"Həmin vaxtlardan yarışlara qoşulsaydıq, bəlkə də indi milli komandanın bazası bizim kənd idi" - MÜSAHİBƏ

16:00 - 2 Aprel 2023

Ölkəmizdə qadınların futbola marağı azdır. Amma bəzi istisnalar da var. İsmayıllı rayonunun Hacıhətəmli kəndində qızlar uzun müddətdir futbolla məşğul olurlar. Kəndin 13 yaşlı qızlardan ibarət komandası hətta bir dəfə Azərbaycan çempionu olub, bir dəfə isə finalda məğlub olaraq ikinci yeri tutub.

Komandanın baş məşqçisi Ədalət Əhmədovla söhbətləşdik. Sportal.az saytına müsahibə verən 46 yaşlı mütəxəssis qızların futbola necə cəlb olunması haqda danışıb. O, kiçik bir kəndi təmsil edən komandanın ölkənin ən güclüsü olması üçün getdikləri yol barədə məlumat verib.

- Özünüz haqda məlumat verərdiz...

- 1976-cı ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuşam. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra 3,5 il hərbi xidmətdə olmuşam. 2000-ci ildə idman kollecinə daxil olmuşam. 2 il müəllim işlədikdən sonra 2004-cü ildə idman Akademiyasına qəbul oldum. 2014-cü ildən AFFA-nın Qızlar Liqasında məşqçi olaraq iştirak edirəm. UEFA-nın C kateqoriyalı məşqçilik lisenziyasına yiələnmişəm. 

- Qız futboluna maraq sizdə haradan yarandı? Necə oldu ki, komanda yaratmaq fikrinə düşdüz?

- Futbola gəlişim 2014-cü ildə AFFA-nın məktəblilər arasında keçirdiyi "Coca-Cola" turnirinə təsadüf edir. Bu, çox rəqabətli turnir idi. İndiyə kimi qatıldığım, gördüyüm yarışların bəlkə də ən ağırı idi. Həmin yarışda əsas heyətdə oynayan uşaqlardan ikisi qı olmalı idi. Turnirə qoşulanda komandaya 2 qız götürdüm. Rayonda və regionda qalib olduqdan sonra Bakıya getdik. Orada1/4 finala kimi irəlilədik. Həmin 2 qız Bakıda maraq dairəsinə düşmüşdü. Mənə sual verdilər ki, sizin belə istedadlı qızlarınız var, niyə qız futboluna qoşulmursuz? Bizim liqaya qoşulmağımızın səbəbkarı AFFA-da çalışan Kifayət Osmanova olmuşdur. O, bizi motivasiya etdi, burada uğur qazana biləcəyimizi dedi. İsmayıllıda qız futbolunun yaranmağının əsas səbəbkarı Kifayət xanımdır. Ona təşəkkür edirəm. Bundan sonra bizdə qızların futboluna maraq yarandı. Bizim xəbərimiz yox idi, 2009-cu ildən qızlar arasında zona yarışı İsmayıllıda keçirilirmiş. Həmin vaxtlardan yarışlara qoşulsaydıq, bəlkə də indi milli komandanın bazası bizim kənd idi. Həmin zamanlarda futbola maraq daha çox idi. Çempionata gec qoşulduq, amma yaxşı qoşulduq.

- Kənddə qızların futbola cəlb olunması çətin deyil? İlk dəfə komanda yaratdığınız vaxtda vəziyyət necə idi? Valideyinləri necə razı sala bildiz?

- İlk vaxtlar kənddə qız futboluna heç bir maraq yox idi. Yarışa hazırlaşarkən ilk olaraq öz yaxınlarımızdan başladıq. Ətrafımızda olan insanların futbol qabiliyyəti olan övladlarını komandaya götürdük. Məşqlərin nəticəsində bəhrəsini gördük. Komandaya uşaqları yığarkən öz qapımızdan, ailəmizdən başladıq. Öz övladımı da götürmüşdüm. Bunun nəticəsində kənar şəxslərin də marağı artdı. İnsanlar düşündülər ki, pis bir şey olsaydı, öz qızlarını götürməzdilər.Belə olan halda valideyinlər arasında maraq artmağa başladı.

- Bir kənd komandasının ölkə çempionu olmasını necə şərh edərdiniz? Ölkədə bu qədər şaraitli, imkanlı klublar olduğu halda kənd komandası necə çempion oldu?

- Səbəb odur ki, futbol kollektiv oyundur. Kollektivdə hamı bir-birini yaxşı başa düşməlidir, amal eyni olmalıdır, hamı bir yerə vurmalıdır. Bir var ki, müxtəlif kəndlərdən, hərə bir düşüncədə olan uşaqları toplayasan, bir də var ki, eyni kənddən, eyni məktəbdən, eyni məhəllədən komanda yığasan. Belə olan halda inlarla ünsiyyət qurmaq daha rahat olur. Hamısı gündəlik bir-biri ilə təmasda olan uşaqlar idi. Onlara verilən tapşırıqları daha anlaqlı qəbul edirdilər. Bunu oyuna da yansıda bilirdilər. Fikir, düşəncə bir idi. Çempionluğumuzun, uğurlarımızın əsas səbəbi bu idi. 

- Yerli qurumlar, rayon rəhbərliyi sizə dəstək olurdu? Maliyyə xərclərini necə qarşılayırdınız?

- Yarışa qoşulanda rayon rəhbərliyindən heç kimlə məsləhət etməmişdik. Bizə birbaşa dəstəyi AFFA göstərmişdi. Federasiyaya güvənərək turnirə qoşulmuşduq. Nəticələr yaxşı olduqca, daha irəliyə getdikcə rayon rəhbərliyi, Təhsil Şöbəsi bizə diqqət göstərməyə başladı. Çempionluqdan sonra İcra Hakimiyyəti səviyyəsində komanda qarşılanmışdı. Yarımfinal və finalda İsmayıllıdan olan azarkeşlər, Gənclər və İdman İdarəsinin əməkdaşları oyunlarımızı stadionda izləyiblər. Bəli, yüksək səviyyədə dəstək olmuşdu. Amma sonradan. Bizim irəliləməyimizi görəndən sonra onlar da inanmışdılar.

- Ölkə çempionu olan komandanızdan sonradan karyerasını davam etdirən oldu?

- Həmin heyət bizdə ilm idi. Aşağı yaşdan başlamışdıq. İlk mövsümdə U-13 Liqasında çempion olan komanda ilı növbəti mövsümdə finala çıxdıq. Finalda penaltilər seriyasında məğlub olduq. Həmin kollektivdən milli komandanın təlim-məşq toplanışına qoşulanlar oldu. Sonradan o uşaqlar futbola yox, təhsilə üstünlük verməli oldular və universitetə qəbul oldular. Çempion olan komandadakı 15 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olublar. 

- Bu qızların sonradan futbola davam etməməsinin səbəbi nədir sizcə?

- Bilmirəm, bəlkə də mentalitetlə bağlıdır. Bu səbəbdən ali təhsil və iş karyerası sahəsində daha aktiv iştirak etdilər. 

- Hazırda fəaliyyətiniz davam edir? Liqada iştirak edən komandanız var?

- Bəli. U-12 Liqasında mübarizə aparırıq. Komandamız növbəti mərhələyə vəsiqə qazanıb. Zaqatala, İsmayıllı, Gəncə zomasından növbəti mərhələyə yüksələn 8 komandadan biriyik. Burada 4 komanda Bakıda keçiriləcək növbəti mərhələdə iştirak hüququ qazanacaq. Daha da irəliyə getməyə cəhd göstərəcəyik. 

- Qarşınıza hansı hədəfi qoymusuz? Hədəfinizə çata biləcəksiz? 

- Bizim əsas məqsədimiz mübarizə aparıb xallar qazanmaqdır. Hamı bizi rəqib kimi tanıyıb hörmət etməlidir. Hazırda kəndimizin komandasının üzvü Günay Azayeva Azərbaycanın U-17 millisinin üzvüdür. Milli komanda ilə Albaniyaya turnirə də gedib. Məqsədimiz milli komandalara yardımçı olmaqdır, oyunçu verməkdir. Kiçik bir kənd komandası olaraq buna nail olmuşuq. 

- Hazırda ölkədə qadın futbolunun durumu sizi qane edir?

- Məncə, qadın futboluna göstərilən diqqət yüksək səviyyədə idi. Koronavirus səbəbindən karantin vaxtı 2 il bütün yarışlardan kənar qaldıq. Demək olar ki, bütün uşaqlar futboldan uzaq düşüb. Artıq həmin futbolçuların yaşı keçib. buna görə də biz yenidən başlamışıq. Bu gün də fəaliyyətimizi davam etdiririk. Ümid edirik ki, hər şey yaxşı olacaq.

- Qadın futbolunun inkişafı üçün hansı işlər görülməlidir? Təklifləriniz, idealarınız var?

- Qadın futbolunda rəqabəti artırmaq üçün məncə, maliyyə, diqqət və qayğı artırılmalıdır. Futbolçular normal əməkhaqqı almalıdır. Əsas məsələ maddiyyatdır. Hazırda qızlar liqasında iştirak edən oyunçuların maaşlarını demək olar ki, AFFA ödəyir. Bu da elə böyük məbləğ deyil. Kişilərin futboluna göstərilən diqqət qadınlara da göstərilsə, rəqabət daha yaxşı olar. 

Elçin Əlixan         

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIII

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Xəbər xətti