“Neftçi”nin futbolçusu: “Xarici kluba keçə bilərəm”

20:38 - 10 Noyabr 2021

“Neftçi”nin futbolçusu Mert Çelik klubun rəsmi televiziyasında yayımlanan “Akademiya gündəliyi” verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı müdafiəçi hər il çempionluğu hədəflədiklərini bildirib:

 

“Bu mövsüm də hədəfimiz çempionluqdur. Ümid edirəm ki, ötən mövsüm əldə etdiyimiz çempionluq titulunu qoruyacağıq. Çünki “Neftçi”nin yalnız bir hədəfi var. O da çempionluqdur. Bu mövsüm də onu ən yaxşı şəkildə gerçəkləşdirəcəyik”.

 

Çelik avrokuboklarda həm məyus olduqlarını, həm də təcrübə qazandıqlarını diqqətə çatdırıb:

 

“İlk dəfə avrokuboklarda oynadım. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası görüşlərində çox üzüldüm, həm də təcrübə qazandım. Amma ən böyük məyusluğu Yunanıstanda “Olimpiakos”a qarşı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyununda qırmızı vərəqə alaraq yaşadım. Həyatımda özümü bu qədər pis hiss etməmişdim. Çünki həmin anadək “Olimpiakos” da qırmızı vərəqə səbəbindən azlıqda oynayırdı. Hesabda geridə idik, dönüş etmək imkanımız var idi. Əla, çox basqılı oynayırdıq. Amma o hərəkətim məni həddindən artıq üzdü. Bəzən “instaqram”da həmin epizod qarşıma çıxır. Hələ də belə hərəkətə niyə yol verdiyimi özümə sual edirəm”.

 

Onun sözlərinə görə avrokuboklardakı uğursuzluğun ən böyük səbəbi təcrübəsizlik olub:

 

“Gənc komandayıq. Bu mövsüm təcrübə qazandıq, öz oyunumuzu göstərə bilmədik. Növbəti avrokubok qarşılaşmaları daha fərqli olacaq. Gələn mövsüm tam fərqli yerlərdə olacağıq”.

 

Hədəfinin Azərbaycan və Türkiyəni təmsil etməkdən ibarət olduğunu deyən Çelik, təklif olarsa, yalnız xarici kluba keçməsinin mümkünlüyünü vurğulayıb:

 

“Bura gələrkən “Neftçi”nin Azərbaycanın ən böyük klubu olduğunu hiss etdim. Çox xoşbəxtəm. Klub mənimlə müqaviləni yeniləmək istədiyi müddətdə karyerama burda davam edəcəyəm. Azərbaycanda “Neftçi”dən başqa heç bir komandada oynamaq istəmirəm. Klub məni istəməyənədək heç bir yerə getmərəm. Xarici klublardan təklif gəlsə, “Neftçi” və mənim üçün faydalı olacağı təqdirdə, müqavilə ilə məxsus olduğum Türkiyə “Başakşəhər”inə də yarasa, oturub danışacağıq. Yəni xarici kluba keçə bilərəm”.

Xəbər xətti