"Rəqiblərimiz üçün Gəncədəki arenanı şanssız məkana çevirmək istəyirik" - MÜSAHİBƏ

15:35 - 6 Noyabr 2022

Statistikaya əsasən futboldan sonra kollektiv idman oyunları arasında ən sevilən ikincisi basketboldu. Ölkəmizdə də bu idman növünə maraq kifayət qədərdi. Amma son illərdə basketbol ölkəmizdə demək olar ki, yox kimi idi. Hətta Azərbaycan FİBA-nın reytinq cədvəlindən də çıxarılmışdı. Lakin artıq görülən işlər hər şeyin daha yaxşı olacağına ümid verir. Belə ki, 2019-cu ildən bu yana keçirilməyən ölkə çempionatı bərpa edildi, demək olar ki, bütün komandalar eyni gücdədir və kollektivlər arasında rəqabət yüksəkdi. Azərbaycan millisinin və çempionatın favoritlərindən olan “Gəncə”nin kapitanı Amil Həmzəyev çempionatın durumundan, basketbolumuzun gələcək perspektivindən söhbət açıb.

- Gəncə bu tura qədər bütün oyunlarını qələbə ilə başa vurmuşdu. Ümumiyyətlə, bu mövsümkü çıxışınızı necə dəyərləndirirsən? Digər komandaların etmədiyi nəyi daha yaxşı edə bilmişdiniz ki, uğurlu çıxış edirdi?
- Federasiya rəhbərliyində yanvarda dəyişiklik baş verdikdən sonra millinin aparıcı üzvləri ilə sıx əlaqədə idilər. Onun da bizi verdiyi bəzi üstünlükləri var idi. Bəlkə də bəzi komandaların xəbəri yox idi ki, çempionat bərpa edilir, komandalar qurulur. Mən, Zaur Paşayev, Tahir Baxşıyev, Anar Sarıyev, hər birimizin güclü çempionatımızın olacağından xəbərdar idik. Biz də bəzi oyunçuları gözaltı edirdik. Yayın əvvəllərindən başladıq tez tərpənməyə. 



- Yəni, "Gəncə"ni qurmaq üçün tez tərpənməyiniz uğurlu çıxışınıza təsir etdi?
Oyunçu seçimimizi, etdiyimiz transferləri uğurlu hesab edirəm. Bir gedən, bir də gələcək oyunçumuz var. Onlar da uğurlu alınsa, demək ki, transfer mövsümünü yaxşı keçirmişik. Bu, çempionata öz təsirini göstərir. Əsas faktorlardan biri də yerli oyunçulardı. Bizdə millidən mənimlə bərabər, Əkbər Məmmədov, Cəbrayıl Əkbərov da var. Çempionatda 3+2 limiti olduğuna görə yerli oyunçuların da oyunlarda təsiri görünür.  Yay mövsümündə onlarla birlikdəydik. Milli komanda oyunçuları bir-birinə çox yaxınlaşdırır. Komanda üzvlərini 3x3 basketbol millimizdə toplanış zamanı birlikdə yer aldığımız oyunçulardan seçdik. Təbii ki, hamımız da bir komandaya yığılmadıq ki, çempionatda da balans çox pozulmasın. Öncə, Cəbrayıl Əkbərovu komandaya gətirmək istəyirdim. Çünki Əkbər Məmmədov Cəlilabad basketbolunun yetirməsidi və ehtimal olunurdu ki, o, "Zirvə Astara"da oynayacaq. Amma bəzi mövzularda anlaşa bilmədilər və mən də həmin ərəfədə hiss etdim ki, Əkbər klubsuzdu. Danışdım, onu qane edəcək təklifi etdim və Əkbər də "Gəncə"yə gəldi.



- "Gəncə"ni liqanın əsas favoriti adlandırılır. Səncə, çempionluğu reallaşdıra biləcəksiz?
Hələ nəsə demək üçün çox tezdi. Doğrudu, favorit hesab olunuruq. Bu da, heyətdə yaxşı milli və xarici oyunçuların toplanmasına görədi. Lakin sezonun gedişi çox şeyi dəyişə bilər. Zədəsiz və ən əsası mövsümü başladığımız kimi keçirsək, favorit kimi qala bilərik. Yəqin ki, yanvardakı "transfer pəncərəsi" zamanı komandalar heyətini gücləndirməyə çalışacaq. Burada yerli oyunçu faktorunun təsiri çoxdu. Nə qədər ki, yaxşı, keyfiyyətli yerli oyunçuları özümüzdə saxlayacağıq, bir o qədər də uğurlu olacağıq. Bizim də yerli və xarici oyunçular haqda planlarımız var. Bu barədə heç kimə açıqlama vermək istəmirik. Həmin ərəfədə ən böyük sürprizi etməyə çalışacağıq. Planlarımız uğurlu getsə, hər şey də yaxşı alınacaq.



