Ayxan Abbasov: "İnkişafdan danışırıqsa, burada yığma komandalarımızın məşqçilərinə böyük iş düşür"

13:49 - 25 Sentyabr 2022

"Azərbaycan millisinin Slovakiyaya qalib gəlməsinə hamımız sevinirik. Yaxşı qələbə alındı. Düzdü, Slovakiya millisində dəyişikliklər var idi, yeni futbolçulara, yeni nəsilə üstünlük verməyə başlayıblar. Bu, onlarda başlanğıcdı. Bizim də heyətdə bir neçə dəyişiklik olmuşdu. Sistemimizə də baxsaq, görərik ki, məşqçi yeni nələrinsə üzərində çalışır. Futbolçularımız rahat oynadı. Sanki ilk oyunlardakı stressi üzərilərindən ata bilmişdilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ayxan Abbasov deyib. 

"Turan Tovuz"un çalışdırıcısı millimizin Slovakiyaya qarşı uğurlu çıxış etməsini meydana çıxan futbolçuların yaxşı durumda olması ilə əlaqələndirib: "Millinin qarşısına qrup lideri olmağı qoyulmuşdu. Şansımızın tam itirilməsi futbolçuların da bu cür rahat oynamasına gətirib çıxardı. Millimizdə oynayanlar da yaxşı formadadılar, klublarında oynayırlar. Bəhlul Mustafazadə və Bədavi Hüseynovu buna nümunə göstərmək olar. Kevin Medina və Maksim Medvedevin zədələnməsindən sonra Bəhlulla Bədavinin mütəmadi oynaması, yaxşı formada olması milliyə xeyir verir. Elvin Cəfərquliyevi də deyərdim. Emin Mahmudov isə "Neftçi"nin son oyununda qələbədə böyük pay sahibi olmuşdu. O, millidə də liderliyini göstərməyi bacarır. Renat Dadaşov öz klubunda yaxşı çıxış edir. Ramil Şeydayevin necə oynadığını da gördük. Slovakiya ilə matçda hücumlarımızın yaxşı alınmasının səbəbkarlarından oldu. Futbolçularımız klublarında da yaxşı çıxış edir. Yəni, millidə oynayanlar klublarında daim çıxış edənlərdi".

41 yaşlı mütəxəssisin fikrincə, millimiz bu gün Qazaxıstanla matçda uğurlu nəticəyə ümid edə bilər: "İnanaq ki, millimiz evdə bu gün Qazaxıstana qalib gələcək. Onlara qalib gəlməliyik. Qazaxıstan qrupu lider kimi başa vurdu. Ola bilər ki, heyətlərində dəyişiklik olsun. Hər halda bizim heyətdə də dəyişiklik baş verəcək. Çünki Riçard Almeyda cəzalıdı. Qazaxıstanla matçda qazanılacaq qələbə yerinə düşər. Çünki millimizin indiyə qədər ardıcıl qələbələri çox olmayıb. Doğrudu, ardıcıl xallar qazanmışıq. Lakin qələbələr çox deyil. Ardıcıl qələbələr milliyə böyük motivasiya verəcək".

Abbasov öz qruplarında ilk pilləni tutan Qazaxıstan, Gürcüstan və Macarıstan millisini millimiz üçün  misal çəkib: "Bugünkü gündə tək Qazaxıstanı deyil, Gürcüstanı da qeyd edə bilərik. Onlar da qrup lideri oldu və üst diviziona yüksəldi. Macarıstanı da demək olar. İki-üç il əvvəl bizimlə eyni qrupdaydılar. İndi isə İngiltərə, İtaliya və Almaniya ilə yer aldıqları qrupda liderdilər. Hələ Lüksemburuqdan da danışmaq mümkündü. Yəni, əvvəllər kiçik ölkələr adlandırdığımız komandalar bu gün uğurlu nəticələr qazanır. Bu, futbola düzgün yanaşmanın, səbirli olmağın nəticəsidi. Adını qeyd etdiyimiz komandalar 5-10 il əvvəlki işlərinin bəhrəsini indi görürlər. Qazaxıstan millisində də belə oldu. Onların bizim qrupda lider olması təsadüfi deyildi. Səfərdə çox rəqiblərinə qalib gəldilər, xal aldılar. Belarusu udub lider oldular".

"Turan Tovuz"un çalışdırıcısı Azərbaycan millisinə onun rəhbərlik etdiyi kollektivdən bir futbolçunun belə dəvət olunmamasına isə bu cür münasibət bildirib: "Hər məşqçi istəyir ki, onun komandasından milliyə oyunçu yollansın. Çünki istənilən məşqçi öz futbolçularını buna layiq görür. "Turan Tovuz"un heyətində mütəmadi oynayan futbolçular var ki, milliyə dəvət olunmağa layiq idi. İnanıram ki, gələcəkdə millinin məşqçiləri buna nəzər edəcək. Əgər bölgələrə futbolu qaytarmışıqsa, millinin məşqçiləri də mütəmadi olaraq rayonlardakı oyunları izləməlidi. Təkcə əsas yox, elə hər yaş qrupundakı yığmanın məşqçiləri də bu cür etməlidi. Futbolumuzun inkişafından danışırıqsa, burada yığma komandalarımızın məşqçilərinə böyük iş düşür. Şəhriyar Əliyev, Tərlan Əhmədli öz mövqeyində milliyə dəvət olunanlar arasında heç kimdən də geri qalmır. Amma futbolçularımız ruhdan düşməməlidi. Yəqin ki, millimizə gələcəkdə "Turan Tovuz"dan da dəvət alanlar olacaq".

Mirbağırağa

 

Xəbər xətti