən, ikinci yarı başlandıqdan sonra növbəti aylarda virusla bağlı vəziyyətin necə olacağını heç kəs bilmir. Bəlkə, yenə təxirəsalmalar, dayanmalar oldu. Ona görə maksimum çalışırıq oynanılmayan matçları keçirək ki, qarşıda daha çətin duruma düşməyək. Biz bu təqvimi klublarla birgə müzakirə edərək qəbul etmişik. AFFA-nın təşəbbüsü, PFL və klub rəhbərləri, baş məşqçilərin iştirak etdiyi müzakirələrdə əsas mövzu məhz təqvimlə bağlı idi. Ən optimal variant kimi bunu gördük. Ona görə də təqvimdə hər hansı dəyişiklik gözlənilmir. Mövsüm yanvarın 21-dən davam edəcək”.

 
Deməli, praktiki olaraq klubların ölkə xaricində toplanış keçməsi mümkün deyil. Ötən yay olduğu kimi, yenə burda qalacaq və bir-biri ilə yoxlama matçları keçirməklə kifayətlənəcəklər. Bunun onların hazırlığına mənfi təsir edəcəyinə şübhə yoxdu. Hətta ən optimal variantda– 2-3 həftəlik Antalya toplanışlarından, güclü sparrinqlərlə oyunlardan sonra belə, komandaların formaya düşməsi üçün azı 3-4 tura ehtiyac yaranırdı. Alayarımçıq hazırlıqla isə bu müddət daha da uzanacaq, komandalara əlavə problemlər yaradacaq, fəsadları çox olacaq.

 
Əslində, klublar üçün bir alternativ də mövcuddu. Ki, bunu gözardı etmək olmaz. Ok, xaricdə toplanış keçmək mümkünsüzdü, ancaq yoxlama oyunları üçün getmək problem olmamalıdı. Bu, kamp qədər böyük vaxt tələb etmir, təşkili də daha asandı. Artıq qeyd etdik ki, Antalyada müxtəlif ölkələrdən komandalar olacaq. Azərbaycan təmsilçiləri də qısa müddətli səfər edib, 2, hətta 3 yoxlama oyununda qüvvəsini sınaya bilər. Ancaq klublar sanki koronavirus, vaxt azlığı kimi problemlərin üstünə gedib, həll yolları axtarmaqdansa, onlardan qaçmağa, yayınmağa çalışırlar. Heab edirik ki, yoxlama matçları üçün səfər real variantdı və elita təmsilçiləri bu məsələni düşünməlidi.

 
Faiq Tahirov (futbolpress.az)

Xəbər xətti