- Ev oyunlarını Gəncədə oynayacaqsınız. Bu, sizin üçün yəqin ki, üstünlükdü. Gəncədəki oyunlarınızı səbirsizliklə gözləyirsiniz?
Bəli, Gəncədəki ev oyunlarımızı səbirsizliklə gözləyirik. Meydança təmir olunub, sadəcə ümumi kompleksin özündə, azarkeşləri qarşılaşamaq üçün şəraitin tam hazır olması gözlənilir. Əslində, indi də oyunlarımızı orada keçirə bilərik. Amma biz hər şeyin yüksək səviyyədə olmasını istəyirik. Ona görə də bir müddət səbr edirik, Bakıda oynayırıq. Böyük ehtimalla noyabrın 26-da oyunumuzu Gəncədə keçirəcəyik. Rəqiblərimiz üçün Gəncəni şanssız məkana çevirmək istəyirik. 250-300 nəfərlik fan-klubumuz var. "Kəpəz"in azarkeşləridi. Bizə dəstək olacaqlarına inanırıq. 



- "Kəpəz" futbolçuları ilə "Gəncə" basketbol klubu arasında necə kontakt qurula bilər? Avropada eyniadlı, eyni şəhəri təmsil edən klubların idmançıları bir-birilərinin oyunlarına gedir, dəstək olurlar. Gəncədə oynasanız, "Kəpəz" futbolçularını zala dəvət edəcəksiz?
-  Klub olaraq əlaqəmiz yoxdu, amma şəxsi olaraq var. Məsələn, mən klubun mətbuat katibi ilə uzun müddətdir tanışam. Şəhərdə hələ ki, yeniyik, yerlilər də azdı. Bir mənəm, bir də Rizvan müəllim, Gəncədən olan. Digərləri də gəncdi. Əlbəttə ki, bir az formalaşandan sonra futbol klubu ilə də əməkdaşlıq etmək, oyunlarda bir-birimizi dəstəkləmək, sosial məsələlərdə də birlikdə addımlamaq istəyərdik. Futbola marağım o qədər də çox deyil. Amma gəncəlisənsə, bu, istər-istəməz "Kəpəz" ə azarkeşlik etməyinə gətirib çıxarır. Gəncədə oynayasaq, "Kəpəz"i oyunlarımıza dəvət edərik, özümüz də onların oyunlarına gedərik. Səhv etmirəmsə, futbol klubu da ev oyunlarını təzə-təzə Gəncədə keçirirk. Tam formalaşandan sonra biz də komanda şəklində onların oyunlarına gedəcəyik. Uşaqlıqdan "Kəpəz" in oyunlarına gedirdik. Hətta əmim bizi həvəsləndirirdi, aparırdı. Həmin ənənə ruhumuzda var və bunu davam etdirəcəyik. 



