Samir Abasov: "Onlar mənim oyun tərzimə uyğun deyil"

20:20 - 7 Fevral 2021

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" - "Neftçi" (0:0) cavab oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, iki oyunun nəticəsinə görə 0:1 uduzaraq turnirdə mübarizəni dayandıran "ağ-qaralar"ın çalışdırıcısı matçı belə dəyərləndirib:

 

- Üzüldüyüm sadəcə mərhələ keçə bilməməyimizdi. İki oyunda ümumilikdə qapımıza cəmi bir top gəldi. Onda da Səlahətin əlindən çıxdı top və qol buraxdıq. Futbol bəxti bu olsa gərək. Oyunda üstünlük bizdə idi. Üzümdən də görürsüz, zərrə qədər də heyfsilənmək yoxdur. Bu gün meydanda super "Neftçi" var idi. Uğurlarımız gələcək. Bəzi məqamlar varki, onları dəyişməliyik, bunun üçün də yayı gözləməliyik. Bu gün Monroz tam hazır deyildi, amma ondan da razı qaldım. Məncə, pis deyil, hər şey yaxşıdı.

 

- "Neftçi"nin bu gün hücumçusuzluqdan əziyyət çəkdiyini düşünmürsüz?
- Pis futbolçu yoxdu. Təklif olunan futbolçular var, lakin onlar mənim oyun tərzimə uyğun deyil. Onları götürməsəm də, oynaya bilərəm. Ümumi komanda şəklində hücumda iştirak etməliyik. Bəzi məqamlar var ki, hücumçu öz üzərinə götürməlidi. Bu oyunda biz bunun yoxluğunu hiss elədik. Biz demirik ki, Mirabdulla pisdi, yox. Sadəcə, tək onunla da alınmır.

 

- Qapıda yenidən Səlahətin olması nə ilə bağlı idi?
- Həvəsdən düşməməlidi. Bu gün də eyni səhvi edə bilərdi. Mən bütün məsuliyyəti öz üzərimə götürdüm.

 

- Növbəti oyun "Qarabağ"ladı. Psixoloji durumu necə düzəldəcəksiz?
- Bu oyun göstərdi ki, yaxşı yoldayıq. Sadəcə, bir az zaman lazımdı. Psixoloji durumumuzu düzəltməliyik. İnandırım sizi, çox yaxşı olacağıq. Bizə bir az vaxt lazımdı. "Qarabağ"ı yaxşı tanıyırıq, bizə çətin olacaq. Nəticə nə olur olsun, düzələcəyik. Bu gün mən rəhbərlikdən vaxt istəmirəm, lakin hamı anlamalıdı.

Xəbər xətti