Liverpulda futbol təhsili alan azərbaycanlı: "Ölkə futbolunun inkişafı üçün rəqabətli mühit lazımdır" - MÜSAHİBƏ

15:51 - 12 Noyabr 2022

Ruslan Nəsibov hazırda Liverpul universitetində futbol maqistri üzrə təhsil alır. O, bir müddət əvvələ qədər Azərbaycanda fəaliyyət göstərmiş "Tufan" klubunun yaradıcılarından olub. Nəsibov adıçəkilən klubun ölkəmizdəki fəaliyyəti dövründə futbolumuzun inkişafı üçün hansı addımları atdıqlarını, gələcəkdə də futbolun içində olmaq istədiklərini bildirib.

- Öncə, özünüz barədə məlumat verərdiniz…
- 1986-cı ildə Bakıda doğulmuşam. Kasıb ailədə dünyaya gəlsəm də, təhsilə böyük önəm və dəstək verən bir mühitdə, tək uşaq olaraq böyümüşəm. Futbola marağım 1994 və 1998-ci il dünya çempionatları vaxtı yaranıb. Yaşadığım məhəllədə, məktəbdə daha sonra isə həmin vaxt müxtəlif məşqçilərin futbol komandalarına qoşulmuşam. 2003-cü ildə “Xəzər Universiteti” nin aşağı yaş komandasında çıxış etmişəm. Azərbaycan futbolunda sözügedən müddətdə baş verən hadisələr mənim futbolla əlaqəmi kəsdi və bütün resurslarımı, o cümlədən, vaxtımı tamamilə təhsilimə yönəltdim. İndiki UNEC-i Dünya İqtisadiyyatı ixtisası üzrə bitirmişəm. Təhsil, iş, hərbi xidmət, ardınca peşəkar karyeram və sahibkarlıq fəaliyyətimlə davam etmişəm. 


- Bəs, “Tufan” klubunu nə zaman və necə yaratdınız?
- “Tufan” klubu həvəskar futbol çempionatlarında iştirak etmək üçün mən də daxil olmaqla altı nəfər ictimai birlik olaraq 2015-ci ilin sonunda təsis edilib. 2016-cı ildə altı ay davam edən prossesdən sonra rəsmi qeydiyyatdan keçib. Lakin klubunun adının müəyyənləşdirilməsində otuza yaxın şəxs iştirak edib. Sonda isə səsvermə nəticəsində “Tufan” adı seçilib. Klub fəaliyyəti üçün maliyyə dəstəyini əvvəlcə könüllü olaraq üzvlər tərəfindən alıb. Sonradan daha çox mənim tərəfimdən maliyyələşib.



Təsisçilərin və üzvlərin hər birinin dəstəyi, kluba gətirdiyi yeniliklər nəticəsində demək olar ki, klubun fəaliyyəti hər gün təkmilləşirdi. Bu təkamülün davamı olaraq “Tufan” klubu yerli və dünya futbol təsərrüfatlarının araşdırılması nəticəsində sıfırdan yaradılıb. Klubun gələcək uğurlarına onun təssisçiləri inanıb və dəstək alacağına ümid edib. Çünki klub məhz idman elminin tətbiqinə, araşdırma və inkişaf fəaliyyətinə əsaslanıb. Biz hər zaman niyə sualına cavab axtararaq araşdırmalarımızı çox dərin aparmışıq. Məsələn, idman elmində hüceyrə səviyyəsini və idman genetikasını da əhatə etmişik. “Tufan”nın yaradılması nə qədər maraqlı olsa da, onun dövlət qeydiyyatından keçirilməsi olduqca çətin alındı.



- "Tufan"ın peşəkar liqalarda, birinci divizion və ya Premyer Liqada iştirak etməsi planda var idi? 
- "Tufan"ın 2017-ci ildən 2019-cu ilədək olan müddətdə peşəkar liqalarda iştirak etmək fikirləri olub. Biz həmin müddətdə PFL ilə görüşlər keçirmişdik və iştirakla bağlı prossedurları, ümumi vəziyyəti araşdırmışdıq. 2019-cu ildən sonra bu barədə tamamilə düşünməmişik. Səbəb isə çox sadədir, biz ona resurs olaraq hazır deyilik. Bu nəticəyə gəlmək üçün biz yalnız Azərbaycanda iki yüzdən artıq görüşlər keçirmişik və ümumi desəm bazarı, futbol sənayesini araşdırmışıq.



