"Mövsümün ikinci yarısında daha güclü "Zirə" görəcəksiniz"

13:41 - 27 Dekabr 2020

“Zirə” klubunun kapitanı Ağabala Ramazanovun müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ”a qarşı 2 top fərqi ilə önə keçsəniz də, sonda 2:3 hesabı ilə məğlub oldunuz. Nə baş verdi?
- Bəlkə də, bu, çempionatın ən maraqlı oyunu oldu. Həm sürət, həm də qollar baxımından qarşılaşma dramatik keçdi. Hesabda önə keçdikdən sonra məğlub olmaq futbolun içində olan hadisələrdir. Qələbə qazanmağı çox istəyirdik, ancaq təəssüf ki, alınmadı.

 

- Bəlkə 2:0 hesabı ilə önə keçdikdən sonra futbolçularda arxayınlıq yarandı?
- Arxayınlıqdan söhbət gedə bilməz. Çünki rəqibin kim olduğu bizə aydın idi. Matça da çox yaxşı köklənmişdik. Öz səhvlərimizdən məğlub olduq. Amma heç nə bitməyib. Qarşıda bizim daha gözəl oyunlarımız və uğurlu nəticələrimiz olacaq.

 

- Görüşün qırılma anı hansı qol oldu?
- Kiminsə fərdi səhvinə görə uduzmadıq. Oyunumuzu baş məşqçi təhlil edəcək və öz sözlərini bizə deyəcək.

 

- Sarı vərəqə aldığınız epizodda hakimlə mübahisə etdiniz. Həmin anda narazılığınız nəyə idi?
- Açığı, o epizodla bağlı fikir bildirmək istəmirəm. Oyunda emosiyalar hədsiz dərəcədə yüksək olur. Bu mənada ola bilər ki, hansısa fikir bildirmişəm.

 

- Son 3 turda 2 xal qazandınız. “Neftçi” ilə heç-heçə və “Qarabağ”a məğlubiyyət, bəlkə də, başadüşüləndir. Ancaq “Sumqayıt”la da bərabərə qaldınız. Son turlarda komandada eniş var idimi?
- Xeyr, hər şey qaydasındadır. İtirdiyimiz xallara görə təəssüflənirik. Ancaq əl-qolumuzu yanımıza salıb, təslim olmaq fikrində deyilik. Heç bir rəqibdən çəkinmirik. Yeni ildə daha çox oyunlarımız olacaq. “Zirə” gündən-günə inkişafdadır. Ümid edirəm ki, mövsümün ikinci yarısında daha güclü “Zirə” görəcəksiniz.

 

- “Zirə”nin heyəti yayda, demək olar ki, sıfırdan yığılıb. Qısa müddətdə uğurlu çıxışınız sürpriz oldu. Bunun sirri nədədir?
- Olduqca tələbkar baş məşqçimiz var. Kollektivimiz də çox mehribandır. Hər kəs işinə ciddi yanaşır, üzərinə düşən məsuliyyəti dərk edir. Mövsümün sonuna qədər də belə davam edəcəyik.

 

- Komandanızı mövsümün sonunda neçənci yerdə görürsünüz?
- Ən yüksək pillələr uğrunda sona qədər mübarizə aparacağıq, canımızı ortaya qoyacağıq.

 

- Premyer Liqada 5 qol vurmusunuz.  Şəxsi planda mövsümü sizin üçün uğurlu saymaq olar, yoxsa daha yaxşısını edə bilərdiniz?
- Mövsümün ilk turunda zədələndiyim üçün çempionatın 4 oyununu buraxmaq məcburiyyətində qaldım. Amma toparlanmağı bacardım. Bunda mənə məşqçilər korpusu və komanda yoldaşlarım kömək oldular, daim mənə inandılar. Bu qollar da onların dəstəyi nəticəsində vuruldu (apasport.az).

 

Xəbər xətti