"Karyeramın uğurlu alınması üçün qardaşım əlindən gələni etdi" - MÜSAHİBƏ

16:59 - 7 Avqust 2022

Bir neçə gün əvvəl İngiltərədə futbol üzrə qadınlardan ibarət millilərin Avropa çempionatı başa çatdı. Yerli komanda finalda Almaniyanı məğlub etməklə qitədə hamıdan güclü olduğunu sübut etdi. Çempionatın gedişində və finaldakı azarkeş sayından da qadın futboluna son illərdə marağın artmasını müşahidə etmək olardı.

Bəs Azərbaycanda qadın futbolu hansı durumdadı? Həm maraq, həm də səviyyə baxımından hələ ki, Avropadan çox uzağıq. Doğrudur, Azərbaycanın qadın millisilə bağlı sevindirici məqamlar da var. Belə ki, kişi futbolçularımızı xaricdən istəyən yoxdursa, qadın futbolçularımızın əksəriyyəti legioner həyatı yaşayır. Uzun illərdir ki, Azərbaycan millisinin formasını geyinən, hazırda da kapitan sarğısını daşıyan “Krasnodar”ın üzvü Sevinc Cəfərzadə ilə qadın futbolumuz barədə danışdıq.

- Futbolla nə vaxtdan məşğulsunuz? Necə alındı ki, futbolla məşğul olmağa başladınız?
- Uşaqlıqda qardaşım və əmim oğlanları futbola gedəndə məni də özləri ilə aparardı, qapıda dayanardım. Futbolla məşğul olduğum üçün ən çox qardaşıma, ailəmə borcluyam. Ən çox dəstək onlardan gəlib. Qardaşım da futbolçu idi, "Xəzər Lənkəran"ın əvəzedici heyətində oynayırdı. Müəyyən səbəblərdən onun peşəkar karyerası baş tutmasa da, o, mənim karyeramın alınması üçün əlindən gələni etdi. Bunun üçün qardaşıma minnətdaram.

- Azərbaycanda oynadığın illəri necə xatırlayırsınız?
- Lənkəranın UGİM, "Zaqatala" və "Fidan"(Bakı) klublarında oynamışam. Təbii ki, xoş xatirələr çoxdu. Ən çox da rayonlara gedəndə pendir-çörək yeməyimizi xatırlayıram. Kimin nəyi var, şirin-şirin bölüşürdü. Həmin anları heç vaxt unutmaram.

- Azərbaycanda ailələr qızlarının futbolla məşğul olmasına o qədər də isti yanaşmır. Sizin necə, ailənizdə narazı olanlar var idi?
- Məncə, təkcə futbol deyil, digər idman növlərilə də məşğul olmalarına isti yanaşmırlar. Bu da təəssüf doğurur. Mənə də çox çətin olub. Hansı basqılar olduğunu desəm, bitməz. Amma mənim atam da vaxtilə kəndlərarası futbol çempionatlarında oynayıb, futbol adamı olub. Qardaşım da qeyd etdiyim kimi futbolçu idi. Ən əsası da, yəqin ki, futbola olan istəyimi və ən azından bacarıqlı olduğumu gördükləri üçün mənə inanıb dəstək oldular.

 


- Ailələrin qızlarını futbola buraxmamasını nə ilə əlaqələndirirsiniz?
- Məncə, burada birinci növbədə mentalitet məsələsi dayanır. Ailələrin uşaqlarına inamı olmalıdı. Fərqi yoxdur, uşaq hansı sahədədi. Hətta istedadlı olmasan belə, həmin inamı hiss etməlisən. Çünki daim çalışaraq istedadlı insanları da keçmək mümkündü. Amma bu məsələ əvvəllər daha qəliz idi, indi bir az normala dönüb. Demirəm ailələr uşaqlarını mütləq futbola yazdırsın, digər idman növlərindən birinə də yazdıra bilərlər. Bunun üçün ailələr şərait yaratmalıdı. Bəlkə də ailələr zədələrdən ehtiyat etdikləri üçün istəmirlər, bu da başadüşüləndi. Amma ailələrə demək istəyərdim ki, uşaqları hansısa idman növü ilə məşğul olmaq istəyirsə, onlara sərhəd qoymasınlar, dəstək olsunlar. İnanın ki, bir gün övladınızla fəxr edəcəksiniz.



