"Dinamo"nun prezidenti "Neftçi"dən danışdı: "Əsl rəqibdir"

11:00 - 20 İyun 2021

Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun prezidenti Roman Pipiyanın müsahibəsi:

 

- "Dinamo" son 7 ildə avrokuboklarda 3-cü dəfə Azərbaycan təmsilçisi ilə qarşılaşacaq. Komandanız bunadək fərqli mövsümlərdə 2 dəfə "Qəbələ" ilə oynayıb. Bu dəfə isə "Neftçi" kimi tarixi rəqiblə ilk dəfə üz-üzə gələcəksiniz. Təəssüratlarınız necədir?
- Bəli, həqiqətən də 3-cü dəfə Azərbaycan komandası ilə oynayacağıq. Təbii ki, "Neftçi" ilə matçı gözləyirik. "Neftçi" böyük ənənəyə və tarixə malik klubdur. Deyərdim ki, əsl rəqibdir.

 

- "Dinamo"nun baş məşqçisi Kaxaber Tsxadadze və onun məşqçilər heyəti uzun illər Azərbaycanda işləyiblər. Bu amil komandanıza necə təsir göstərə bilər?
- Haqlısınız, Tsxadadze Azərbaycan futboluna yaxından tanışdır. Bu, müsbət haldır. Amma digər tərəfdən, siz də Tsxadadzeni yaxşı tanıyırsınız. Bu isə sizin üçün üstünlükdür. Hər şey meydanda həll olunacaq.

 

- Son iki mövsümdə çempion olmusunuz və indi də buna can atırsınız. Artıq sabit heyət qurduğunuzu demək olar?
- Gücləndirmək istədiyiniz mövqelər həmişə olur. Deyə bilərəm ki, yaxşı komandamız var.

 

- "Neftçi" ötən mövsüm çempion olmaqla "Qarabağ"ın 7 illik hegemonluğuna son qoydu. Bu, sizi narahat etmir?
- "Neftçi" bununla öz ambisiyalarını göstərdi. 7 illik fasilədən sonra çempionluq titulunu qaytarmaqla azarkeşlərini sevindirdi. Bu cür rəqiblə oynamaq xoşdur.

 

- Hazırda Gürcüstan çempionatı davam edir, mövsümün ən qızğın vaxtıdır. Azərbaycanda isə klublar hələ mövsümöncəsi təlim-məşq toplanışına yığışırlar. Bu amil sizə əlavə üstünlük verirmi?
- Bilirsiniz, hər zaman rəqibinizdə bəzi üstünlükləri görə bilərsiniz. Bunlar həmişə olur. Əsas odur ki, komandalarımız gözəl futbol göstərsinlər.

 

- İlk oyun Tbilisidə olacaq. Stadiona azarkeş buraxılacaq, yoxsa hələ icazə yoxdur?
- Hazırda oyunlarda stadionların ümumi tutumunun 20 faizi qədər azarkeşin iştirakına icazə var.

 

- Yəqin ki, futbol üzrə Avropa çempionatını izləyirsiniz. Hansı yığmanı çempionluq üçün daha şanslı hesab edirsiniz?
- Favoritlər arasında Fransa, İtaliya və Portuqaliyanı görürəm. Özüm isə Fransa yığmasına azarkeşlik edirəm (Report.az).

Xəbər xətti