"Stadionumuz əməlli-başlı narkomanların məskəninə çevrilib, daşını, kafelini də ətrafda yaşayanlar söküb aparıb" - MÜSAHİBƏ

17:38 - 28 Avqust 2022

Ölkəmizdə indiyə qədər fəaliyyətini dayandırmış klubların sayı az olmayıb. Onlardan biri 1980-ci ildə Azərbaycan çempionu olmuş keçmiş Əli-Bayramlı, indiki Şirvan şəhərinin "Energetik" klubudu. Səmədağa Şıxlarov, Tərlan Əhmədov, Əli Abışov, Müşfiq Şükürov, Elmir Xankişiyev, Vadar Nuriyev, məşqçilər Tahir Əliyev, Ramiz Hacıyev kimi futbol adamlarını ölkəmizə bəxş etmiş Şirvan şəhəri hazırda böyük futboldan uzaqdı.

Halbuki, yuxarıda qeyd olunan insanların adını sadalamaq yetərlidir ki, Şirvanın vaxtilə futbol bölgəsi olduğu anlaşılsın. İllərdir ki, inşası tamamlanmamış stadionun durumu isə günü-gündən daha da pisləşir. Belə ki, bir çox idman və qeyri-idman saytları, qəzet və televiziyalar zaman-zaman bu şəhərin stadion, futbolsuzluq problemini qabartsa da, əksər bölgələrdə olduğu kimi, Şirvanda da təbii meydançanın aqibəti dəyişməz qalır.

Elə bütün bu məsələlərə görə "Şirvan" klubunun təsisçisi, əməkdar məşqçi Ramiz Hacıyevlə şəhərdəki futbolun durumu ilə bağlı danışdıq. 

- Ümumiyyətlə, Şirvanda futbol ab-havası qalıb? 
-  
Demək olar ki, Şirvan futbolla "yatıb-qalxır". Şəhərə çıxa bilmirəm. Çünki hamı "stadion nə vaxt tikiləcək, Şirvanda futbol komandası nə vaxt olacaq?" suallarını verir. 2005-ci ildə tikintisinə başlanılmış stadion yarımçıq qalıb. İnanın, getmədiyim qapı, müraciət etmədiyim ünvan qalmayıb. Hazırda 5 yaş qrupu üzrə komandamız var. Özü də yaxşı futbolçulara sahibik, hamısı da futbol oynamaq istəyir. Azərbaycan çempionatında ancaq uşaqlarla 5 yaş qrupunda təmsil olunuruq.



- Vaxtilə böyük futbol şəhəri olmuş Əli- Bayramlı və futbolsuz qalmış Şirvan. Necə müqayisə aparardınız? Nəzərə alaq ki, şəhərin 100 min əhalisi var...
-
Azərbaycan çempionatında iştirak edəndə Azərbaycan Elektrik Stansiyası komandadakı bütün futbolçuları işə götürmüşdü. Onlar üçün güzəştə gedirdilər və işdən azad edib, məşqlərə, oyunlara yollanmalarına icazə verirdilər. Komandada bir futbolçu yetişən kimi ora işə düzəldirdik. Elə şəraitin yaxşı olmasının da nəticəsində 1980-cı ildə Azərbaycan çempionluğunu, daha sonra kubokunu qazandıq. Şəhərdə futbola maraq daha da artdı. Məşqlərə davamiyyət yüksək idi. Amma indi 100 min əhalisi olan şəhərdə futbol, stadion yoxdu. Olimpiya idman kompleksində məşqləri keçirik. Sağolsunlar, şərait yaradıblar. Orada sünii örtüklüdü, nə qumu, nə rezini, nə suyu var. Birtəhər məşqlər edir uşaqlar. Hazırki vəziyyət belədi. Uşaqlar da böyük futboldan ötrü darıxır, böyük futbol oynamaq istəyirlər.



- Vaxtilə "Enegetik" sizin və Tahir müəlimim rəhbərliyi altında ölkədə, SSRİ dövründə adından söz etdirib, mükafatlar qazanıb. Nə baş verdi ki, Şirvan futbolu birdən-birə məhv oldu? 
- 1992-ci ildə ilk Azərbaycan çempionatında biz də iştirak etdik. Həmin günə qədər Azərbaycan Dövlət Elektrik Stansiyası komandanı maliyyələşdirirdi. Biz də liqada ortabab çıxış etmişdik. Legionersiz oynayırdıq, ancaq Əli-Bayramlı uşaqlarından ibarət komandaya sahib idik. 1996-cı ilə qədər də birinci dəstədə oynadıq. Sponsor bizdən imtina etdi və qaldıq futbolsuz. Bir il də birtəhər yola verdik. Ardınca məcburiyyətdən çıxışımızı dayandırdıq. Halbuki SSRİ dönəmində turnirlərin qalibi olmuşuq. 1978-ci və 1985-ci ildə "dəri top"da "Əli-Bayramlı" çempionluq qazanıb. 1986-cı ildə SSRİ-də "Ümid" kuboku keçirilirdi. Bizdən Şərafət Əliyev həmin yığmada iştirak etdi, çempionluq yaşadı.