- Azərbaycan çempionatının və ölkəmizə dəvət edilən legionerlərin səviyyəsi hansı durumdadı? Tez-tez futbolumuzda klubların gətirdikləri legionerlər tənqid edilir. Basketbol kublarımız necə, futbol komandaları ilə müqayisədə daha yaxşı legionerlər gətirə bilir?
-  
Basketbolda transfer etmək futboldakından daha rahatdı. Çünki basketbol transferində inanılmaz ABŞ bazarı var. Geniş seçimlər olur. İstənilən məbləğə, həmin verdiyin məbləğdən də çoxuna layiq olan oyunçu tapmaq mümkündü. ABŞ kolleclərində, universitetlərində yetişən oyunçu sayı çoxdu. Onların da hər biri NBA-ya düşə bilmədiyinə görə Avropaya üz tuturlar. Yüksək səviyyəlilər dərhal ən yaxşı liqalara dəvət olunur. Digər orta səviyyəlilər isə məbləğə fikir vermədən aşağı liqalara getməyə razı olurlar. Çünki yaxşı başlanğıc, yaxşı statistika əldə etmək istəyirlər. Növbəti il həmin statistikadan istifadə edərək daha yaxşı çempionatlara yollanmaq mümkün olur. Bu mənada, seçim inanılmaz genişdi. İnanmıram ki, futbolda belə olsun. Basketbolun bu cəhətdən üstünlüyü var. Bu barədə qınanılmırıq. Transferlərimiz uğurludu. Sonuncunu da edib, mövsümün birinci hissəsinə tam başlamaq niyyətindəyik. Bəzi komandalarla heç hazırlıq turnirində qarşılaşmamışıq. Çünki onlar həmin turnirdə iştirak etmirdi. Hər komanda demək olar ki, yenidi. Noyabrın 15-nə kimi "transfer pəncərəsi" açıqdı. İstəyirik ki, birinci dövtəni tam tamamlayaq və komandaları analiz edək. Mütləq ki, idmanda uğur və məğlubiyyət də var. Amma daim qələbə qazanmaq istəyirsən. Yaxşı başlanğıc edəndə fikirləşirsən ki, bəlkə sezonu məğlubiyyətsiz başa vurduq. Məqsəd ən yüksək olmalıdı ki, aşağılara rahat nail olasan. Öz tempimizdə çalışmalarımız gedir. 



- Basketbolumuz bu ilə qədər çox yaxşı durumda deyildi, hətta FİBA reytinqindən çıxarılmışdı. Səncə, itirilən həmin illəri indi necə sığortalamaq olar?
Federasiya rəhbərliyinin dəyişilməsi basketbolumuzun inkişafına birbaşa təsir etdi. İnkişafına deyəndə ki, yəni başlanğıcdan söhbət gedir. Məncə, inkişaf bundan sonra olacaq. Uşaq basketboluna göstərilən diqqət, qayğı, yaradılan mərkəzlər, xaricdən dəvət olunan məşqçilər, məşq prosessesləri, bunlar hamısı inkişafa kömək edəcək. Hətta Gəncədə də regional mərkəzimiz var. Orada da seçilən uşaqlara xarici mütəxəssislər tərəfindən məşqlər keçirilir. Mən inkişaf deyəndə bunları daha vacib hesab edirəm. Çünki liqa təşkil etmək, xarici basketbolçuları dəvət edib yerlilərlə birlikdə komanda yaratmaq, oynatmaq sadəcə olaraq, maddi imkanlara dayanan məsələdi.



- Yəni, demək istəyirsən ki, federasiya uşaq basketboluna da diqqət yetirir. Bəs, bunun bəhrəsini nə vaxt görəcəyik?
- Bəli, elədir. Uğur deyəndə, uşaq basketboluna ayrılan diqqətdir ki, federasiyamız da bunu edir. 5-10 ildən sonra bəhrəsini görünəcək. Həmin komanda Avropa və dünya çempionatının seçmə mərhələlərində öz sözünü deyəcəksə... Necə ki, 3x3 basketbolunda edə bilirik. 5x5 basketbolunda da ənənəni davam etdirsək, basketbolumuzda əsl inkişafdan danışa bilərik. İndiki atılan addımlarla da həmin uğur qaçılmazdı. Mütləq ki, biz həmin uğura çatacağıq. Görülən işlər göz qabağındadı. Ən yaxşı cəhətlərdən biri də odur ki, federasiya keçmiş və indiki milli üzvləri ilə, Azərbaycanda nə vaxtsa oynamış basketbolçularla, işləmiş mütəxəssislərlə daim əlaqədədi. İşi hərtərəfli öyrənir, dəqiq yerinə yetirməyə çalışırlar. Hələ ki, uğurludu və belə də, davam edər. Əsas uğuru da 5-10 ildən sonra görəcəyik. Mütləq ki, xarici oyunçular hər liqada olur, həmin vaxtı da olacaq. Amma kifayət qədər yerli oyunçumuz olandan sonra, çempionatımızda da limit 3+2 yox, 2+3, ya da 1+4 olar. Görülən işlər pozitiv düşünməyə əsas verir. 


Mirbağırağa Cəfərli   


Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIX   


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 





 

 

 

Xəbər xətti