"Mariya Stadnik mənə çox kömək oldu"

12:44 - 19 İyun 2022

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 dəst medal qazanan qızlardan ibarət yığmamız vətənə qayıdıb.

Sportal.az xəbər verir ki, 66 xalla komanda hesabında 5-ci yeri tutan millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançılar və yığma üzvlərinin yaxınları qarşılayıb.
 

İdmançılar və məşqçilər federasiyanın mətbuat xidmətinə açıqlama veriblər:

 

Həsrət Məmmədyarov, böyük məşqçi:
“Federasiya rəhbərliyindən çox razıyıq. Yüksək səviyyədə təlim-məşq toplanışları keçdik. Görüşlər əla keçdi. Biz istədiyimizə nail ola bildik. Əlbəttə, daha çox medal qazana bilərdik. Qızlarımızdan birinin ilk görüşdə qolu əzildi. Çalışacağıq ki, dünya çempionatında bundan da yaxşı nəticə göstərək. Bu qızların yaxşı perspektivi var. Ruzanna və Elvinanın çıxışı çox xoşuma gəldi. Bir az da yaxşı hazırlaşsaq, daha yüksək nəticələr əldə edə bilərik”.

Ruzanna Məmmədova (49 kq), Avropa çempionu:
“Güclü təlim-məşq toplanışları keçdik. Bunun üçün məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. Dünya çempionatına az qalıb. İnşallah, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr əldə edərik. Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm”.

Elvina Kərimzadə (43 kq), Avropa ikincisi:
“Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. İnanıram ki, dünya çempionatına bundan da yaxşı hazırlaşıb, bayramızı yüksəklərə qaldıracağıq”.

Aysel Məmmədzadə (46 kq), Avropa üçüncüsü:
“Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, vətənə əliboş qayıtmadıq. İnşallah, qarşıdan gələn dünya çempionatında daha yaxşı çıxış edəcəyik”.

Xəbər xətti