Qara Qarayev: "Səfərdə daha rahat oynaya bilirik"

00:05 - 18 Avqust 2022

"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqası pley-off mərhələsinin "Viktoriya" ilə ilk matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az 30 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

 

- Oyunun çətin olacağını bilirdik. Amma məncə gözədiyimizdən daha çətin oldu. Rəqibin fiziki durumu çox yaxşı idi. 90 dəqiqə birəbir oyundan əl çəkmədilər. Son illərdə oynadığımız ən ağır oyunlardan biri idi. Amma buna baxmayaraq, sona kimi oynamağa çalışdıq. İlk hissədə yüz faizlik imkanlarımız oldu. Onlardan yararlansaydıq, bəlkə də daha fərqli oyun, nəticə ola bilərdi. Qol buraxmamaqları "Viktoriya"nı daha da sıx oynamağa məcbur etdi. Qurban müəllimin dediyi kimi üzərimizə düşəni meydanda etdik. Sadəcə olaraq bəzən alınır, bəzən alınmır. Ümumilikdə düşünürəm ki, komanda olaraq yaxşı mübarizə apardıq.


- Səfər oyunundan nə gözləyirsən?

- Artıq dünya futbolunda ev oyunu, səfər oyunu anlayışı yoxdur. Biz harada oynamışıqsa, klubumuzun məsuliyyətini bilmişik. Səfərdə də çalışırıq ki, yaxşı nəticə üçün oynayaq. Harada oluruqsa, olaq qələbə üçün oynayacağıq. 


2016-cı ildə "Viktoriya"ya qarşı oynamış futbolçulardan birisən. Revanş hissi var?

- Bəzən belə şeylərin futbolçulara çox böyük ziyanı olar. Bunları düşünmək lüzumsuzdur, futbolçunun oyununa problem yaradır. Bu gün meydanda olan oyunçuların çoxu həmin vaxt "Viktoriya"ya qarşı oynamayıb. Onlara revanş hissini vermək bir az çətin olar. Heç mən də revanş kimi baxmırdım. Bu, bizim üçün vacib oyunlardan biri idi. 2016-cı ildə biz səfər qoluna görə pley-offa yüksələ bilməmişdik. Həmin vaxt da eyni ssenari idi, çoxlu qol imkanlarımız oldu. Miçelin, Almeydanın boş qapıya vura bilmədiyi epizodlar var idi. 


- Səfərdəki matç Azərbaycan futbolçu üçün çox önəmlidir. Bu, komandaya psixoloji cəhətdən təsir edə bilər?

- Məncə psixoloji cəhətdən daha rahat olacağıq. Evdə azarkeşlərin gözləntisini daha çox hiss edirik. Bəlkə də bu, bizə zaman-zaman mane olur. Amma səfərdə daha rahat oynaya bilirik. Ən böyük amillərdən biri də odur ki, səfər matçında artıq rəqib özü də oynamağa, hücum etməyə çalışır. Düşünürəm ki, bu da komandamızın işini daha da asanlaşdırır. Ümumilikdə stress, həyəcan və ya hansısa hisslərin olacağını düşünmürəm.

 

Elçin Əlixan

Xəbər xətti