"Azərbaycan çempionatının güclü olmasından xəbərdaram"

23:32 - 18 Avqust 2022

"Səbail"in yeni heyətinə qatdığı Maksim Çex klubun rəsmi saytına müsahibə verib.

Sportal.az xəbər verir ki, ukraynalı futbolçu Bayıl klubunun in heyətində debüt oyununu keçirməsi ilə bağlı da fikirlərini bildirib:

– Bakı ilə bağlı ilk təəssüratın necədir?
– Mən bundan əvvəl milli komanda ilə Bakıda olmuşdum. Matçımızı Bakı Olimpiya Stadionunda keçirmişdik. Bu şəhər hələ o vaxt çox xoşuma gəlmişdi. Bakı dayanmadan inkişaf edir.

– Azərbaycan çempionatı ilə bağlı məlumatın var?
– Bəli. Azərbaycan çempionatının güclü olmasından xəbərdaram. Maykl Essyenin də “Səbail”də çıxış etdiyini bilirəm.

– Yeni komandanda qarşına qoyduğun birinci məqsəd nədir?
– Burada ən vacib məqsədim komandanın qarşısına qoyduğu hədəflərə çatmasında mənim də payımın olmasıdır. Var gücümlə komandama kömək etmək istəyirəm.

– Komandanın heyətində ilk oyununa çıxdın. Bununla bağlı təəssüratın maraqladır…
– Yeni komandamda debüt etdiyim üçün çox sevindim. Təbii ki, ilk oyunuma qələbə ilə başlamaq istəyirdim. Amma bu, futboldur. Təslim olmayacağıq və növbəti matçlara var gücümüzlə hazırlaşacağıq.

– Karyeran ərzində sənin üçün ən yadda qalan hadisə hansıdır?
– Futbolda mənim üçün ən unudulmaz an Ukrayna ilə dünya çempionu olmağımdır. Bu silsiləyə yeni komamdamla qazanacağım uğurları da əlavə etmək istəyirəm.

– Son olaraq azarkeşlərə nə demək istəyirsən? Onları necə bir Maksim gözləyir? Sənin “dənizçilər”dən gözləntin nədir?
– Azarkeşlərimizə məni səmimiyyətlə qarşıladıqlarına görə təşəkkür edirəm. İlk oyundan sonra hər şeydən çox məmnunam. Növbəti matçlarda onların gözləntilərini və mənə olan ümidlərini doğrultmaq istəyirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Buna əmin olsunlar. Biz onları ötən oyunumuzda olduğu kimi eyni dəstəklə növbəti qarşılaşmalarda da gözləyirik.

Xəbər xətti