"Məşqçilər görmüşəm ki, özü heç vaxt futbol oynamayıb, uşaqlara filan şeyi düzgün elə deyir"

23:20 - 15 Fevral 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

VII YAZI

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusunda uşaq futbolu ilə bağlı yazılarımızı davam etdiririk. Bu dəfə gənc mütəxəssis Zaur Həşimovla söhbətləşmək qərarına gəldik. Bir neçə il əvvəl U-18 milli komandasını, daha sonra “Zirə”ni çalışdıran mütəxəssis məşqçilik peşəsinə “Qarabağ”ın uşaq komandalarında başlayıb. Yəni, uşaq futbolunun reallıqlarına bələd olan mütəxəssislərdəndir. Həşimov əvvəlcə məşqçiliyə başladığı dövr barədə danışıb: 


“Həmin vaxtlar AFFA-nın layihəsi var idi. Bütün klubların akademiyasına əcnəbi mütəxəssislər dəvət olunmuşdu. Onlardan biri "Qarabağ"a təyinat alan Con Van Leon idi. AFFA tərəfindən klublara sırf akademiyaya sərf olunması üçün 250 min manat vəsait ayrılmışdı. Öncədən onu deyim ki, bu, çox gözəl layihə idi. Həmin dövrdə mən, Ayxan Abbasov, Aftandil Hacıyev Con Van Leondan sözün əsl mənasında çox şey öyrəndik. Həm yaxşı insan, həm də yaxşı mütəxəssis idi. Elə şeylər olurdu ki, o bizə gələcəkdə karyeramızda bunlarla üzləşə biləcəyimizi də deyirdi. Həqiqətən də mənim məşqçilik karyeramda onun dediyi bir çox şeylər baş verdi. O, həmin dövrdə akademiyada məşqçilərin maariflənməsində, akademiyanın iş rejiminin qulurmasında çox iş gördü. Çünki, o, niderlandlı mütəxəssisdir. Orada bütün komandalarda infrastruktur var, akademiyalara çox ciddi fikir verirlər. Həmin dövrdə o layihənin bizə ən böyük xeyirlərindən biri də Niderland səfəri oldu. Bu səfər məşqçi kimi bizə böyük təkan oldu. "Ayaks", PSV və "Utrext"in akademiyasında olduq. PSV-də hətta əvəzedici heyətin məşqinə də baxa bilmişdik. Görüb-götürdüyümüz çox şey oldu, hər şeyi qeyd edirdik. Amma təəssüf ki, oradan qayıdandan sonra yalnız məşqləri həyata keçirə bildik. Orada gördüyümüz çox şey var idi. Məsələn iş rejimi - GPS-lə akademiyada işləmək. 8 il əvvəl olan səfər idi. Artıq həmin dövrdə Niderlandın akademiyalarında məşqçilər GPS-lə işləyirdilər. Daha sonra bir komandanın necə individual məşq keçdiyini gördük. Müdafiəçilər ayrı, yarımmüdafiəçilər ayrı, hücumçular ayrı məşq keçirdi. Bir neçə saat dincəldikdən sonra ikinci məşqə isə komanda şəklində çıxırdılar. PSV-də Ruud van Nisterloy hücumçularla ayrıca işləyirdi. Bir çox şeylər var idi. Bunları bizim akademiyalarımızda etməyimiz qeyri-mümkün idi. Sonra PSV-nin seleksiyası haqda bizə danışdılar. Bizim üçün bir mütəxəssis ayrıldı, o bizə bu haqda danışdı. PSV-nin öz bazasından başqa 9 fərqli akademiyasının hər yaş qrupunda komandaları var. Məsələn klubun mərkəzi bazasında U-14 komandasının 14-15 üzvü qalır. Bundan əlavə bölgələrdə 9 belə komanda var. Onlar il ərzində 9 komanda və əsas bazada olan komandanın təhlilini aparırlar. Bölgələrdə yaxşı olanı əsas komandaya gətirirlər. Bu, həm stimuldur, həm də həddən artıq futbolçu seçimi olur. Gələcəkdə ən yaxşıları seçib gətirirlər. Onlar kimi işləməyi bizdə yaxın gələcəkdə gözləmirəm. Orada gördüklərimizi həyata keçirmək çətindir. Bu baxımdan Niderland səfəri bizim üçün çox uğurlu oldu. Gördük, götürdük, təəssüf ki, bizdən asılı olmayan səbəblərə görə, çox şeyi tətbiq edə bilmədik”.

