Azər Haşımov: "Mingəçevirdə futbol akademiyası yaradılsa, əvvəlkindən də çox futbolçu yetişər"

11:04 - 24 İyul 2022

Yeni mövsümdən birinci divizionda çıxış edəcək klublardan biri də "Mingəçevir" olacaq.

Eyniadlı rayonun təmsilçisi olan komandanın "sükanı" Azər Haşımova tapşırılıb. O, Mingəçevir futbolunun yetirməsidi. Gənc məşqçi futbolçu kayerası ərzindən "Qəbələ", "Karvan", MOİK klublarında çıxış edib. Butslarını mismardan asandan sonra isə məşqçi kimi "Qəbələ"nin akademiyasında çalışmış Haşımov yeni mövsümdən özü üçün doğma sayılan Mingəçevir təmsilçisinə kömək olacaq.

O, komandanın yeni mövsümə hazırlığı və rayondakı uşaq futbolundan söhbət açıb.

- İşləriniz necə gedir? Böyük futbolun Mingəçevirə qayıtmasının sevincini yaşayırsız yəqin?
İşlərimiz normal şəkildə davam edir. İyulun 11-dən seleksiya xarakterli məşqlərimizi keçirik. Bizə lazım ola biləcək oyunçuları seçdik. Əsasən keçən ildən qalan yerli futbolçulara üstünlük verəcəyik. Kənardan da bizə kömək ola biləcək oyunçular gələ bilər.  

- Şəhərin özü necə, insanlar birinci divizionda çıxış edəcəyinizə görə çox sevinir? Yəqin ki, insanlar da səbirsizliklə gözləyir çıxışınızı? 
Aprelin 29-da birinci divizionda çıx edəcəyimiz qərarı veriləndən bu yana Mingəçevirdə hamı çox sevinir. Ki, böyük futbol bu şəhərə qayıtdı. Mingəçevir həmişə futbol şəhəri olub. Bu şəhər futbolu ilə tanınıb, milliyə çox futbolçular qazandırıb. Biz də çalışacağıq ki, işimizi peşəkar səviyyədə görüb Mingəçevir camaatını sevindirək. Mingəçevir şəhərinin camaatı futbolla yaşayır, futbolun başlmasını səbirsizliklə gözləyirlər. Hətta Regional Liqada oynayanda stadionumuzda oyunlarımızı 4200 azarkeş izləyirdi. Tribunaları doldururdular. Sanki oyun Azərbaycanda yox, Avropa şəhərlərinin birində keçirilirdi. "Zone 45" fan-klubumuz bizi hər zaman yüksək səviyyədə dəstəkləyirdi. Evdə də, səfərdə də eyni idi dəstək. Azarkeşsiz futbol maraqsızdı. Futbola rəng qatan elə onlardı. Məşqlərimizə də 80-100 azarkeş gəlir. Biz də bacardığımız qədər işimizi daha da məsuliyyətli görüb, azarkeşlərimizi sevindirəcəyik. 



- Komandaya artıq maliyyə ayrılıb? 
- Xeyr, hələ ki, maliyyə ayrılmayıb. AFFA-dan cavab gözləyirik. Oradan büdcə ayrılmalıdı. Ona uyğun da iş planlarımızı görəcəyik. Hələ ki, maliyyə məsələsi təsdiqini tapmayıb. Amma söz verilib bizə və biz də bacardığımız qədər işimizi görməyə çalışırıq.

- Toplanışı yəqin ki, elə Mingəçevirdə keçirəcəksiz? 
- Əlbəttə ki, toplanışımız olacaq. Mütləq şəkildə olmalıdı. 99 faiz də Mingəçevirdə hazırlaşacağıq. Belə planımız var.




