Mahir Emreli: "Legiya" sabah "Qarabağ"la qarşılaşsa, dəlicəsinə oynamaq istərdim"

16:25 - 25 Avqust 2021

Milli komandamızın futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda sabah Çexiyanın "Slaviya" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç və hücumçu Mahir Emreli jurnalistlərin suallarını cavabladırıb.

 

Mahirin fikirlərini diqqətinizə çatdırırıq:

 

"Qolu Tomas Pekhartla qeyd etmək istədim, amma sevincimi əvvələcədən planlaşdırmamışdım. Bizim üçün və xüsusən Tomas üçün əhəmiyyətli bir oyun idi. Həqiqətən də keçmiş klubu ilə həmin matçda oynamaq istəyirdi. Zədəsinə görə üzündəki kədəri görə bildim. Mən onu başa düşürəm. "Legiya" sabah "Qarabağ"la qarşılaşsa, mən də həmin oyunda dəlicəsinə oynamaq istərdim. Tomas sabah oynasa, mənim üçün heç bir problemim olmayacaq, məşqçinin qərarını başa düşəcəyəm, çünki komandanın uğuru önəmlidir.

 

Başa düşürəm ki, hücumçu qol vurmalıdır, amma fikrimcə, bu həmişə ən vacib şey deyil. Ən əsası komandamın qələbəsidir. Olivye Jiru Dünya Kubokunda qol vurmadı, amma Fransa nəticədə titulu qazandı və milli komandası üçün əsas fiqur oldu. Fikrimcə, bugünkü futbolda hücumçunun vəzifələri qol vurmaqla bitmir, baxmayaraq ki, qollar çox vacibdir.

 

Məşqçi yanımda oturanda taktika haqqında danışmaq mənim üçün çətindir (gülür). Yeni vəziyyətləri, yeni parametrləri öyrənməyə çalışıram. Məşqçi məni hara qoysa, orada oynayacam. Hər məşq zamanı taktika öyrənirik və hər həftə özümüzü daha yaxşı hiss edirik.

 

Varşava və Polşa mahnılarını çox sevirəm, xüsusən Lady Pank (gülür). Qarabağda oynayanda Yakub Jezniçzakla dost idim. Hər karaokedə "“Kryzysową narzeczoną”" mahnısını oxuduğu üçün bunu onun sayəsində öyrəndim (gülür). Komandadakı hər kəs burada özümü yaxşı hiss etdiyimi görə bilər. Varşavada çox səmimi insanlar yaşayır, özümü əla hiss etdiyim gözəl bir şəhərdir.

 

Azərbaycanda ölkə çempionluğuna gedən yolda yalnız bir rəqibimiz var idi. Polşada hər matç çətindir, müdafiəçilər aqressiv oynayır, hər top üçün mübarizə aparırlar, fiziki cəhətdən çox yaxşı hazırlaşırlar. İndi kimin ölkə çempionu olacağını söyləmək çətindir, Ekstraklassa çox rəqabətli bir yarışdır".

Xəbər xətti