- Yəqin ki, hazırki durumda Azərbaycana qayıdaraq yerli liqada oynamaq istəməzdin?
- Sözün açığı, qayıtmaq fikrim hələ ki, yoxdu. Gələcək isə Allahın işidi, yaşayarıq görərik. Olduğum yer, klub, hər şey möhtəşəmdi. Bunu ancaq bu klubda olanlar bilər. Müqaviləm, qismətim nə qədərdirsə, bu klub üçün oynamaq fikrim var. Ancaq futbol həyatıdı, hər an, hər şey dəyişə də bilər.

- Xarici klubların kişi futbolçularımıza marağı yüksək deyil. Ancaq qadın futbolçularımızın əksəriyyəti legioner həyatı yaşayır. Bu barədə fikriniz necədi?
- Mən kişi futbolu haqda danışmaq istəmirəm. Mənə maraqlıdı, siz onlara da bizim haqda sual verirsiz? (gülür) Qızlarımıza qalanda isə, bir çoxuna təkliflər gəlir, ona görə də gedirlər oynayırlar və buna da layiqdilər. Əgər qızlara təklif gəlirsə, deməli onları dəvət edən ölkə klublarındakı yerlilərdən beş dəfə güclüdülər. 




- Azərbaycan millisinin heyətində ən yaddaqalan qələbə və ən üzücü məğlubiyyətin hansı olub?
- Qardaşımla bütün oyunlarım haqda danışırıq, bütün oyunlarımı izləyir. Bu yaxınlarda klub oyununda çətin qələbə qazananda o dedi ki, gün gələcək ən yaddaqalan qələbə kimi bu haqda danışacaqsan. Sentyabrda səfərdə Malta, evdə isə Bosniya və Herseqovina ilə oyunlarımız var. Çox istəyirəm ki, Allah bizə kömək olsun həmin oyunları qələbə və ya ən pis halda bir qələbə, bir heç-heçə ilə başa vuraq. Həmin oyunlar mənim üçün unudulmaz olaraq tarixə yazılardı. Üzücü oyun isə Bosniya və Herseqovniyaya qarşı matçı qeyd edərdim. 90+4-cü dəqiqədə buraxdığımız qol çox üzücü idi. Qolu buraxdıq və 0:1 uduzduq. O an gözümün qabağından getmir. İnanın həmin an ürəyimdən, başımdan bir ağrı başladıki...Bakıda revanşı götürməyi Allah bizə nəsib edir.

- Necə düşünürsən, milli səviyyəsində nə zaman istədiyiniz nəticələri əldə edə biləcəksiz?
- İnaniram ki, zamanla hər şey daha yaxşı olacaq. Sentyabrdakı matçları qələbə ilə bitirə bilsək, qadın futbolunda qrupda 9 xal toplamaqla bir ilkə imza ata bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik, yetərki futbol bəxti də biz tərəfdə olsun.




- “Krasnodar”da işlərin necə gedir? Komandada aparıcı oyunçulardan hesab edilirsən...
- "Krasnodar"da hər şey çox yaxşıdı. Bu klub ən xoş sözlərə layiqdi. Bütün yüksək şərait bu klubda var.  Futbolun inkişafı və futbolçular üçün hər cür şərait qurulub.

- Qadın futbolunda maaşlar o qədər də yüksək olmur. Maraqlıdı, “Krasnodar”da məvacibiniz özünüzü dolandırmağa və ya ailəyə kömək etmək üçün yetərlidi?
- Düzdü, çox təəssüf ki, qadın futbolunda maaşlar yüksək olmur. Amma mən şükür edən insanam, 50 manat qazandığımız vaxtlarda da, indiki halımda da şükür edirəm. Mən pul "xəstə"si deyiləm. Pul varsa, çox gözəl, yoxdursa, deməli yoxdu. Bu gün klub var, pul var. Sabah klub olmasa necə olacaq? Ona görə də ruzini verən Allahdı. Hələ ki, aldığım maaş yaxşıdı, özümə və ailəmə dəstək olmaq üçün yetərlidi.




- Azərbaycanda qadın və kişi futbolunu necə müqayisə edərdiniz?
- Kişi və qadın futbolunu müqayisə etsək, yəqin ki, yalınız fiziki durum ortaya çıxacaq. Qalan hər şeyi hamımız eyni cür edirik ,eyni işi görürük. Ölkəmiz adına həm kişi komandalarımıza, həm də qızlarımıza uğurlar arzu edirəm.


Mirbağırağa Cəfərli

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI VI

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


Xəbər xətti