Niderland klubunun və millimizin üzvü : "Debüt matçım olsa da, çox rahat oynadım"

14:28 - 12 Oktyabr 2022

Azərbaycan milli komandasının futbolçusu, "Eyndhoven"də çıxış edən Ozancan Köçkü Sportal.az saytına müsahibə verib.

- "Eyndhoven" son turda "Den Haaqa" məğlub oldu. Bu nəticədən sonra da komanda dördüncü pillədədi. Oyun barədə fikrin necədi?
- Rəqibdən üstün oynadığımız matçı təəssüf ki, bizdən qaynaqlanmayan səbəblərə görə uduzduq. Dördüncü pillədə olsaq da, üst pillələrlə böyük xal fərqimiz yoxdu. Çempionatda yol uzundu, oyunçular çoxdu. Yaxşı komandamız var və şansımız da az deyil.

- Milli komandadan geri döndükdən sonra klubda səni necə qarşıladılar, təbrik etdilər?
- “Eyndhoven”in 7 oyunçusu yığma komandaların düşərgəsinə yollanmışdı. Bu, klubun dəyərini və səviyyəsini daha da yüksəldir. Əlbəttə ki, klub da bizimlə qürur duyur. Bizə lazımı dəstəyi verirlər, təbrik edirlər.

- Azərbaycan millisində debüt oyununa çıxdın, ardınca da Bakıda Qazaxıstana qarşı oynadın. Artıq millimizin üzvüsən. Özünü necə hiss edirsən?
Azərbaycan millisində oynadığıma görə qürur duyuram. Oyunlarda uğurlu nəticələr qazandığım üçün çox xoşbəxtəm. Debüt matçım olsa da, çox rahat oynadım. İlk görüşdə də, ikinci matçda da. Milli komandadakı məşqçilər, texniki heyət, komanda yoldaşlarımla birlikdə səviyyəli və üst səviyyədə peşəkar ortam yaradılıb. Bu da mənə və komanda yoldaşlarıma ekstra enerji və motivasiya qazandırır.

- Yəqin ki, qardaşın Orkunla danışmısan. Azərbaycan millisindəki debütünlə bağlı sənə nə dedi? 
Orkunla hər zaman danışırıq. Mən onun Türkiyə millisində oynamasına görə qürur duyuram. İki qardaş, iki türk, qardaş ölkələrinin millilərin üzvüyük. Ən sevdiyimiz ölkələrin bayraqlarını sinəmizdə daşıyırıq və Orkun da, ailəm də mənə görə qürur duyur.

- Azərbaycan Slovakiya və Qazaxıstana qalib gəlməyi bacardı. Həmin oyunlar sizin üçün necə alındı?
- Yaxşı oyunlar oldu. Səviyyə olaraq onlardan daha yaxşı olduğumuzu və daha yaxşı mübarizə apara biləcəyimizi göstərdik. İki ölkəyə də qalib gəldik və bu, bizə motivasiya verdi, sevindirici oldu.

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparacaq. Səncə, qrupdan çıxmaq şansınız var?
- Məşqçilərimiz, texniki heyət peşəkar səviyyədə işlər görür. Bu mənada, milli komandanın daha yaxşı olması üçün birlikdə çalışacağıq. AVRO-2024-ün güclü rəqiblərindən olacağımızı göstərmək üçün mübarizə aparacağıq. Allah qoysa, qrupdan da çıxacağıq.

- Azərbaycan A millisində legioner həyatı yaşayan futbolçular çox deyil. Səninlə yanaşı Mahir Emreli, Renat Dadaşov, Höccət Haqverdi Azərbaycandan kənarda oynayır. Səncə, ölkə xaricində oynayan futbolçumuz daha çox olsa, nəticələrə də təsir edər?
Bəli, mən və dostlarım ölkə xaricində oynayırıq. Ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışırıq. Azərbaycanda yaxşı futbolçular var və Allah qoysa, onlar ölkə xaricində oynayaraq həm futbolumuzun inkişafına, həm də tanıtımına dəstək olarlar.

Mirbağırağa
 

Xəbər xətti