- Ölkədə sanki futbolçu qıtlığı var. Belə vəziyyətdə heyəti istədiyiniz kimi komplektləşdirə biləcəksiniz? 
Bəli, hardasa futbolçu qıtlığı ola bilər. Amma bacardığımız qədər, büdcəmizə uyğun heyət yığacağıq. Limit də qoyulub, beş nəfər mütləq ki, 2002,2003, 2004 təvəllüdlü futbolçular olmalıdı. Bu məsələdə bir balaca çətinliklərimiz var. Yəqin ki, toplanışda bu problemləri həll edərik. Normal və istədiyimiz kollektivi formalaşdıracağıq.

- Keçən həftə sosial şəbəkələrdə məşqdən olan videonuz yayılmışdı. Baxışa gələn futbolçunun mövqeyini öyrənirdiniz. Həmin məsələ haqda fikrinizi bilmək istəyərdim...
Bu məsələyə toxunduğunuza görə təşəkkür edirəm. Çünki mən özüm də bu məsələ ilə bağlı danışmaq istəyirdim. Ötən il Region Liqasında oynamışdıq. AFFA rəhbərliyi sağolsun, bizim birinci divizionda oynamağımıza icazə verdi. Region Liqası həvəskar statusu daşıyır. Peşəkar səviyyədə komandamız indi-indi formalaşır, yavaş-yavaş futbola qədəm qoymağa başlayırıq. Bugünkü gündə 40-a yaxın futbolçu gəlir baxışa. Biri Zaqataladan, biri Gəncədən, bir başqa bölgədən gəlir. Orada yazırdılar ki, "bu necə məşqçidi ki, oyunçularını tanımır? ". O cür yazanlara demək istəyirəm ki, hərə bir tərəfdən gəlib, seleksiya bəs nədən ötrüdü? İkitərəfli oyunda kimin mövqeyinin hansı olduğunu, nəyə qadir olduğunu müəyyənləşdiririk. Hər halda mən 3-4 ilin komandasını yığmamışam ki,  hamını tanıyam. Hərə bir tərəfdən gəldiyinə görə, onları tanımaya bilərəm, normaldı. Mən "Qəbələ" də əvəzedici heyətdə, U-19 komandasında işləmişəm. Biz də bilirik ki, komanda şəklində dəst məşq, oyun formaları olmalıdı. Amma biz birinci divizionda yeni başlamaq istəyirik. Hər bir başlanğıcda da çətinlik olmalıdı. Kənardan, baxışa gələn 40 nəfərin hamısına forma paylaya bilmərik. Axı, hələ bizə büdcə də ayrılmayıb ki, dəst formalarımızı alaq. Məşqimizə davam edirik, nə vaxt rəhbərlikdən büdcə ayrılacaq ona uyğun formamızı da alacağıq, işlərimizi də normal şəkildə görəcəyik. Bunlara görə çətinliyimiz var idi. Yəqin ki, tez bir zamanda onlar da yoluna qoyulacaq.




- Matçlarınızı Mingəçevir şəhər stadionunda keçirəcəksiniz? 
Bəli, oyunlarımızı Mingəçevir şəhər stadionda keçirəcəyik. Stadionumuzun müdiri Akif Hüseynov əlindən gələni edir. Bir meydançamız var, orada məşq edirik, sonra da stadionu sulayırlar, biçirlər. Əllərindən gələni edirlər. Sizin vasitənizlə Akif müəllimə təşəkkür edirəm. Çox əziyyət çəkirlər, istiyə, saat fərqinə baxmırlar. 5200 tutumlu stadionumuz var. Oturacaqlar da yavaş-yavaş təmir olunacaq. Bizə ən çox çətinlik yaradan məsələ ikinci meydançamızın olmamasıdı. O da həll olunmalıydı. Sadəcə işimiz gecikir. İkinci meydançamız olsaydı, məşqlərimizi orada edərdik. Sadəcə oyundan bir gün əvvəlki məşqi və oyunu əsas meydançamızda oynayardıq. Belədə, meydançamız daha yaxşı durumda olardı. Ona görə meydança məsələsində sıxıntılarımız var. Yəqin ki, bunlar da gələcəkdə bunlar həll olunar.

