"Oğluma Danimarka klubu dəvət göndərmişdi, amma..." - Bəhlul Mustafazadənin atası

19:17 - 4 Dekabr 2021

İmişli "Mil-Muğan"ının 15 yaşlılardan ibarət komandasını Ələmdar Mustafayev çalışdırır. Bu ad-soyad çoxlarına heç nə demir. Amma Bəhlul Mustafazadənin adını çəkmək kifayətdir ki, hər kəs onun atasının kimliyi ilə maraqlansın. Millimizin üzvünü də Azərbaycan futboluna Ələmdar müəllim bəxş edib, onun ilk məşqçisi olub. 

 

Sportal.az xəbər verir ki, fanat.az təcrübəli çalışdırıcı ilə söhbətləşib:

 

- "Mil-Muğan" uşaq komandalarına diqqət ayıra bilirmi?
- Şikayətlənmək üçün əsas yoxdur. Məşq meydançamız, ləvazimatlarımız var, uşaqları geyimlərlə təmin edə bilirik, səfər oyunlar üçün avtobus ayrılıb. Yüksək səviyyədə olmasa da, iştirak üçün normaldır. Futbolla məşğul olan uşaq üçün daha nə lazımdır?

 

- Amma məşqçisi olduğunuz komanda U-15 liqasında hələ cəmi 1 qələbə qazanıb.
- Bizdə U-15 ən böyük yaş qrupu sayılır. Qeyd etdiyiniz kimi, cəmi bir oyunda udmuşuq, "Zirə"yə qalib gəlmişik. Ancaq aşağı yaşlılarda nəticə önəmli deyil. Biz daha çox uşaqların inkişafına çalışırıq. Nəticələr sonra özü gələcək. Artıq görülən işlər, davamlı məşqlər bəhrə verməyə başlayıb. Uşaqlardan bir-ikisi daha aşağı yaş qruplarında da çıxış ediblər, amma komandanı əsasən özüm formalaşdırmışam. Yəni seleksiya aparmışam. 

 

-  İmişlidə istedad tapmaq çətin deyil?
- Yaxşı uşaqlar var. Həm də təkcə İmişlidə yox, ətraf rayonlarda da axtarışlar edirik. Mən elit məşqçiyəm, AFFA-nın məlum layihəsi çərçivəsində ərtaf rayonlarda da olmuşam, ətraf bölgədən olan uşaqlara təlim keçmişəm. Bu yaş qrupları üzrə istedadlı uşaqların əksəriyyətini tanıyıram. Məsələn, komandamıza Saatlıdan da futbolçu cəlb etmişik. 

 

- İnanırsız ki, komandanızdan gələcəkdə ikinci Bəhlul Mustafazadə çıxacaq?
- (gülür) Vallah, onu indidən heç kim deyə bilməz. Yaşayarıq görərik. 

 

 

- Bəhlulun ilk məşqçisi özünüz olmusunuz? 
- Hə. 13 yaşa qədər özüm çalışdırmışam. Onunla birgə - o vaxt komandamız "MKT-Araz" adlanırdı - kifayət qədər uğurlarımız olub. Ölkə çempionatının bürünc mükafatını qazanmışıq, beynəlxalq "Danone" yarışında gümüş əldə etmişik. "Sabahın ulduzları"nda həm gümüş, həm bürünc əldə etmişik, kubokun finalında çıxış etmişik. Yəni 12-13 yaşa qədər atıq nailiyyətlərimiz var idi. 13 yaşdan sonra isə Bəhlul "Qəbələ"yə getdi.

 

- Oğlunuzun karyerası gözünüzün önündədi, hazırki yetirmələriniz arasında Bəhluldakı potensiala bərabər uşaq var?
- Niyə yoxdu? Aralarında bacarıqlılar çoxdur. Sadəcə, sistemli, davamlı çalışmalıyıq, çempionatda, yarışlarda iştirak etməliyik. Belədə futbolçu püxtələşəcək. 

 

- Bəhlulun hazırki durumu sizi qane edir? "Qarabağ"da əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkir.
- "Qarabağ"a gedəndə bilirdik ki, dərhal əsas "11-lik"də olmayacaq. Çünki bu komandanın oturuşmuş heyəti var, illərdi bir yerdə çıxış edirlər. Müdafiə xəttində isə ümumiyyətlə tez-tez dəyişiklik olmur. Amma tədricən düzəlir, Qurban Qurbanov şans verir. O da bu şansdan bazardıqca çox yararlanmalıdır. Bəhlulun potensialı var və mənə elə gəlir ki, "Qarabağ" onun transferini gələcəyə hesablayıb. Ona inanırlar, milli komandaya da dəvət alır. 

 

- Bəhlulun yayda BƏƏ-nin "Əl-Əyn" klubuna keçidinin baş tutmamasına üzüldünüz?
- Əksinə, mən buna sevindim. Çünki mən onun ora getməsini istəmirdim. Əslində, Bəhlul özü də Avropa klublarında oynamağı arzulayır. Ərəblərdən qabaq Danimarkanın yüksək liqa klublarından biri Bəhlula rəsmi dəvət göndərmişdi. Ancaq "Sabah" onu buraxmadı. Onun bu gün də arzusu var ki, karyerasını Avropa klublarından birində davam etdirsin.

Xəbər xətti