- Klub fəaliyyət göstərdiyi illərdə hansı uğurlar qazanıb, Azərbaycan futboluna kimləri bəxş edib?
- İndividual uğurlarımız kiçikdir. “Tufan”ın böyük uğuru futbolda idman elminin araşdırılması və tətbiqi ilə bağlıdır. Texnologiyaların araşdırılması və tətbiqi də uğurlarımız arasındadır. Lakin, ən böyük uğurumuz, hazırda Azərbaycan futboluna bəxş etdiyimiz idman elmi mütəxəssisimizdir. Turcay Əhmədov hazırda Böyük Britaniyanın bir sıra universitetlərinin idman elmi üzrə magistr proqramlarının məmmuniyyətlə qəbul etdiyi, qürurlana biləcəyimiz uğurumuzdur. Əgər “Tufan”ın idmanın elmi sahəsində haralara qədər getdiyini araşdırsaq, əmin olarıq ki, bu, nəinki Azərbaycanda, hətta dünya səviyyəsində unikal layihədir. 



"Tufan" layihəsi çərçivəsində yerli futbolçuların keyfiyyət göstəriciləri, milli komandaların nəticələrinə təsir edən amillər kimi nəticələr əldə etmişik. Əminik ki, bu mövzular hər zaman aktual olub və qalacaq. Biz bu işlərə böyük resurslar sərf etmişik, bir növ özümüzü bu fəaliyyətə qurban vermişik. Xüsusilə, ailəmə və futboldan kənar dostlarıma, yoldaşlarıma təşəkkür etməliyəm ki, onlar mənim futbola, “Tufan”a sərf etdiyim vaxtı və resursları anlayışla qəbul ediblər.  



- Fəaliyyət göstərdiyiniz illərdə "Tufan" üçün nə qədər pul xərcləmisiniz? 
- 2015-ci ilin sonlarından 2022-ci ilə kimi bu məbləğ təqribən 700 min manata bərabərdir. Lakin bunun adına klub saxlamaq deməzdim. Biz öyrənmək, tətbiq etmək və inkişaf üçün xərcləmişik. Doğrudur, xərclərdə böyük pay inzibati yəni icarə, əmək haqqıdır. Təəssüf ki, biz “Tufan” layihəsi üçün icarəyə böyük məbləğ sərf etmişik. Əgər bu xərc üzrə vəsaitlərimizə qənaət etmiş olsaydıq, ən müasir texnologiyaların tətbiqi, laboratoriya tədqiqatları sahəsində daha çox işlər görmüş olardıq. 

Biz klub saxlamaq niyyəti ilə fəaliyyət göstərməmişik. Bu səbəbdən çox maliyyə tələb olunması barədə suala cavab verə bilmirəm. Yalnız onu demək olar ki, futbol təsərrüfatının ölçüsünə uyğun maliyyə tələb edir. 

- Türkiyədə klublar futboldan pul qazana bilirlər. Azərbaycanda isə klub sahibi yalnız pul xərcləyir, gəlir demək olar ki, yoxdu. Sizcə, bizdə futboldan necə pul qazanmaq olar?
- Əvvəlcə deməliyəm ki, futboldan iştirakçılar yaxşı pullar qazanırlar. Lakin klub mənfəət əldə etmir və sualınızın ikinci hissədində dediyiniz kimi sərmayə geri qayıtmır. Sərmayənin geri qayıtması barədə düşünərkən, ilk növbədə hansı sənayedə fəaliyyət göstərəciyimizi dəqiq müəyyən etməliyik. Əgər peşəkar futbol təqdim etmək niyyəti varsa, klubun o zaman biznes, işgüzar modeli qurulmalıdır. Вərinə getmədən deməliyəm ki, ölkəmizdə futbolu əmtəə kimi satmaq üçün olduqca çox çalışmalıyıq. Bizim araşdırmalarımız göstərir ki, ölkəmizdə futbola tələbat var və bu sənaye cəlbedicidir. Statistik rəqəmləri göstərmədən deyə bilərəm ki, ölkəmizdə futbolu böyük qismdə TV-də izləyənlər var. Və bu xarici futboldur, yəni xarici məhsul, əmtəə. Biz futbolun idxalçısıyıq yəni vəsaiti xaricə göndəririk ki, futbol alaq. Düşünməliyik, biz həmin futbolu ölkəmizdə istehsal edə bilərikmi? Bu ölkəmizin futbol sənayesini düşündürən ortaq sual olmalıdır. Misal üçün, İtaliyanın “Milan” klubu dünyada ən güclü olduğu halda, ölkənin digər komandalarının zəif olması İtaliya A Seriyasına marağın aşağı düşməsi ilə nəticələnəcək. Əksinə, İngiltərənin “Tottenham” klubunun “Milan”la heç-heçəsindən sonra “Kristal Pelas”a uduzması, sözsüz ki, maraq yaradacaq. Bununla da futbol azarkeşləri İngiltərə Premyer Liqasına daha çox maraq göstərəcəklər. 



