"Azərbaycanlı millisində oynamaq təklifi olmuşdu, bütün sənədləri imzaladım, amma dəvət gəlmədi" - MÜSAHİBƏ

16:48 - 15 Oktyabr 2021

Azərbaycanda 3 fərqli klublarda oynamış legionerlərdən biri də Junior Nildodu. İlk dəfə AZAL-da çıxış etmiş braziliyalı ardından “Xəzər Lənkəran” və “İnter”(hazırki “Keşlə”) klublarında oynamışdı. Sportal.az saytına müsahibə verən “sambaçı” Azərbaycandakı çıxışını xatırlayıb.

- Deyəsən, peşəkar futbolçu karyeranı başa vurmusan...
- 2017-ci ildən 2020-ci ilə qədər təqaüdə çıxmışdım(gülür). Amma yaşadığım ştatın komandasından mənə təklif gəldi və həmin klubla vitse-çempion olduq. Mən çempionatın 2-ci bombardiri oldum. 5 ildən sonra komanda ölkə çempionatında iştirak hüququ qazandı. İyul ayından bu klubun üzvüyəm.

- Azərbaycanda 3 klubda oynamısan. Maraqlıdı, heç Azərbaycandakı karyeranı xatırlayırsan?
- Əlbəttə ki, Azərbaycandakı vaxtlarımı çox yaxşı xatırlayıram və ora üçün çox darıxıram. Çox dostlarım var idi. Azərbaycanda futzal yığmasında oynayan braziliyalılarla da dostluq qurmuşdum. 3 böyük klubda oynadım və ən çox fərqləndiyim klub AZAL idi. Qısa müddətdə çox qol vurdum. Təəssfü ki, titul uğrunda mübarizə aparmadıq. “Xəzər Lənkəran” böyük azarkeş qrupu olan əla klub idi. Komandamızda çox yaxşı futbolçularımız var idi. Sadəcə biz bunu meydana yansıda bilmirdik. Buna rəğmən mən “Xəzər Lənkəran”da xoşbəxt idim. Vacib qollar vurdum və Superkuboku qazanmışdıq. Və nəhayət “İnter”. Hansı ki, “Qarabağ”dan bir neçə xal geridə qalaraq 2-ci pilləni tutduq. Klub üçün çox qol vurdum. Təəssüf ki, bu komandanın heyətində Avropa Liqasında oynaya bilmədim.

- Maraqlıdı, Azərbaycanda oynadığın vaxtlarda “Neftçi” və ya “Qarabağ”dan təklif almışdın?
- Əslində, Azərbaycana gəlməmişdən əvvəl “Qarabağ”dan təklif almışdım. Sadəcə biznesmenlərə görə bu baş tutmamışdı. Hətta “Neftçi” ilə də danışıqlarımız olmuşdu. Təəssüf ki, bu, danışıq olaraq qalmışdı.

- Azərbaycanda oynadığın dönəmdə daha çox hansı epizodu, hansı qolu, hansı oyunçuları xatırlayırsan?
- Əlbəttə ki, bir neçə epizodu, hadisəni xatırlayıram. Azərbaycanda yeni-yeni oynamağa başladığım dövrdə, AZAL “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etmişdi. Evdə oynamışdıq və mən demək olar ki, 4 qol vura bildim. Bir neçə oyunçunu xatırlayıram, hansı ki, mənə rəqib kimi oynayırdılar. Heç birinin adını çəkməyəcəm. Çünki onları hamı tanıyır(gülür). “Xəzər Lənkəran” və “Neftçi” arasında ən böyük klassik oyunları oynamışam. Unudulmaz, çətin mübarizə olan oyunlar idi. O anlar üçün çox darıxıram.

- Azərbaycanda az oynamamışdın. Heç AFFA-dan sənə milli komandada oynamaq təklifi edilmişdi? Hər halda bir az da qalsaydın, 5 il tamam ola bilərdi...
- Bəli, Azərbaycanda oynadığım vaxtda Azərbaycan millisində oynamaq təklifi olmuşdu. Əslində, yerli futbolçu olmaq üçün bütün sənədləri imzalamışdım. Amma təəssüf ki, mənə millidən dəvət göndərmədilər. Səbəbini soruşmayın. Çünki necə cavab verəcəyimi bilmirəm. Amma Azərbaycan millisində oynamağı çox istəyirdim. 

- Uzun illər idi ki, Azərbaycan çempionatında yalnız “Qarabağ” çempion olurdu. Ötən mövsüm isə “Neftçi” çempionluq yaşadı. Azərbaycan çempionatı haqda fikirdəsən?
-
 “Qarabağ” hər zaman peşəkarlığa diqqət yetirməklə yanaşı, kollektivə əla oyunçular cəlb etməklə ciddi iş görürdü. Məhz buna görə də “Qarabağ” Azərbaycan futbolunda hegemonluq əldə etdi. Mənim vaxtımda “Qarabağ” Flavinyo ilə hegemonluq əldə etmişdi.

Xəbər xətti