Klublarımızın avrokubok oyunlarına azarkeşlər buraxılacaq?

14:27 - 21 İyun 2021

İyulda Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü start götürəcək. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Çempionlar Liqasının I təsnifat mərhələsində yarışacaq “Neftçi” qoşulacaq. Ayın sonlarına doğru Konfrans Liqası iştirakçıları – “Qarabağ”, “Keşlə” və “Sumqayıt” meydana çıxacaq.

 

Bakıda baş tutan AVRO-2020 matçlarının izləyicilərin iştirakı ilə keçirilməsi azarkeşlərdə növbəti avrokubok oyunlarında müəyyən sayda tərəfdarın tribunalara buraxılacağına inam yaradıb. Bəs, həqiqətən, bu gözlənilirmi?

 

Bu sualla AFFA-ya müraciət etdik. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Operativ Qərargahın verəcəyi qərarın əsas olduğunu söylədi:

 

“Oyunlara azarkeşlərin buraxılıb-buraxılmaması ilə bağlı AFFA-nın hər hansı səlahiyyəti yoxdu. Matçların izləyicisiz keçirilməsi qərarını biz verməmişik və bunu dəyişə bilmərik. İndiki halda, Nazirlər Kabineti yanında Operativ Qərargah yalnız açıq havada idman yarışlarının izləyicilər olmadan keçirilməsinə icazə verib. Əgər avrokubok oyunlarına qədər yeni bir qərar olarsa, azarkeşlərin oyunlara buraxılmasına icazə verilərsə, bu da icra olunacaq. AVRO-2020 matçlarına gəlincə, bu mötəbər turnirdi, UEFA-nın da konkret tələbləri olduğu üçün istisna hal kimi qəbul olunmalıdı”.

 

Əlavə edək ki, AFFA məsələ ilə bağlı Operativ Qərargaha müraciət etməyi planlaşdırmır. Daha əvvəl PFL-in pezidenti Ramin Musayev ölkə kubokunun final matçına azarkeşlərin iştirak etməsi üçün müraciət edildiyini bildirsə də, qarşılaşma izləyicilər olmadan keçirilmişdi.

 

Bu mövsüm Bakıda ilk avrokubok oyunu iyulun 14-də Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi” və Gürcüstanın “Dinamo” (Tbilisi) klubları arasında olacaq (futbolpress.az).

Xəbər xətti