- Ümumiyyərlə, birinci divizionda komandanın qarşısına qoyulan məqsəd nədən ibarət olacaq? Qarşıdakı neçə il ərzində Premyer Liqada oynamağı hədəfləmisiz?
Yeni komandayıq, yeni formalaşırıq. Hər bir komandada formalaşana qədər çətinliklər olacaq. "Zaqatala" və digər klublar bir neçə ildi oynayırlar. Hədəfimiz nizamlı komanda yaratmaq, meydanda döyüşkən kollektiv olmasına çalışmaqdı. Mingəçevir futbolunun adına layiq komanda yaratmaq istəyirik. Rəhbərlik qarşıma bəzi məqsədlər qoyub. Məşqçi kimi öz məqsədim də odur ki, Mingəçevir və Azərbaycan futboluna xeyir verə biləcək oyunçular intizamlı, yaxşı futbolçular yetişdirim. Şəxsən mənim məqsədim də odur. Əsas da dediyim kimi, hədəf mübariz kollektiv formalaşdırmaqdı.




- Mingəçevir futbolunun yetirməsisiniz. Hər halda sizin üçün də məşqçi kimi böyük futbolda ilk addım olacaq. Bu mənada həyəcanlı deyilsizki? "Mingəçevir"də uğur qazanmaq mümkün olacaq?
Xeyr, heç bir həyəcanım yoxdu. Həyəcanlı o insan olar ki, heç nə bilməsin, nədənsə narahat olsun. Mənim üçün çox xoşdu. Çünki Mingəçevirdə böyümüşəm, buranın yetirməsiyəm. Ancaq futbol karyeram ən çox "Qəbələ" ilə bağlıdı. Bu klubda 5 il futbol oynamışam, 5 il məşqçi işləmişəm. "Şəmkir", " Kəpəz", MOİK, "Karvan", " Neftçala"da oynamışam. Futbolda gördüklərimi futbolçularıma çatdıracam ki, daha yaxşı və intizamlı futbolçu olsunlar. "Qəbələ"də Xaqani Məmmədovla birlikdə U-15 komandasında çempion olmuşuq. Emin İmaməliyevlə " Qəbələ"nin U-17, U-19 komandalarında da çempionluq yaşamışıq. Hətta ölkəmizi Gənclər Liqasında da təmsil etmişik. "Şerif"i keçərək, mərhələ adlayan ilk Azərbaycan klubu olaraq tarixə keçmişik. Həmin vaxtı mən də orada olmuşam. Hazırki baş məşqçi Elmar Baxşıyevin əvəzedici heyətdə köməkçisi olmuşam. Xaqani Məmmədovdan çox şey öyrənmişəm. Emin İmaməliyev, Elmar Baxşıyevin təcrübələrindən yararlanmışam. Bacardığımız qədər Azərbaycan və Mingəçevir futboluna məqsədli şəkildə gəlmək istəyirəm. Klubun adını çəkmirəm, mənə uşaq futbolunda koordinatorluq da təklif olunub. Amma mən Mingəçevirə görə getməmişəm ki, bu şəhərin futboluna dəstəyim, köməyim olsun. 

- Özünüz maariflənmə baxımından nələr edirsiniz? Hansı kateqoriyaya maliksiz? 
Hazırda B kateqoriyam var. Çox güman ki, tez bir zamanda A kateqoriyasının kurslarına qatılacam. Mingəçevir futbol şəhəridi, buranın futbolçularını sadəcə istiqamətləndirmək, maarifləndirmək lazımdı. Saatyarımlıq məşqlə futbolçunun işi bitmir. Yatmağı, qidası, rejimi önəmlidi. Çalışıram ki, öz futbolçularıma bu barədə danışım ki, beyinlərinə həkk olunsun. Tək məşq etməklə olmur, ardını gətirmək lazımdı.



