"Məşqçi özü heç nə bilmirsə, qapıçılığa aid heç nə keçməyibsə, onun qapıçılarla işləməsi nə dərəcədə düzgündür?"

14:00 - 13 Mart 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

X YAZI

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində növbəti yazımız futbolda qapıçılar mövzusu barədədir. Bir vaxtlar milli komandada Aleksandr Jidkov, Dmitri Kramarenko, Elxan Həsənov kimi qapçılarımız var idi. Onlardan sonrakı dönəmlərdə milli komandamızda Kamran Ağayev üzə çıxdı və uzun illər yığmanın yükünü çiyinlərində daşıdı. Tək adlarını çəkdiklərimiz yox, onlarla yanaşı xeyli sayda yaxşı qapıçılarımız olub.

 

Lakin indi vəziyyət o qədər də, ürəkaçan deyil. Bu istiqamətdə durğunluq var. Qapıçıların yetişməməsinin səbəblərini və bu sahədə inkişafa nail olmağın yollarını araşdırmaq üçün “Neftçi” klubunun qapıçı məşqçiləri üzrə koordinatoru olan Kamil Qafarova müraciət etdik. Bu sahənin bütün incəliklərinə bələd olan Kamil müəllim əslində, Aleksandr Jidkov, Dmitri Kramarenko, Elxan Həsənov kimi qapıçıların üzə çıxdığı vaxtlarla müqayisədə indi inkişaf etmək üçün daha münbit şəraitin olduğunu deyir:

 

“O vaxt elm inkişaf etməmişdi. Avropanın özündə də qapıçı texnikası deyilən bir şey yox idi. Berti Foqtsun dönəmində milli komandamızda qapıçılarla işləyən məşçqi olan Uli Ştayn bizə deyirdi ki, o vaxt bizdə də qapıçı məşqçisi yox idi. Elxan Həsənovla da söhbət etmişəm. O da deyir bizim vaxtımızda özümüz özümüz üçün məşq keçirdik. Sadəcə olaraq onlar qapıçı kimi doğulublar. Cəldlik, çeviklik, partlayıcı gücün hesabına yaxşı qapıçı olublar. Artıq dünyada hər şey inkişaf edib. Qapıçı məşqçisi o demək deyil ki, ancaq qapıya top vursun. Savadlı məşqçi qapıçıya düzgün detalı, mövqe oyununu, düzgün texnikanı öyrədəndir. Avropada bu, inkişaf edib. Təəssüf ki, bizdə inkişaf etməyib və indi də qapıçı məşqçiləri baxımından əziyyət çəkirik. Maariflənmə çox aşağı səviyyədədir. Qapıçı məşqçisi birinci özü maariflənməli, öyrənməli, sonra məşq keçməlidir. Son illərə qədər bizdə məktəb olmayıb. Kamran Ağayev özü də məktəbi olmaya-olmaya gəlib. O da qapıçı kimi doğulan insandır. 

 

Qapıçı birinci qapıçı kimi doğulmalıdır. Böyük qapıçı olmaq üçün anadangəlmə istedad olmalıdır. Cəldlik, çeviklik, elastiklik, partlayıcı gücü varsa, onu yaxşı qapıçı etmək daha asan olur. Amma bunlar kifayət etmir. Ona düzgün dərs keçilməsə, düzgün detallar öyrədilməsə, heç vaxt böyük qapıçı olmayacaq. Bu gün Azərbaycanda qapıçı dayana bilər, ona göz yumarlar. Bu da mütəxəssislərimizin az olmasından irəli gəlir. Elə qapıçılarımız olub ki, mən böyük klublarda işləsəydim, onları qapıya qoymazdım”.

 

 

Səviyyəli qapıçıların yetişməsini istəyiriksə, ilk növbədə savadlı qapıçı məşqçiləri yetişdirmək lazımdır. Kamil Qafarov da mövzunu bu istiqamətdə davam etdirir:

 