- Maddi dəstək yoxdursa, hazırda 5 yaş qrupunda uşaqları necə hazırlayıb, oyunlara necə aparırsınız? 
Bəli, 5 yaş qrupumuz çempionatlarda çıxış edir. Oyunlar Ağsu şəhərində keçirilir. Bir az dost-tanışdan dəstək oldu, ona görə də çempionata 5 yaş qrupu buraxdıq. Birtəhər yola verdik. Valideynlər də kömək edirdi. AFFA yol xərcindən başqa, nə top verir, nə paltar, nə də yemək. Özü də bütün yaş qruplarında zonanın qalibi olduq. Hazırda iki futbolçumuz "Sabah"ın himayəsindədi, Ədalətli Hüseynli və Hüseyn Musayev. Hər ikisi turnirlərin bombardirləri olmuşdu. Ondan əlavə Kamran Məmmədov "Qarabağ"da, Cavid Nəciyev "Turan Tovuz"dadı. İlk Avropa çempionu olan Tərlan Əhmədov Şirvan futbolunun yetirməsidi, millinin hazırki üzvü Cəlal Hüseynov da bizim şəhərdə yetişib. Aşağı yaş qruplarında oynayıblar, bəyəniliblər və başqa klublara vermişik. Bizdə uşaq çoxdu. Amma həmin uşaqların Bakıda qalmağa imkanı yoxdu. Bir-iki klubun akademiyası var. Şirvandan Bakıya məşqə gedib-gələn uşaq nə göstərə biləcək? Bakıdakı məşqçilərə də paytaxtda ev-eşiyi olan oyunçu lazımdı. Həmin uşaqlara yiyə duran olmur. Halbuki istedadlı futbolçularımız çoxdu. 



- Ümumiyyətlə, hazırda rayonda istedadlı uşaqların inkişafı üçün nə etmək olar? 
Bir söz bilirik, şəhər rəhbərliyi, Gənclər və idman idarəsi, bu sözdən başqa heç nə bilmirik. Onların min dərdi var. Vaxtı ilə həvəskarlar liqasında oynayanda dilənçi kimi gedib qapılarında dayanırdım, 200 manat alıb komandanı oyunlara aparırdım. İndi həmin halı yaşamaq istəmirəm. Futbolumuz bu cür inkişaf edə bilməz. Çünki söhbət böyük kişilərdən gedir, bunların ailəsi var, aylıq məvacibləri olmalıdı, geyimləri, məşqlərə gediş-gəlişləri var, komandanın həkimi olmalıdı. Bunların hamısı şərtdi. Stadionumuz da yoxdu. Əslində, var, 8 min tutumu olan stadionun tikintisi yarımçıq qalıb. Bəlkə də stadion olsaydı, məcbur qalıb deyərdilər ki, Şirvanın stadionu var, buraxaq çempionatda oynasınlar.  

- Şəhər rəhbərliyi, Gənclər və İdman idarəsi sizə hansı formada və necə dəstək olur? 
- Heç kimdən heç nə gözləmirəm. Gənclər və İdman idarəsinin nəyi var ki, hamısı gündəlik tədbirlərdədi. Futbol pul tələb edir, yoxdursa, heç nə olmayacaq. Komandanı Region Liqasında 1 gün oynadaram, 3 oyuna apararam. Bilirəmsə, axırı olmayacaq, işi niyə yarımçıq görüm? Hamısı başıma gəlib də. 2004-cü ildə Yavər Camalov Şirvanda futbol yaradacağına söz verdi və etdi. Həmin il həvəskarlar liqasında çempion olduq, kubok aldıq. 2007-cı ildə UEFA-nın həvəskarlar arasında keçirilən yarışında iştirak etdik. Yavər müəllimin yeri dəyişilən kimi üstümüzdən xətt çəkdilər. Bildirdilər ki, futbola ehtiyac yoxdu. Həmin dövrdə futbolçularımız başqa komandalara getdi. Şirvanda istedadlı futbolçular var, futbola maraq yüksəkdi, əhali futbolu sevir. Vəziyyət elə yaranıb ki, Şirvanda ortayaşlı insanlar canlı futbol görməyib, ancaq televizora baxıblar. Uşaqlarımız 14 yaşına qədər oynayır, daha sonra onları başqa komandalara buraxırıq getsin. Futbolun inkişafını istəsək, U-15, U-17 komandalarımız olmalıdı. Buna da vəsait lazımdı. 15-16 yaşlı uşaqlar zədəni tez alırlar. Onları qorumaq üçün hər şey olmalıdı. Bazamız yox, stadionumuz yox. Heç kim oturduğu yerdə pul xərcləmir, bir dəfə edərlər, ikinci dəfə deyərlər "sən Allah get işinlə məşğul ol, başımızı xarab etmə, imkan ver şəhərin problemi ilə məşğul olaq". Bugünkü gündə aran zonasında futbol komandası yoxdu. "İmişli"ni yaradıblar. Qalan başqa yerdə yoxdu. Onların da stadionu, bazası var. Lazım olmayan yerlərdə stadion tikirlər, bizimki yarımçıq qalıb, onu tamamlağa yaxın durmurlar. Ölkə prezidentinə, AFFA-ya, SOCAR-a müraciət etmişik. Cavabda deyilir ki, vəsait olan kimi tamamlayacağıq, planımızda var. Əfsuslar olsun ki, maraqlanan da yoxdu. Keçən dəfə milli məclisin deputatlarını da stadiona dəvət etdim. Şirvan şəhərinin deputatı İltizam Yusifov və AFFA-nın vitse-prezidenti Rauf Əliyev gəldi uşaqlara top, forma verdilər, stadiona da baxdılar. Hətta milli məclisdə bu barədə danışacaqlarını bildirdilər. İltizam müəllim çıxışında bildirdi ki, Şirvanda futbol, stadion yoxdu, gənclər məhv olur. Çünki gənclər idmanla nəfəs alır. Bizdə isə bu, yoxdu.

