"Roys Qreysini iki dəfə Azərbaycana dəvət etmişik" MÜSAHİBƏ

22:01 - 26 May 2022

Medianın İnkişafı Agentliyinin layihəsi

 

YAZI XXI

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Ciu-Cutsu dünyada geniş yayılmış idman növlərindən biridi. Hətta hazırda ən məşhur idman növlərindən olan MMA idmançıları da daha uğurlu olmaq üçün Ciu-Cutsuya önəm verirlər. Adıçəkilən idman növü dünyada geniş yayılsa da, təəssüf ki, Azərbaycanda o qədər də populyarlıq qazanmayıb. Halbuki sağlam bədəndə sağlam ruh olar fikrilə getsək, yeniyetmələr üçün önəmli idman növlərindən biri hesab oluna bilər. Əslində, Ciu-Cutsunun da bir neçə növü var. Daha çox populyar olanı Braziliya Ciu-Citsusudu desək, yanılmarıq. Azərbaycanda da Braziliya Ciu-Cutsusu ilə məşğul olanlar, bu idman növünün ölkəmizdə populyarlaşması üçün “mübarizə” aparanlar var. Həmin insanlardan biri də Azər Beydullayevdi. Belə ki, bu şəxs Azərbaycan Ciu-Cutsu federasiyasının Braziliya Ciu-Cutsusu departamentinin rəhbəridi. Sportal.az saytına müsahibə verən departament rəhbəri ölkəmizə Braziliya Ciu-Cutsusunu gətirən insanlardandı. O, saytımıza müsahibəsində ölkəmizdə bu idman növünə olan maraqdan və ümumiyyətlə, Ciu-Cutsunun Braziliya növünün Azərbaycana gəlməsi barədə danışıb.

 

 

I HİSSƏ

 

- Braziliya Ciu-Cutsusu Azərbaycana necə və nə vaxt gəlib?

- Braziliya Ciu-Cutsusunu Azərbaycana eyni zamanda bir neçə adam gətirib. Onlardan biri də mənəm. Özüm bu idman növü ilə Rusiyanın Moskva şəhərində məşğul olmağa başlamışam. 1998-ci ildə Moskva çempionu olmuşam. Bir il sonra Rusiya çempionatının gümüş mükafatçısıyam. 2007-ci ildə Bakıya qayıtmışam. O zaman artıq Azərbaycan Ciu-Cutsu federasiyası fəaliyyət göstərirdi. 1998-ci ildə federasiyanı, bizim də məşqçimiz olmuş Mirəli Seyidov yaradıb. Uşaqlıqdan onun yanında idmanla məşğul olmuşam. Azərbaycan Ciu-Cutsu federasiyasını inkişaf etdirən şəxs də özüdü. Mən Moskvadan gəldikdən sonra Mirəli müəllimə müraciət etdim, o da məni yanına dəvət etdi. Federasiyada Braziliya Ciu-Cutsusu departamenti yaratdıq. Ona qədər isə bizdə bu yox idi. Bugünkü günə kimi də işləyirik, həmin departament fəaliyyət göstərir. Braziliya Ciu-Cutsusu növünü Azərbaycanda biz inkişaf etdiririk.

 

- İnkişafdan razısız? Sizcə, nəyə görə bu idman növündə kütləvilik istənilən kimi deyil?

- Braziliya Ciu-Cutsusu ölkəmizdə cavan idman növlərindəndi. İnsanlar hələ ki, bu idman növünü tam olaraq tanımırlar, məlumatlı deyillər. Ona görə ki, yarışlarımız az olur, az-az keçirilir. Doğrudu, Azərbaycan Gənclər və İdman Nazirliyi bizə köməkliyini göstərir. Lakin Ciu-Cutsunun Olimpiya idman növü olmaması öz təsirini göstərir. Amma işləyirik, çalışırıq, regionlarda da klublarımız var. Bölgələrdə yarışlar keçiririk, onları dəvət edirik paytaxta, ya özümüz gedirik ora seminarlar veririk. İnsanları da bu idman növü ilə tanış edirik.

 

- Azərbaycan Gənclər və İdman Nazirliyindən söz düşmüşkən, Fərid Qayıbov bu posta gəldikdən sonra müxtəlif idman növlərinin federasiyaları ilə görüşlər keçirir. Sizinlə necə, belə bir görüş planlaşdırılır?

- Fərid müəllimin müavini ilə görüşmüşük. Bugünkü gündə Olimpiya idman növləri federasiyaları ilə işlər aparılır. Onlardan sonra növbə qeyri-Olimpiya idman növlərinə çatacaq. Hansı federasiyalar akreditasiyadan keçəcək, onlarla iş davam etdiriləcək.

 

 

- Siz hansı sırada olacaqsız?

- Bizim akkreditasiyamız artıq hazırdı. İnşallah, Fərid müəllimlə görüş planlaşdırılıb. Yəqin ki, yaxın vaxtlarda görüşümüz olacaq.

 

- Ciu-Cutsuda Qreysi ailəsinin rolu önəmli olub. Bu ailədən kiminləsə münasibətiniz var?

- Əlbəttə. Roys Qreysini iki dəfə Azərbaycana dəvət etmişik. Paytaxtımızda iki dəfə səfərdə olub, seminarlar verib. Hazırda ABŞ-da yaşayır. Onunla kontaktımız da var.

 

- Növbəti dəfə onu ölkəmizə dəvət etmək planınız var?

- Bəli, belə bir planımız var. İnşallah dəqiqləşsin, məlumat verərəm sizə. Bir dəfə 2019-cu ildə, bir də 2020-ci ildə Bakıda olmuşdu. Sağolsun, dəvətimizi qəbul edib gəlmişdi. Növbəti dəfə də dəvət etmək istəyirik.

 

 

- Ölkəmizdə ciu-cutsu üçün kütləviliyi artırmaq üçün bundan əlavə nə etməyi planlaşdırırsınız?

- Ümumiyyətlə, hər bir idman növününü inkişafı reklamdan keçir. Hər bir ölkələrdə də belədi. Bizim ölkədə sadəcə qeyri-Olimpiya idman növlərinə maraq azdı. Müəyyən səbəblər var. İnsanlar müəyyən şeyləri nəzərə alırlar. Amma ümid edirik ki, ciu-cutsu da ölkəmizdə daha çox diqqəti cəlb edəcək, marağa səbəb olacaq. İstənilən halda biz həvəslə, istəklə çalışırıq, ölkəmizdə ciu-cutsunun inkişafını istəyirik.

 

Mirbağırağa Cəfərli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

 


 

Xəbər xətti