“Bizdə qapıçılar C kateqoriyasını oxuyub məşqçi işləyirlər. Lakin C kateqoriyası kursunda qapıçılıqla bağlı heç nə keçilmir. Məşqçi özü heç nə bilmirsə, qapıçılığa aid heç nə keçməyibsə, onun qapıçılarla işləməsi nə dərəcədə düzgündür? Məşqçilərimiz təkəbbürlü olmasalar, xırda detalları burada da diskussiyalarla öyrənmək, onları öyrənəndən sonra isə seminarlarda iştirak etmək olar. Çünki seminarlarda həmin kiçik detalları öyrətmirlər. Orada ancaq istiqamət verirlər, yeniliklərdən danışırlar. Bir qapıçı məşqçisi texnikanı öyrənmədən dünyanın harasında seminar keçir-keçsin ona heç vaxt kömək etməyəcək. Öncə təməli öyrənmək lazımdır. Təməli öyrənib sonra əlavə olaraq seminarlara getsək, hər seminarda öyrəndiklərimiz bizim inkişafımız olacaq. Təəssüf ki, bizdə klublar qapıçı məşqçilərini seminarlara göndərmirlər. Yaxşı olardı ki, AFFA-da kateqoriyalardan əlavə tez-tez qapıçı seminarları keçirilsin. Əvvəl Viktor Migel var idi, İspaniyadan gəlmişdi, AFFA-da qapıçılar üzrə ümumi koordinator işləyirdi. O tez-tez belə seminarlar keçirdi. Onun vaxtında mən çox şey öyrəndim. Həmin vaxt 3-4 seminardan nələrsə öyrənmişəmsə, ildə iki dəfə AFFA-da seminar olsa, məşqçilər çox şey götürər.

 

Qapıçıların inkişafı, savadlı qapıçı yetişdirmək üçün öncə klublarda sistemli iş qurulmalıdır. Savadsız qapıçı olmaz. Sistemli iş qapıçı məşqçiləri üzrə  koordinator tərəfindən təşkil olunmalıdır. Koordinator özü də savadlı olmalı, detalları, bütün incəlikləri bilməlidir, öz mütəxəssislərinə savad verməlidir. Klubda 9 yaş qrupu varsa, ən azı 7 qapıçı məşqçisi olmalıdır. Bir məşqçi üç məşqə çıxırsa, ondan inkişaf gözləyə bilməzsən. Avropada detallara fikir verirlər. Qapıçını böyük qapıçı edən bu detallardır. Qapıçı xırda detallarla komandanı xilas edir. Onu nə azarkeş görür, nə də bir çox mütəxəssislər.

 

Azərbaycanda savadlı mütəxəssislər çatışmırsa, heç olmasa, müvəqqəti olaraq xaricdən qapıçılar üçün savadlı koordinatorlar gəlməlidir. Bir klubda iki-üç qapıçı məşqçisi olmamalıdır. Yaxşı olar ki, hər yaş qrupunun öz qapıçı məşqçisi olsun və koordinator onlara nəzarət etsin. Sistemli iş qurub qapıçıları inkişaf etdirmək olar. Bizdə elə savadlı uşaqlar var ki, batıb gediblər. Niyə? Düzgün, detallı iş görülməyib, düzgün savadlanmayıblar. Bir qapıçı təkcə qapıda durmalı deyil. O, qapıda savadla dayanmalıdır. Təəssüf ki, biz qapıçıya savad verə bilmirik”.

 

 

“Neftçi”nin qapıçı məşqçiləri üzrə koordinatoru olan Kamil Qafarov klubda gördüyü işlər barədə də məlumat verdi:

 

“Bir il yarımdan çoxdur "Neftçi"də işləyirəm. Bu müddət ərzində 2-3 qapıçımızda inkişaf olub. Əminliklə deyə bilərəm ki, "Neftçi" klubunda sistemli iş qurulub. Hər yaş qrupuna diqqət edirik. Əsas diqqətimizi də aşağı yaş qruplarına yönəldirik ki, onlar detallı, dəqiq öyrənsin, kor-koranə böyüməsinlər. Qapıçı duruşu necə olmalıdır, necə dönmək lazımdır, topa necə çıxmaq və necə yıxılmaq lazımdır, bunların hamısını uşaqlara detallı şəkildə öyrətməyə çalışırıq. Qapıçılar məşqə gələndə onların sualları olur. Onların suallarını cavablandırmağa çalışırıq. Təəssüf ki, bizdə elə şeylərə önəm verən yoxdur. Qapıçı kor-koranə böyüməli deyil. Şükürlər olsun ki, "Neftçi" klubunda sistemli işi qurmağı bacarmışıq. Qapıçı məşqçiləri məşqə çıxanda hansı məşqi keçəcəyini fikirləşmirlər. Hamısının əlində proqram var. 13 yaşa kimi ayrı, 13 yaşdan yuxarı isə ayrı proqramdır. 14 yaşdan 19 yaşa kimi proqram demək olar ki, eyni gedir. Sistemli iş odur ki, bizim bəlli bir texnikamız var. Məsələn, yerlə gələn topları qapıçıya mən başqa cür, digər məşqçi başqa cür göstərmir. Eyni sistemdə iş gedir. Bunu əvvəlcədən məşqçilərə göstərmişik. Həmin material əllərində də var”.

 

Elçin Əlixan

 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

 

Xəbər xətti