Nəticə etibarilə, biz futbolun biznes modelini qurmalıyıq. Araşdırmalıyıq, öyrənməliyik və ən əsası öz futbol layihəmiz üçün unikallığı tapmalıyıq. Maraqlı tərəflərin hazırda ölkəmizdə futbola cəlb olunmasının ən yaxşı təcrübələrini araşdırmalıyıq və tətbiq etməliyik. Məhsulumuzun, yəni futbolun keyfiyyətini artırmalıyıq. Çox vacib məsələ yerli futbolun təbliğ olunmasıdır, qısa desəm, marketinq. İndi isə ən vacib məsələni deyim, ölkə futbolunun inkişafı üçün rəqabətli mühit lazımdır.



- “Tufan” artıq fəaliyyət göstərmir. İngiltərəyə köçmüsünüz deyə, klub fəaliyyətini dayandırıb? 
-“Tufan” layihəsi Covid-19 pandemiyası başlayarkən fəaliyyətini sonrakı iki il ərzində mərhələlərlə tamamilə dayandırdı. Mən "MBA Football Industries" üzrə Liverpul universitetində təhsilimə bu ilin sentyabr ayında başlamışam. Bu o deməkdir ki, futbol sənayesində iştirakım davam edəcək və bundan sonra daha da peşəkarlaşmış olacağam. Bundan başqa, Turcay Əhmədov hazırda yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandalarının idman elmi üzrə mütəxəssisi olaraq çalışır.



Biz çox çalışdıq ki, futbolda maraqlı olan tərəfləri bir araya gətirək və qarşılıqlı fayda əsasında inkişaf edək. Hazırda buna nail ola bilməmişik deyə, layihə dayanıb. Bu sahədə yaxşı təcrübəmiz isə bizimlə qalıb. Yəni, münbit şərait olduğu halda fəaliyyətimizi bərpa edəcəyik. Layihənin davam etməsi üçün nə qədər cəhdlər etdiyimizi və çalışdığımızı yəqin ki, bu barədə gələcəkdə danışanda hər kəsə maraqlı olacaq.



- İngiltərəyə köçmək planı necə reallaşdı? 
- Mənim “Liverpul” klubu ilə birbaşa əlaqəm yoxdur. Lakin, klubların rəhbər şəxsləri ilə görüşlərimiz və həmin klublara səfərlərimiz olur. Qeyd etdiyim kimi, mən Liverpul Universitetinin magistr proqramı üzrə təhsil alıram. Bu barədə planım hələ 2017-ci ildə var idi. Lakin, müxtəlif səbəblərdən təxirə salınmışdı və ən son bu il reallaşdı. Sözügedən proqram dünyada ilk futbol magistrı proqramıdır. Məni ən çox təəccübləndirən isə bu proqramı daha öncə iki nəfər azərbaycanlı şəxsin bitirməsi olub. Bunu burada olduğum müddətdə öyrəndim. Proqram üzrə təhsil barədə hazırda yeni başladığım üçün çox danışmaq istəmirəm. Lakin sonda pozitiv və neqativ olaraq fikirlərimi soruşsanız mütləq deyəcəm.
 


- İngiltərədə təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıdacaqsınız, yoxsa Avropada hansısa futbol qurumunda çalışmağı planlaşdırırsınız?
- Bu, ilk növbədə "Tufan" layihəsi üçün münbit şərait olduğu halda işi davam etdirmək ilə bağlı ola bilər. Digər hallarda başqa ölkələrdəki futbol təsərrüfatları və təşkilatları barədə fikirlərim var.

- Azərbaycan futbolu kənardan necə görünür? Təhsil aldığınız Liverpul akademiyasında futbolumuzla bağlı söhbətlər olur?
- Əgər Liverpul futbol akademiyasını nəzərdə tutursunuzsa, mənim o təşkilatda iştirakım yoxdur. Lakin, ümumilikdə Azərbaycanı daha çox futbol ilə yox, hazırda "Formula 1" yarışları ilə tanıyırlar. Bir çoxları Bakı şəhərinin möhtəşəm olması və “Formula 1” yarışının Bakı Qran Prisi barədə danışır, soruşurlar. Bildiyimiz kimi Azərbaycan futbolu bir əmtəə kimi hazırda yerli bazarda satılmır, o ki, qaldı xarici bazarlarda.



“Qarabağ”ın avrokuboklardakı qalibiyyətləri tamamilə möhtəşəmdir. Düzdür, bu barədə o qədər də danışılmır. Böyük klublar müzakirə mövzularını zəbt ediblər, desəm doğru olar. Eyni zamanda milli komandanın son üç oyundakı triumfu əladır. “Qarabağ”ın qalibiyyətlərinin arxasında ciddi nizam-intizamın dayandığı görünür. Klubun ümumilikdə nə qədər uğurlu olmasını yəqin ki, yalnız onun sahibi bilir. 

Mirbağırağa Cəfərli     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XX    

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

Xəbər xətti