 

 

Uşaq futbolunu inkişaf etdirmək barədə də danışan Zaur Həçimov bununla bağlı belə fikirləşir: “Azarkeşlər də, futbol mütəxəssisləri də deyir ki, problem uşaq futbolundadır. Amma problemin həll yolu haqda konkret heç kim danışmır. Məncə, bunun həlli üçün uşaq futbolunda mütəxəssis yetişdirməkdən başlamalıyıq. Müşahidə edirəm ki, məşqçi U-10 komandasını calışdırırsa, U-19-a kimi həmin komanda ilə gedir. Bu, düzgün yanaşma deyil. U-7-dən U-11 arası komandaları təməl texnikasını bilən məşqçilər calışdırmalıdır. Və bu mütəxəssis özü onu mükəmməl bilməlidir. Vaxtilə futbol oynamış, öyrətməyi bacaran mütəxəssis olmalıdır ki, səbr edə bilsin. Uşaqlarla işləmək çox fərqli sahədir. Daha sonra 13-15 yaşda o yaş qrupları ilə işləməyi bacaran məşqçilər olmalıdır. Uzun ötürmə, başla oyun öyrətməlidir, yavaş-yavaş güc məşqləri keçməlidir. 17-19 yaşda isə artıq peşəkar futbol oynamağı aşılamağı bacaran mütəxəssislər çalışmalıdır. Bunlar hamısı mərhələ-mərhələ olmalıdır. Bizdə təəssüf ki, yanaşmalarda səhv var. Məşqçilər görmüşəm ki, özü heç vaxt futbol oynamayıb, uşaqlara filan şeyi düzgün elə deyir. Amma necə etmək lazım olduğunu heç vaxt göstərmir. Problemlərimizdən biri də budur. U-10 komandasının məşqçisi arxadan oyun qurmağı öyrədir. Belə məşq ona sərf edir. Lakin bu, o yaşda tam lazımsız bir şeydir. Sözümün canı odur ki, biz ilk növbədə mütəxəssis yetişdirməliyik. Təkcə Bakıda xeyli uşaq komandaları var ki, aşağı yaş liqalarında iştirak edirlər, amma yüksək liqa komandaları yoxdur. Seçim etmək üçün uşaqlar var. Amma onları yetişdirmək mənim baxışıma görə, problemdir. Yaxşı mütəxəssis yetişdirməkdən də əlavə mütləq yaxşı maddi təminat olmalıdır. Çünki yüksək liqa məşqçiləri ilə aşağı yaş qrupu məşqçiləri arasında maddi cəhətdən uçurum var. Ona görə də bütün məşqçilərin fikri yuxarı qalxmaq olur. Maddi vəziyyəti məşqçini qane etsə, öz işinə köklənər. Həm öyrədər, həm də özü yaxşı yaşayar, fikri başqa yerdə olmaz. Aşağı liqalarda bəzi məşqçilər var ki, məcburiyyətdən iki yerdə işləyir. Bu da nəticədə yetişdirdiyi uşaqlara təsir edir. Əlbəttə ki, akademiyalarda insrastruktur olmalıdır. Akademiya deyəndə insanın beyninə bir neçə akademiya tipi gəlir. Qalmaq, oxumaq şərtilə "Bakı"nı, "Qəbələ"ni qeyd etmək olar. İndi bəzi klublarda məcburiyyətdən akademiya var. Bir də bayaq dediyim PSV akademiyası nümunəsi var. Mərkəzləşmiş iki mərtəbəli bina var. Aşağı mərtəbəsi sırf məşqçilərin iş otaqlarıdır. İkinci mərtəbə isə yeməkxana və futbolçuların dincələcəyi yerlərdir. Ətrafında isə 8-9 futbol meydançası var. Azərbaycan üçün hazırda PSV variantı daha uyğun olar. 8-9 stadion lazım deyil, 2 stadion və mərkəzləşmiş bina olsa, bizim üçün ən ideal variantlardan biridir. Belə olanda məşqçilər futbolçulara vaxt ayıra bilər, individual çalışa bilərlər. Futbolçular da futbolu sevərlər. Çünki orada uşaqlar üçün əyləncə də olacaq. Çıxış yolunu iki amildə görürəm. Birinci məşqçilərdir. Çünki indiki şərtlərdə belə, məşqçi amili vacibdir. Ən azı stadion, inventar var, klublar bunları təmin edir. Yetişdirmək artıq məşqçinin borcudur. İnfrastruktur olsa, məşqçilərin inkişafına, yanaşmasına fikir verilsə, yaxın gələcəkdə nəsə görə bilərik.

