"Qəbələ"nin "Sabah"la 20-ci dueli

18:55 - 27 Avqust 2022

Sabah Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq. Günün yeganə matçında çempionatın liderləri üz-üzə gələcək. İlk üç turda xal itkisi ilə üzləşməyən “Qəbələ” və “Sabah” “qırmızı-qaralar”ın meydanında qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 20-ci matç olacaq. İndiyədək rəqiblər ümumilikdə 19 dəfə görüşüb. Əvvəlki oyunlarda üstünlük “Qəbələ”nin tərəfindədir. 9 dəfə rəqibini məğlub edən komanda 3 dəfə heç-heçə edib və 7 görüşdə uduzub. Rəqib qapısına 23 qol vuran futbolçularımız eyni sayda top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

 

İndiyədək keçirilən 19 matçdan 15-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 7 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 15:21.

 

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan komanda 2 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən futbolçular 13 top buraxıb.

 

Xatırladaq ki, avqustun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 20:00-da başlayacaq.

Xəbər xətti