2 boksçumuz yarımfinala yüksəldi

12:16 - 6 Fevral 2023

Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində keçirilən turnirdə 1/4 final döyüşləri davam edir.

 

Sportal.az xəbər verir ki, yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.

 

67 kq çəkidə mübarizə aparan Nəbi İsgəndərov ardıcıl ikinci görüşünü də xeyrinə bitirib. Avropa çempionatının mükafatçısı Atomani Baroufun (Komor adaları) ardınca gücünü Selbi Dlamini Tabisoya (Esvatini) göstərib. Təmsilçimiz yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb.

 

İsgəndərov yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, üçüncü döyüşündə Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.

 

Sərxan Əliyev də inamlı çıxışını davam etdirib. 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının bürünc medalçısı Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) məğlub edib. 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26) hesablı qələbə Əliyevi yarımfinala yüksəldib. O, bununla ən azı özü üçün bürünc medalı təmin edib.

 

Sərxan finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.

 

Digər boksçularımızda Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından təmsilçilərimiz 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.

 

Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində daha 3 boksçumuz rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.

Xəbər xətti