İsveçdə çalışan həmyerlimiz: "Məktəblərdə riyaziyyat, tarix, coğrafiya kimi futbol dərsi də keçilir"

14:48 - 27 Yanvar 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

I YAZI

 

Azərbaycan futbolunda uşaq və gənclərin fiziki və mənəvi inkişaf səviyyəsini düzgün qiymətləndirmək, bu prosesi sürətləndirmək üçün bu işdə irəli getmiş ölkələrdəki təcrübə ilə müqayisələr aparmaq çox vacibdir. Xüsusilə, həm ölkəmizin, həm də Avropanın inkişafda olan futbol ölkəsində işləyən mütəxəssislərin fikirləri daha çox yerinə düşür.  

 

İsveçin "Örebro" klubunda çalışan azərbaycanlı məşqçi Valeh Qafarov da belələrindəndir. Öncə kişi komandasında çalışan mütəxəssis, hazırda qadınlardan ibarət komandada fəaliyyətini davam etdirir. 


-  İsveçdə işləriniz necə gedir? Hansı yeniliklər var işlərinizlə bağlı?
- “Örebro”nun yeniyetmə qızlardan ibarət futbol komandasında məşqçi işləyirəm. Daha dəqiq desəm, futbolçuların texnikasının artırılması üzrə məşqçiyəm. İşlərimiz də yaxşı gedir.

-  İsveç klublarının azərbaycanlı futbolçulara maraq göstərməməsini nə ilə əlaqələndirirsiniz?
- Yəqin ki, Avropadakı nəticələrimizlə bağlıdı. Yəni, milli və klublarımızın nəticələrinə görə belə olur. Təbii ki, “Qarabağ”ı çıxmaq şərtilə. Bugünkü gündə biz təkcə “Qarabağ”la fəxr edirik və onların gözəl oyununa, nəticələrinə sevinirik. Ümid edirik ki, milli komandamız da bizi “Qarabağ” kimi sevindirəcək. O zaman nəinki İsveç, hətta ayrı Avropa klubları da bizim futbolçulara maraq göstərəcək.

- Ruslan Abışovun vaxtilə "Örebro"ya keçidinə vasitəçi ola bilərdiniz, amma transfer sonda baş tutmamışdı. Maraqlıdı, o vaxtdan sonra Azərbaycandan hansı futbolçunu "Örebro"ya və ya İsveçin başqa klublarına məsləhət görmüsüz?
- O vaxtdan sonra heç bir futbolçu ilə maraqlanmayıblar. İsveçdə yaşayan, burada doğulan və ya uşaqlıqdan burada böyüyən azərbaycanlı futbolçular var. Çalışıram ki, azərbaycanlı kimi bacardığım qədər onlara kömək edim. Artıq onların arasında İsveçdə kifayət qədər tanınan yeniyetmə futbolçular da var. Ayxan Cabbarovu qeyd etmək istəyərdim. Öz üzərində çox çalışır və inanıram ki, gələcəkdə Azərbaycanın əsas millisinə də kömək edəcək.

- Hazırda qadın futbolunda işlədiyinizə görə, istəyərdim ki, İsveç və Azərbaycan qadın millilərini, futbolunu müqayisə edəsiniz. Hansı fərqlər ortaya çıxır?
- Doğrudu, müqayisə etmək doğru olmaz. İsveçdə qızlar futbolu çox sevir. Əlbəttə ki, Azərbaycanda da futbolu sevən qızlar var. Ancaq İsveçdə hər 2-ci qız futbol oynayır. Yəni 6-7 yaşından başlayaraq futbol klublarında çıxış etməyə başlayırlar. İbtidai məktəblərdə 6-cı sinifdən futbol dərsləri keçilir. İdman dərsi yox, konkret olaraq futbol dərsini deyirəm. Riyaziyyat, tarix, coğrafiya dərsi olduğu kimi bu da ayrıca dərs hesab edilir. Həftədə 2-3 dəfə qızlarla oğlanlar eyni qrupda məşq keçirlər. Bu, hələ futbol akademiyası deyil, sadəcə ibtidai məktəblərdi. Hətta tənəffüs zamanı qızlarla oğlanlar futbol oynayırlar. Çünki uşaqlar hamısı həyətdə olur. Hətta qışda da belədi, qara baxmayaraq. Burada oğlanlarda olduğu kimi qızlardan ibarət qruplarda da 20-25 futbolçu var. İsveç qadın futbolunun nəticələri də göz qabağındadı. Bu komanda Avropada ən güclü 3-4 milli arasındadı. Bizdə də əgər qızlarda futbolu sevməyə, həm də oynamağa həvəs yaranarsa, İsveçdəki qadın futbolunda olan sistem tətbiq edilərsə, o zaman bizim qadın futbolunda millinin nəticələri də yaxşı olacaq.

- Azərbaycan qadın millisi bu tsikldə Danimarkaya 0:8 uduzdu. Ötən tsikldə İspaniyaya Bakıda 0:13 uduzmuşdu. Səncə, bu məğlubiyyətlərin olmaması üçün nə etmək lazımdı?
- Mən bizim qadın futbolçularımızı qınamıram. İspaniya və Danimarkada təlim-məşq toplanışlarında olmuşam. Onların məşq proseslərilə yaxından tanışam. Həqiqətən fərq çoxdu və onlar bu nəticələrə nail olmaq üçün sistem qurub, həmin sistemin də adı uşaq futboludu. Hər şey uşaq futbolundan başlayır. Fundament düzgün olmalıdı. Siz yəqin fikir verdiniz, yuxarıda dediklərimdən, İsvçdə uşaq və yeniyetmə qızlar həftə ərzində neçə saat futbolla məşğul olur. Nə vaxt ki, o sistem bizdə də olacaq, onda bu cür məğlubiyyətlər olmayacaq.  Qızlarımıza məsləhətim odur ki, oyunlarda özlərinə inansınlar, güclü komandalara qarşı soyuqqanlı futbol oynamağa çalışsınlar və hücuma keçməkdə ürəkli olsunlar. Bütün millilərimizə uğurlar arzulayıram. Azərbaycan milli komandaları azərbaycanlı futbolçulara inanmalı və şans verməlidi. İnanın, nəticəni biz öz azərbaycanlı uşaqlarımızla qazanacağıq. Bu, bütün milli komandalarımıza aiddi, kişi və ya qadın fərq etməz, futbolda da, futzalda da. Milli komandalarımızda yalnız azərbaycanlı məşqləçilər işləməlidi. 

 

Mirbağırağa Cəfərli

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti