Murad Musayev: "Nəticələrin pis olmasında günahkar futbolçular və məşqçilərdir"

21:55 - 19 Dekabr 2022

"Sabah" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Səbail"ə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

 

- Böyük üstünlüyə malik idik. 90 dəqiqə rəqibi təzyiq altında saxladıq. Biz birinci qolu vurmalı idik ki, oyun açılsın. Bu gün futbolçularımı qınaya bilmirəm. Çünki, onlar meydanda əllərindən gələni etdilər. Amma nəticənin belə olmasında özümüz günahkarıq. Birinci matçda belə hesab olmamalı idi ki, bu gün "Səbail" özünü bu cür rahat hiss etsin. 


- Çempionatdakı xal itkiləri və kubokda mübarizəni dayandırdıqdan sonra "Sabah"da eniş olduğunu demək olar?

- Deyə bilərik ki, mövsümün son hissəsini əvvəlindən pis keçiririk. 


- Gəncədə dediniz ki, çempionluğa oynamırıq. "Sabah"ın bu mövsüm hədəfi nədir?

- Həmişə eyni sualları verirsiz. Hər dəfə deyirəm ki, bizim üçün önümüzdəki oyun önəmlidir. Hədəf qarşıdakı "Sumqayıt"la matçdır.

 

- Futbolçularınızın yorulduğunu, istirahətə ehtiyaclarının olduğunu düşünmürsüz?

- Ola bilər ki, yorğunluq var. Amma bu, daha çox psixoloji yorğunluqdur. İlin son oyunu üçün özümüzdə güc tapmalıyıq. Hesab edirəm ki, gücümüz çatmalıdır. Qırmızı vərəqələr də bizim oyunumuza çox təsir edə bilər. Azlıqda qalanda meydanda olan futbolçular qırmızı vərəqə görənin də yerinə işləməli olurlar. Bu da yorğunluğa gətirib çıxarır. Nəticələrin pis olmasında günahkar futbolçular və məşqçilərdir. Əgər biz əvvəllər aqressiv şəkildə rəqibləri sıxıb istədiyimiz nəticələri əldə edirdiksə, indi bu aqressiya yoxdur. Bunu yenidən geri qaytarmaq lazımdır.

 

Elçin Əlixan

Xəbər xətti