Millimizin üzvü: "Qrupun favoriti biz hesab edilsək də, arxayınlaşmaq olmaz"

17:23 - 10 İyul 2022

Milli komandanın rəqiblərini dəyərləndirmək üçün təcrübəli qolkiper Emin Kürdova Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, son illərdə “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı oyunlarında da bu komandaya kömək edən qolkiper əvvəlcə qitənin ən mötəbər futzal klub turniri haqda danışdı:

 

“Araz-Naxçıvan”ın rəqiblərindən birinin adı dəqiqləşib - “Mostar”. Bosniya və Herseqovina çempionu ilə 2017-ci ildə də qarşılaşmışdı təmsilçimiz və həmin oyunda inamlı qələbə qazanmışdıq 5:2. Oyunların onların meydanında keçirilməsi bu komanda üçün nisbətən üstünlük hesab edilə bilər. Digər iki rəqib isə hələ məlum deyil.

 

Milli komandaya gəldikdə, sərfəli qrupa düşmüşük. Yunanıstan millisi ilə sonuncu dəfə 1 il əvvəl qarşılaşmışdıq. Bakı İdman Sarayında onları 4:0 hesabı ilə yenmişdik. Həmin matçdan 3 ay əvvəl Afinada keçirilmiş oyunda da biz qələbə qazanmışdıq – 3:0. Onları yaxşı tanıyırıq. “Dişimiz”ə görə rəqibdir. Daha doğrusu, udulası komandadır. Polşanın gücünü isə həm Sloveniyada, həm də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində görmüşəm. Yaxşı təsir bağışladı bu komanda. Qrupun favoriti biz hesab edilsək də, boşluğa yol vermək, arxayınlaşmaq olmaz. Bu gün istər Avropada, istərsə də digər qitələrdə orta səviyyəli komandalar iddialıları büdrədir, xal alır. Biz də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində Gürcüstanla matçda yol verdiyimiz səhvdən nəticə çıxarmalıyıq, təkrarlanmasına imkan verməməliyik. Həmin matçda hesabda 2:0 üstünlük qazandığımız zaman, nə baş verdisə, sonda yenildik. Ona görə bütün rəqiblərə hörmətlə yanaşmalı, matçlara məsuliyyətlə çıxmalıyıq. Belə deyim də, qarşıya qoyulan məqsədə nail olmaq öz əlimizdədir”.

Xəbər xətti