Ayxan Abbasov: "Bu gün çox bəhanələr gətirə bilərik"

18:45 - 28 Noyabr 2021

"Əlbəttə, son zamanlar yaxşı formada olan iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Biz isə itkilərlə meydana çıxmışdıq. Kombinasiyalarımızı sona çatdıra bilmədik. Belə vəziyyətlərdə də futbolçular ruhdan düşsə, hər şey bitmiş olar. Bugünkü oyun futbolçularımızın bunu dərk etdiklərini göstərdi. Heç nədən gileylənmirəm. Baş məşqçi hər durumdan çıxmalıdır, biz də çıxacağımıza inanırıq".

 

Sportal.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra deyib.

 

40 yaşlı mütəxəssis hər zaman səmimiliyi, düzgünlüyü sevdiyini və heç nədən çəkinmədən sözünü dediyini vurğulayıb: "Bura böyük ümidlərlə gəlmişəm, yenə ümidliyəm. Bura gələndə elə fikirlər formalaşmışdı ki, "Sumqayıt" legioner almasa, avrokuboklara vəsiqə qazana bilməz. 6 oyunluq məğlubiyyət seriyasına rəğmən, ruhdan düşmədik, ardıcıl iki mövsüm avrokuboklara yüksəldik. Heyətimizi xeyli futbolçu tərk etsə də, cəmi 2 futbolçu transfer etdik. Həmin heyətlə bürünc medal qazandıq. Getmək barədə onu demək istəyirəm ki, yuxarı pillədə qalmaq üçün əlimizdən gələni etmişik. Amma güclənmək lazımdır. Konfrans Liqasında çıxış edəndə yeni futbolçu gətirməkdə çətinlik çəkirdik, öz oyunçularımıza isə dəvətlər var idi. Çempionata çox yaxşı başlamışdıq. Amma 2 turdan sonra milli komandalara dəvətlər gəldi, 10 futbolçu bizimlə olmadı. Millinin bütün məğlubiyyətlərində "Sumqayıt" gündəmə gəlirdi. Hazırda müqaviləm var, getmək fikrim yoxdur. Rəhbərlik nə vaxt işimdən narazı olduğunu desə, getməkdə problem yoxdur. Bu gün təslim olmaq istəmirəm, amma gələcək üçün güclənmək istəyiriksə, hansısa addımlar atmalıyıq. Bu yöndə işimiz davam edəcək. İkinci hissədə komandamın çıxışı mənə inam verdi".

 

Abbasovun fikrincə, Murad Xaçayev və Elvin Bədəlovun uzunmüddətli zədələri, cəzalıların olması çıxışlarına təsirsiz ötüşməyib. O, hələ rəhbərliklə görüşlərinin olmadığını, amma yaxın vaxtlarda oturub danışacaqlarını söyləyib: "Hələ heç nə bitməyib. Qarşıdan kubok oyunları və qış fasiləsi gəlir. Güclənməyimizə ehtiyac var. 5-li müdafiə sistemini bir neçə klubumuz oynayır. Hər bir baş məşqçi bu sistemdən öz komandasına uyğun yararlanır. Belə taktika ilə iki dəfə avrokuboklara yüksəlmişik. Gələcəkdə cinah müdafiəçilərimiz yaxşı oynasalar, 4 müdafiəçili sistemə keçə bilərik".

 

Mütəxəssis gənc futbolçulara yetərincə şans verdiklərini, onların oynadıqca artırmalarının gərəkliyini dilə gətirib: "Bu gün bir çox bəhanələr gətirə bilərik. Rüfət və Səbuhi Abdullazadələrdən çox şey gözləyirik. Süleyman Əliyevi də bu siyahıya əlavə edə bilərəm. Heç bir baş məşqçi özünün düşməni deyil. Məsuliyyət həmin gənc futbolçuların üzərinə düşür. Sabah gənc futbolçu limiti götürülsə, rəqabətə davam gətirməlidirlər. Ona görə də indidən artırmalıdırlar" (Report).

Xəbər xətti