“Nə etmişik ki, “ulduz xəstəliyinə” də tutulaq?”

13:29 - 29 Aprel 2021

Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 6 oyunun beşində qələbə qazanan və birində heç-heçə edən Azərbaycan millisi üçün yaddaqalan məqamlardan biri də yeni futzalçının debüt etməsi idi.

 

Sportal.az xəbər verir ki, 20 yaşı hələ oktyabrda tamam olacaq Cavad Məmmədov ilk dəfə əsas komandanın düşərgəsinə dəvət edildi. Düzdür, millidə Rövşən Hüseynli və Emin Kürdov kimi təcrübəli qapıçılar var. Amma onların yanında daha bir qolkiperin təcrübə toplaması baş məşqçi Joze Alesio Da Silvanın məqsədi idi.

 

Yanvarda ilk oyuna hazırlıq məqsədi ilə açıqlanan siyahıda “Neftçi”nin qolkiperinin də yer alması bir qədər sürpriz oldu. Bəs Məmmədov bu dəvəti eşidəndə hansı hissləri keçirdi? Qolkiperin azfutzal.az-a açıqlaması:

 

“Necə ki, general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, futzalda da millidə oynamağı arzulamayan futzalçı yaxşı futzalçı deyil. Milli hər birimizin arzuladığı, formasını geyinməyə can atdığı komandadır. Ayağımız topa dəyən gündən bu formanı geyinməyən xəyalları ilə böyüyürük. Əlbəttə, ilk dəfə belə bir dəvət eşidəndə, sözün yaxşı mənasında təəccübləndim. Sevincimi sözlə ifadə edə bilmərəm. Təsəvvür edin, illərlə sənə arzu kimi görünən məqama çatmısan. Təbii ki, bunun məsuliyyətini də dərk edirəm”.

 

Düzdür, 20 yaşlı qapıçı bu 6 oyundan yalnız birində - Yunanıstanla Bakıdakı son dueldə bir neçə dəqiqəlik meydana çıxdı. Amma bu, həm də gələcəyə atılmış addım idi. İlk görüşü haqda qolkiper bunları dedi: “İstənilən sahədə uğura addım-addım irəliləyirsən. Bu seçmə mərhələdə ilk dəfə milliyə dəvət aldım, artıq bir oyunda da meydana çıxdım. Buna şərait yaratdığına görə, məşqçilər korpusuna təşəkkür edirəm. Zirvəyə yüksəlmək asandı, amma orda duruş gətirmək çətindir. Bilirəm ki, bu gün millidə Rövşən və Emin kimi təcrübəli qapıçılar var. Çalışıram onların təcrübəsindən faydalanım. Qapıçılarla işləyən məşqçimiz Ağakərim Həsənov da zəif tərəflərimi başa salır, necə aradan qaldırmağın mümkünlüyünü öyrədir”.

 

O, klubla millinin fərqi haqda da danışıb: “İstər milli, istər də yığma komanda olsun, formanı geyindinsə, məsuliyyətini anlamalı, qapıda etibarlı dayanmalısan. Əlbəttə, milli komandanın forması altında ölkəni təmsil edirsən, bayrağını ucaldırsan. Burada ab-hava tam fərqli olur. Amma məsuliyyətə gəldikdə, harda oynamağından asılı olmayaraq, uğur qazanmaq üçün əlindən gələni əsirgəməməlisən”.

 

Cavad milli komandaya dəvət aldığına görə “ulduz xəstəliyi”nə tutulmağın mümkünsüzlüyündən də danışdı: “Baş məşqçi Alesionun dəvətindən sonra mənə münasibət məni dəyişmədiyi kimi ətrafımı da dəyişməyib. Təbii ki, ailəmin, yaxınlarımın, klubumuzdakı oyunçu yoldaşlarımın sevinci çox böyükdür və dəstəklərini hiss edirəm. Buna görə, hər birinə dərin təşəkkürümü bildirirəm. Nə etmişik ki, “ulduz xəstəliyinə” də tutulaq?”

 

O, millinin seçmə mərhələdəki çıxışını isə belə qiymətləndirib: “Komandamızın ümumi çıxışını sadəcə mükəmməl hesab edə bilmərəm. Çünki hər bir görüşdə sona kimi mübarizə aparmağımız və özünəinamımız qrupda lider olmağımızla nəticələndi. İnanıram ki, bu uğurun davamını Niderlandda da gətirəcəyik. Əslində, start bir qədər çətin oldu. Həm rəqibimiz güclü idi, həm də 10 aydan çox idi zalda məşq etmir, oyun keçirmirdik. Bunlar idmançının çıxışına ciddi təsir edən məqamlardır”.

 

Futzalçı sonra Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi zəfərə də toxunub: “İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik etmək istəyirəm. Bu şanlı tarixi heç vaxt unutmayacağıq və daim dilimizdə əzbər olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, sağlamlığını itirmiş insanlarımıza şəfa versin. Bu zəfər yürüşündə iştirak edən qardaşımın timsalında əməyi olan hər bir şəxsin  qarşısında baş əyirəm. Xalqımız bu cür zəfərlərə layiqdir”.

Xəbər xətti