"Sabah" Kaşuk üçün "Şaxtyor"la danışıqlara başladı

21:20 - 29 Mart 2023

“Sabah” bu mövsüm Murad Musayevin rəhbərliyi altında Premyer Liqaya sanki yeni nəfəs gətirib. Özünəməxsus, baxımlı oyun tərzi ilə seçilən komanda futbol ictimaiyyətinin də simpatiyasını qazanıb. “Sabah”ın heyətində oyunu ilə göz oxşayan futbolçulardan biri də Aleksey Kaşukdur. O, arxada qalan 27 turda 11 qol vurub.

Lakin bir tərəfdən Kaşukun oyunu “Sabah” tərəfdarlarını sevindirsə də, digər tərəfdən mövsüm sona yaxınlaşdıqca onunla bağlı durum həm Murad Musayevi, həm də klub rəhbərliyini qayğılandırmağa başlayıb. Çünki ukraynalı futbolçu “Sabah”da icarə əsasında çıxış edir və mövsüm bitən kimi müqavilə ilə məxsus olduğu “Şaxtyor” klubuna qayıtmalıdır.

Sportal.az-ın əldə etdiyi məlumata görə, “Sabah” artıq bu istiqamətdə hərəkətə keçib və Kaşuku birdəfəlik transfer etmək üçün Donetsk klubu ilə danışıqlara başlayıb. Futbolçunun transfer hüququna yiyələnmək mümkün olmasa, “Sabah” onu heç olmasa daha bir mövsüm icarəyə götürməyə çalışacaq.

Kaşukla bağlı məsələnin qəliz tərəfi ondadır ki, “Şaxtyor” onu Avropanın aparıcı çempionatlarında çıxış edən klublardan birinə satmaq istəyir. Ötən yay bəzi Polşa və Macarıstan klubları Kaşuku heyətlərinə qatmaq istəsələr də, “Şaxtyor” təklifləri geri çevirmişdi.

Qeyd edək ki, Aleksey Kaşukun transfer qiyməti təxminən 800-900 min dollar qiymətləndirilir. Mətbuatda gedən xəbərlərə görə, “Qarabağ” klubu da bu futbolçuya maraq göstərir.

Xəbər xətti