"Bu oyundan çox şey öyrənməliyik" - Canni De Byazi

23:06 - 6 İyun 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova yığmasına qarşı keçirdikləri yoxlama oyunundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edib:

 

“Təlim-məşq toplanışı ərzində 3 yoxlama oyunu keçirdik. Bir oyunda qələbə qazansaq da, digər ikisində məğlub olduq. Bu oyunun əvvəlində buraxdığımız erkən qol planlarımızı pozdu. Standart vəziyyətdən qol buraxdıq. Sonadək mübarizə apardıq. Mövsümün sonu olduğu özünü göstərdi. Bəzi futbolçular yorğun idi. Oyundan öncə rəqibin heyətində müdafiədə yer alan üç ucaboy futbolçu olduğunu, standart vəziyyətlər zamanı diqqətli olmağı tapşırmışdım. Buna baxmayaraq, qolu hücumçu vurdu.

 

Bu oyundan çox şey öyrənməliyik. Belarusla qarşılaşmada sonradan meydana daxil olan 6 futbolçu oyunun keyfiyyətini yüksəltdi. Bu gün bu, bizdə alınmadı. Bunun üçün nəticə qazana bilmədik. Baxmayaraq ki, topa sahib olma 64 faiz bizim tərəfimizdə idi. Çalışdıq çoxlu zərbələr endirək. Sözün düzü, keyfiyyət çatışmazlığı hiss olunurdu. Xüsusən ötürmələr zamanı səhvlər edirdik. Çox inkişaf etməli, bəzi situasiyaları daha yaxşı dəyərləndirməliyik.

 

Bədavi Hüseynovun durumuna gəlincə, dizində zədəsi var. Amma zədəsinin nə dərəcədə ağır olduğu dəqiq bilinmir. Bir az da gözləmiliyik”.

Xəbər xətti