- Şəhər rəhbərliyi Region Liqaya komanda buraxmaq istəyir? Məsələn, "Mingəçevir", "İmişli", "Araz Naxçıvan" ötən mövsüm Region Liqada mübarizə apardı və bu ildən divizionda yarışırlar... 
- Region Liqada çıxış etmək çoxuna asan gələ bilər. Ki, AFFA forma verəcək, çıxıb oynayacağıq. Amma çempionatda oynamaq üçün minimum 20 futbolçuya ehtiyac var, hamısı da işlə təmin olunmalıdı. Bugünləri bunu mənim üçün təşkil etsinlər, yalnız yerlilərdən ibarət komanda çıxarım da liqaya. Amma bu, olmayacaq. Çünki görmüşəm, yaşamışam. O qədər gedib icra hakimiyyətində dayanmışam. Bundan əvvəlki icra hakimi mənimlə eyni sinifdə oxumuşdu. Gedirdim yanına, kömək edirdi. U-15 və U-16 komandalarımızı çempionata buraxdım, bir dəfə AFFA-dan dəstək görmədim. Elxan Məmmədova dəfələrlə məktub yazdım ki, oyundan əvvəl məndən tablo tələb edirlər, kömək edin. Cavab gəldi ki, yoxumuzdu. UEFA-dan uşaq futboluna vəsait ayrılır. Mənim də komandam çempionatda iki il çıxış etdi, bir çöp də vermədilər. U-15 liqasında komandamız iştirak edirdi, çempionat bitən kimi sevinirdim. Çünki bilirdim ki, borclardan canım qutaracaq. Bütün məşqçilər uşaqları oyunlara aparıb-gətirmək üçün borc-xərc edir, birtəhər yola veririk. Adını "yolaverdi" qoymuşam. Buna rəğmən nailiyyət əldə etmişik.



- Keçmiş "Energetik"in stadionunun pis durumda olduğunu dediniz. Halbuki stadionun son tamamlanma işləri qalmışdı. Bunun üçün haralara müraciət etmisiz?
-
Stadion get-gedə daha pis duruma düşüb. Ora əməlli-başlı narkomanların məskəninə çevrilib. Narkotik qəbul edənlər, iynə vuranlar bunun üçün stadiona gedir. Çünki qapılar açıq, mühafizəçi də yoxdur. Günü-gündən də stadionun vəziyyəti lap pisləşir. Ətrafda yaşayanlar da stadionun daşını, kafelini, damını söküb aparır. Halbuki, tikintisinin tamamlanması üçün az iş qalmışdı. Bütün telekanalları Şirvana dəvət etmişdik, çəkdilər, göstərdilər. Nə fayda? Necə var, qalıb yerində, hamı elə söz verir ki, düzələcək. Bu yaxınlarda yeni nazirimiz Fərid Qayıbovla Hacıqabulda görüşdüm. Stadion barədə ona məlumat verdim. İş o yerə çatıb ki, indi də stadionun yiyəsi tapılmır. Deyirəm ki, stadion mənimdi, pasportu məndə, klubun peçatı da. Özü də Ədliyyə nazirliyindən qeydiyyatdan keçmişəm, kim istəyir gəlsin stadionu verirəm ona. Bakı ilə Şirvanın arası 120 km-di. Burada stadion tiksinlər, qışda yığmalarımızın təlim-məşq toplanışına gəlsinlər. Çünki Şirvanın havası həmişə istidi, buranı külək tutmur. Qışda da futbol oynamaq üçün gözəl havası var. Kimə deyim? Yazılı da müraciət etmişəm. Bu gün hamı fikirləşir ki, hazır nəsə varsa, ondan tutaq. 100 min əhalisi olan şəhərdə 10 futbolçu ortaya çıxara bilməyəcəm yəni? Bütün uşaqlarımız futbol oynaya bilir. Şirvan Bakıya çox yaxındı, saatyarımlıq yoldu.İstəsələr, çox şey edərlər. Amma görünür ki, fikirləri yoxdu.



Mirbağırağa Cəfərli

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI IX

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

 

 

 

Xəbər xətti