- Yeni mövsümdən birinci divizionda bölgə klubları çoxluq təşkil edəcək. Bu, futbolçuların inkişafında böyük önəm kəsb edəcək?
Bəli, yeni sezondan futbolumuzda bölgələr daha çox təmsil olunacaq. Əlbəttə ki, nə qədər çox bölgədə futbol olsa, bir o qədər inkişaf edəcəyik. Mən həmişə bu fikirdəyəm. Çünki bölgələrdə futbola azarkeş daha çox gəlir. Futbolçu daha çox azarkeş görəndə, bir o qədər məsuliyyətli olub, özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu da futbolçulara, Azərbaycan futboluna yaxşı təsir edəcək.

- Son illərdə divizionun bəzi klubları ölkə kubokunda iştirak etmir, imtina edir. Siz necə, hər halda həm də kubokda özünüzü göstərməyə çalışacaqsınız? 
Biz mütləq şəkildə kubokda iştirak edəcəyik. Məqsədimiz odur ki, kubokda iştirak edək. Premyer Liqa təmsilçisilə də düşsək, bizim üçün daha yaxşı olar ki, oyunçularımızın təcrübəsi daha da yüksələr. Hər halda təcrübəli futbolçulara qarşı oynamaq təcrübə qazandırır. Futbolçular yüksək səviyyəli rəqiblərlə qarşılaşanda daha da inkişaf edirlər.



- Əsas məsələlərdən biri də uşaq futboludu. Ümumiyyərlə, Mingəçevirdə uşaq futbolunun durumu nə yerdədi, perspektiv vəd edir?
Mingəçevirdə perspektivli uşaqlar çoxdu. Hazırda 9-12 yaşlı uşaqlar var. Əsas stadionun yanındakı meydançada məşq edirlər. Orada şərait qurulsa, futbolçular daha yaxşı inkişaf edər. Mingəçevir futbolunun yetirmələri bugünkü gündə "Sabah", " Vətən", "Qəbələ", " Neftçi", "Turan Tovuz" da var. Birinci divizionda komandamızın olması yaxşıdır. Çünki 15 yaşına kimi gələn perspektivli futbolçu sonradam gedir başqa komandada oynayır. Mingəçevirdə futbol akademiyası yaradılsa, əvvəlkindən də çox futbolçu yetişər. Əvvəl həmişə deyirdilər ki, futbolçu Gəncədə, Tovuzda, Mingəçevirdə yetişir. Çox perspektivli uşaqlarımız var. Ssdəcə böyüyürlər, görürlər yoxdu komanda, məcbur olub başqa klublara gedirlər. Uşaq futbolu yaralı yerimizdi. Nəinki bizim, Azərbaycanın özündə də belədi. Uşaq futbolunda problemlərimiz çoxdu. Biz komandamıza 15-16 yaşlı perspektivliləri cəlb edəcəyik ki, daha da inkişaf etsin. Uşaq futbolunda inventarlar, meydança, şərait olmalıdır. Yaxşı da məşqçi olmalıdır ki, uşaqlara istiqamət versin. Birinci divizionda komanda yaratmaq fikri olan sponsor, uşaq futboluna önəm verib başlasa, daha gözəl olar. Çünki illər sonra bunun bəhrəsini görə bilərik. "Qəbələ" akademiyasında o vaxtı aşağı yaş qruplarından ibarət komandaları minimum ildə bir dəfə Gürcüstan, Türkiyə, Çexiya, Fransa kimi ölkələrinə göndərirdilər. Onlar futbol oynamalıdır ki, harada çətinlikləri, boşluqları olduğunu bilsinlər. O zaman daha çox inkişaf etsinlər. Uşaq futbolu yaralı yerimizdi. Ümidvaram ki, tezliklə bu problemlərə son qoyular.

Mirbağırağa Cəfərli   

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI IV


 Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

Xəbər xətti