Samir Abasov: "Keysuke Honda həmin oyunlardan sonra şikayətləndi" - VİDEO

23:47 - 14 May 2021

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”la matçdan sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Çox önəmli oyun idi. Qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün sevinirik. Oyunun sonunda komandamızda panika var idi. Bu da normal idi. Çünki rəqib qol vurmaq istəyirdi. Məni narahat edən məqam odu ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmirik. Halbuki bu gün 2-ci, 3-cü qolu vurmaqla oyunun taleyini daha tez həll etmək olardı. Artıq son oyuna hazırlaşacağıq.

 

“Qarabağ”ın oyunun nəticəsindən xəbərim yox idi. Yalnız qarşılaşma başa çatandan sonra bildim ki, qələbə qazanıblar. Keysuke Hondanın bu gün ehtiyatda qalmasının planla heç bir əlaqəsi yox idi. Sadəcə, ardıcıl süni örtüklü meydanda 2 oyun keçirmişdik və Honda ağrılardan şikayətlənirdi. Ona görə də bu gün onu qoruduq.

 

Planımız topu rəqibə vermək və necə oynayacağını görmək idi. Bilirdik ki, “Sumqayıt da qələbə qazanmağa çalışacaq. Ən yaxşısını etdik və qalib gəldik. Həyəcan siqnalı yoxdu. Buna vaxt da yoxdu. Xoş haldı ki, qol epizodları yarada bilirdik. Əvvəl bu baxımdan problem var idi, indi vəziyyət dəyişib. Heç həyəcanlanmırıq. “Qarabağ”la oyunda bu qədər qol imkanımız olmayacaq.

 

“Qarabağ”la oyunda əcnəbi baş hakimin dəvət edilməsinə ehtiyac varmı? Məncə, bu, mənə aid sual deyil. Son turda belə qərar vermək düz olmaz. Hakimlərimizə inanmalıyıq. Onlar avrokuboklarda, Avropa Liqasının qrup mərhələsində oyun idarə edir, bu cür qarşılaşmalarla "bişirlər". Öz hakimlərimizə etibar edərdim”.

 

Xəbər xətti