"AFFA və De Byaziyə heç bir güzəşt olmamalıdır"

16:16 - 16 Mart 2021

"Azərbaycan futbolu elə günə salınıb ki, onsuz da milliyə futbolçu seçimi imkanları minimumdur. Milyonlar yedizdirilən, bəh-bəhlə müqəddəs pasport verilən eddillərə də artıq ehtiyac duyulmur. Hesabat istəyən, sorğu-sual edən də yoxdur. AFFA ideoloqlarının kefləri nə istəyir, onu da edirlər. Bir il deyil, iki il deyil, 10-15 ildir eyni ssenari davam edir".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib. Milli komandamızın Portuqaliya və Serbiya ilə oyunları üçün açıqlanan heyətinə münasibət bildirərək, De Byazinin gələndə başqa indi isə başqa fikirlər səsləndirdiyi deyib:

 

"Millətlər liqasında düşmənlərin qrup liderliyi fonunda millinin fiaskosuna nəsildəyişmə, gəncləşdirmə adıyla don geyindirdilər. İndi ənənəvi qrup daha güclüdür. Yığmaya kimlərin çağırılmasından asılı olmayaraq, imza baş məşqçi Canni De Byazinindir. Görünən odur ki, italyan Azərbaycana gələndə fərqli danışırdı, indi yarıtmaz futbol sisteminə uyğun söz deyir, açıqlamalar verir. "Portuqaliya millisi bilmir ki, biz onları udmaq istəyirik" açıqlaması lap "evin açarlarını daşın altına qoymuşam, birdən götürərsiz" lətifəsinə bənzəyir. Portuqallar da bilmirdilər, indi bildilər. De Byazi rəqibə "xox" gələrək, yatmışdılarsa, oyadıb, artıq oyuna kökləyib".

 

Süleymanov layiq olduğu haldı milliyə dəvət almayan futbolçuların olduğunu bildirib:

 

"Hər bir məşqçinin öz futbol fəlsəfəsi, oyunçu seçimi var. Bəllidir. Bəlli olmayan Azərbaycan futbolunun inkişaf strategiyasının olmamasıdır. Çox əcnəbi məşqçilər gətirilib yola salınıb, illər itirilib. Bu sıkl da növbəti belə bir gediş olacaq. Heyətə baxdıqda tək Ağabala Ramazanov milliyə çağırılmaması deyil, kənarda qalan başqa futbolçular da var. Azərbaycan futbolunda mövqelər üzrə müqayisə etdikdə, tarixən yarımmüdafiəçi bolluğu olub. Hazırkı seçimdə ən təcrübəlilər Qara Qarayevlə Emin Mahmudovdur. "Neftçi"nin kapitanı milliyə çağırılsa da, start heyətində az yer alır, güvənilmir. Ardıcıl 3 oyunluq proqramdır. Oynayacaqları halda, bu futbolçular zədələnsə, cəzalı duruma düşsə, milli orta xətdə lider, oyunu nizamlaya biləcək futbolçu problemi üzləşəcək. İndiki durumda stabil çıxışı, təcrübəsi ilə seçilən Rahid Əmirquliyev, formasını bərpa edən Riçard Almeyda düşərgəyə çağırıla bilərdi. Bu mövqelərə daimi oynamayan futbolçuların çağırıldığını görürsən. Avropa ölkələrində çıxış edib ehtiyatda qalsaydılar, yenə anlayışla qarşılana bilərdi. Söhbət ölkə çempionatında əsas heyətdə davamlı oynamayan, formada olmayan oyunçulardan gedir. Eynilə namizədlər arasında Vüsal Isgəndərli də ola bilərdi".


O, "Neftçi"dən az futbolçunun milliyə dəvət almasından da danışıb:

 

"Qarabağ" öz yerində, "Neftçi" ilə müqayisədə "Sumqayıt", "Sabah"dan ümumilikdə 3-4 dəfə(!) daha çox futbolçunun dəvət edilməsi, AFFA-De Byazi cütlüyünün birgə əməyinin məhsuludur. Azərbaycan millisi hər birimizindir. Seçimlərdən asılı olmayaraq qrup oyunlarında ancaq uğurlar arzulamaq qalır. Məsuliyyəti federasiya və məşqçilər korpusu daşıyır. Kifayət qədər imkanlar yaradılıb, şans verilib. Nə AFFA-ya, nə də baş məşqçiyə heç bir güzəşt olmamalıdır" (sportinfo.az).

Xəbər xətti