Elmar Baxşıyev: "Futbolçular məndən küsə bilməzlər"

18:16 - 5 Fevral 2023

"Qəbələ" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Maraqlı və intensiv oyun alındı. Hər iki komanda qələbə qazanmağa layiq idi. Belə matçlar çox olsa, çempionatımızda keyfiyyət görünəcək. Oyunun ağır keçəcəyini təxmin edirdik. İki əsas müdafiəçimiz yox idi. Matça iki gün qalmış Məsqəd İsayev və İsnik Aliminin sağlamlığında problem var idi. Bu mənada, oyuna hərarətlərini aşağı salaraq son anda çıxmışdılar. Komandama təşəkkür edirəm. Meydanda əzmkarlıq göstərdilər, layiqli xal qazandıq.

 

- Rövlan Murad ilk hissədə çox kobud oynayırdı. Bunun səbəbi nədir?

- Heç bir kobudluq yox idi. Futbol mübarizəni sevir. Nəinki Rövlan, bütün futbolçular həmin mübarizədən çəkinmirdilər. Belə mübarizələr daha çox olmalıdır. 

 

- İsnik Alimi əvəzlənəndə yanınızdan düz keçdi və daha sonra paltardəyişmə otağına yollandı. Sizdən küsmüşdü?

- Məndən? Məndən küsə bilməzlər. Çünki, mən onların, onlar da mənim hörmətimi saxlayırlar. Əvəzlənəndə ona özüm dedim ki, paltardəyişmə otağına getsin. Çünki, sağlamlığı qaydasında deyildi.

 

- Əlinizi sıxmadı...

- Sizə fərqli görünə bilər. Amma dediyim kimi, mən onu göndərdim ki, paltardəyişmə otağına getsin. İlk yarıdan sonra əvəzlənməsini xahiş etdi. Sadəcə biz onu meydanda artıq saxladıq.

 

Mirbağırağa

Xəbər xətti