Qurban Qurbanov: "Çempion olub-olmamağımız büdcəyə təsir etməyəcək"

20:30 - 16 Aprel 2021

Azərbaycan Premyer Liqasında XXIII turun “Səbail” – “Qarabağ” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Oyunun əvvəlində 2 itki ilə üzləşdik. Belə bir meydanda müdafiə futbolu oynayan komanda ilə matçda 1 xal qazandıq. Sona kimi öz oyunumuzdan çıxmadıq. “Səbail”i təbrik edirəm. Hər oyuna istəkli çıxırlar. Futbolçularımı da təbrik edirəm. Sona qədər səbirli davrandılar və 1 xal qazandılar.

- Şahruddin Məhəmmədəliyevin durumu necədi?
- Şahruddinin başında yırtıq var idi. Xəstəxanaya aparılıb. Burnu da yaxşı deyildi. Ciddi zədəsi var. Ancaq özünə gəlib. Nə vaxt qayıdacağını bilmirəm.

- Hakimliklə bağlı nə deyə bilərsiz?
- Hakimlərlə bağlı fikir bildirə bilmərəm. Müəyyən epizodlar oldu. Siz necə görmüsüzsə, mən də elə.

- Ozobiçin durumu necədi?
- Ağrısı var idi. Sərt zədə oldu. Ağrılar var, axsayır. Sabah müəyyənləşəcək.

- Yeni mövsümün strategiyası bu mövsümün nəticələrindən nə dərəcədə asılı olacaq?
- Qarşımızda hədəf yoxdu ki, mütləq çempion olmalıyıq. Rəhbərlik uzun illərdi büdcəmizi stabil qoruyur. Sadəcə, rəhbərlik futbolu sevirlər və “Qarabağ” adı üçün komandanı saxlayırlar. Çempion olub-olmamağımızın büdcəyə təsiri olmayacaq. Rəhbərlik futbolu sevir və ildən-ilə təcrübə yığırlar.

- “Səbail” ilk dövrədə də “Qarabağ”dan evdə xal almışdı. Bunun səbəbi nədi?
- Bəzən 5-6 top vurursan, xeyli qol epizodları yaradırsan. Bu gün də dirəkdən dönən toplarımız oldu. “Qarabağ”a qarşı hər klub böük motivasiya ilə oynayır. Bəzən belə nəticələrə sevinirəm. Futbolun yaşaması üçün yaxşıdı. “Neftçi” və “Qarabağ”dan xal alan klublar daha istəkli olur. Bu gün xallarımızı artırdı. Sırf səbəb deyə bilmərəm.

- “Neftçi”nin çempionluq mübarizəsində olmağı sizdə gərginlik yaradır?
- Gərginlik həmişə var. Bu komandaya qalib gəlmək istəyirdik, amma alınmadı. Ciddi rəqabət varsa, bizi məsuliyyətli edir, motivasiya edir. Futbolçulara səbirli davranmağı tapşırsaq da, yəqin öz aralarında söhbət edirlər və müəyyən gərginlik ola bilər. Bu da futbolda olan amillərdir.

Xəbər xətti