 

 

Limit məsələsi böyük problemdir. Mən də baş məşqçi işlədiyim dövrdə gənc oyunçu limitini görə həddən çox əziyyət çəkdim. Hazırda da çox məşqçilər əziyyət çəkir. Məncə, bu problemin səbəbi Premyer Liqada komanda sayının az olmağı və bütün komandaların avrokuboklara vəsiqə uğrunda mübarizə aparmasındadır. Məşqçilər çox böyük məsuliyyətin altındadırlar. Ona görə də heç kim gənc oyunçulara şans vermək istəmir. Əvəzedici heyətləri izləyirəm. Bəzi komandalarda 1-2 nəfər var ki, şans verilsə, oynadıqca təcrübə qazanıb məşqçinin etimadını doğrulda bilər. Məsələn "Zirə"də Cəlal Hüseynova, "Sabah"da Ceyhun Nuriyeva üstünlük verilir. "Qəbələ"də bir neçə limit oyunçusu var. Məşqçi futbolçuya güvənir. Amma maksimum iki oyunçudan artıq edə bilmir. Avrokuboklara vəsiqə qazanmaq tələbi var deyə, məşqçilər daha çox yaşlı, sınaqdan çıxmış yerlilər və legionerlərə üstünlük verirlər. Müəyyən dövrdə 1996-97-ci il yaş qrupu var idi ki, həmin nəsildən yaxşı futbolçular yetişdi. Daha sonra I Divizionda yaş limiti qoyuldu və onların bir çoxu karyeralarını bitirdi. Həmin dövrdə o futbolçular karyeralarını bitirməsəydi, hazırda onlardan 6-7 nəfər əsas komandalarda oynaya bilərdi. Bu yöndə də çıxış yolu odur ki, hazırda akademiyalarda olan 13-15 yaşlı uşaqlara üstünlük vermək lazımdır. Yaxşı seleksiya edilməli və futbolçular bacarıqlı məşqçinin əlinə düşməlidirlər.

 

 

Komandaların sayı artmalıdır ki, yerli gənc futbolçular oynasın. Azərbaycan Premyer Liqasında ən azı 12-14 komanda olmalıdır ki, həmin futbolçular oynaya bilsin. Bəziləri öz gücünə heyətə düşəcək, bəzilərini məşqçi məcbur olub əvəzedici komandadan götürəcək. Futbolçu inkişaf etmək istəyirsə, oynamalıdır. Buna nə qədər misallar gətirə bilərik. Komanda sayı çox olmalıdır ki, akademiyalardan gələn futbolçular nəyəsə ümid etsin. Oyunçular əvəzedici komanda səviyyəsinə qədər gəlirlər, amma əsas komandalara düşə bilmirlər. Nəticədə məcbur olub karyeralarını bitirirlər. Futbolçu var ki, əvəzedici heyətdə 200 manat maaş alır, ona görə oxumağa, işləməyə üstünlük verir. Ona görə də bütün bunların kökündə akademiyadırsa, başında da komanda sayının çox olması durur. Komandalar nə qədər çox olsa, o qədər də çox futbolçumuz olacaq”.

 

Elçin Əlixan

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti