Estoniyada futbol komandası yaradan həmyerlimiz: "Azərbaycandan dəstək gözləyirəm" - MÜSAHİBƏ

14:37 - 16 Aprel 2023

On ildən çoxdur ki, Estoniyada yaşayan Emin Münşiyev restoranlar şəbəkəsinə sahibdir. Həmyerlimiz özü də vaxtı ilə peşəkar futbolla məşğul olduğundan, Tallinə köçdükdən sonra da sevimli idman növündən uzaq qala bilməyib. Avropaya köçdüyü ilk vaxtlarda yerli komandalardan birində oynamış Münşiyev sonradan öz komandasını yaradıb. “Aze Yunayted” minifutbolda Estoniyada tanınan komandadır. Sportal.az saytına müsahibə verən Emin bəy həm özü, həm də komandası haqda məlumat verib.

- Öncə özünüz barədə məlumat verərdiniz. Nə vaxtdan Estoniyaya köçmüsüz, neçə ildir orada yaşayırsız?

- 1985-ci ildə Azərbaycanda dünyaya gəlmişəm. Sonradan isə Estoniyaya yollanmaq qərarı verdim. 2012-ci ildən bura gəlmişəm. 

- Maraqlıdır, Estoniyada hansı sahədə çalışırsız? 

- Estoniya sakit, qayda-qanunu olan maraqlı ölkədir. Azərbaycandan sonra ikinci vətənim elə Estoniyadır. Balaca biznesim var, oranı işlədirəm. Əsasən şaurma, dönər obyektləridir.

- Özünüz futbolla məşğul olmusuz? Hansı komandalarda oynamısız Azərbaycanda?

- Bəli, özüm də futbolla məşğul olmuşam. 11 yaşımdan futbol oynayırdım. Gənc yaşlarımda çox komandada oynamışam. 18 yaşımda topuq nahiyyəmdən ciddi zədə aldım. Ona görə də peşəkar karyeramı başa vurmalı oldum. Bir neçə ildən sonra isə həvəskarın liqasında oynamağa başladım.  

- Peşəkar karyeranızı erkən başa vurmağınıza nə mane olub?

- Əsasən zədəyə görə oldu. Digər tərəfdən də maaşlarımızı kəsmişdilər. Bütün bunlar məni həvəsdən saldı. Ona görə də, peşəkar futboldan uzaq qaldım. 

- Estoniyada Azərbaycan adı ilə bağlı komanda yaratmısız. Bu fikrə necə gəldiniz və ideya kimdən, nə zaman gəldi?

Estoniyaya gələndə "Anja Yunayted" adlı klubda oynamağı təklif etmişdilər. Üç-dörd il bu komandada oynadım. 2019-cu ildə öz komandamızı yaratmaq fikri yarandı. Ona görə də, "Aze Yunayted" adlı komandanı yaratdıq. Burada yaşayan dostlarım da sponsorluq məsələsində dəstək oldular. 

- Estoniyada "Aze Yunayted"i tanıyanlar var? Bu komanda hansısa uğurlar əldə edib? 

Əlbəttə. Mən "Aze Yunayted" adını burada tanıtmışam. Minifutbol üzrə yüksək liqada birinci yeri tutduq. İşimizdə də çalışırıq ki, bir nömrə olaq. Burada neçə illərdir ki, restoranların yeməkləri çatdırılması üzrə reytinqində birinciyik. İdmandan əlavə, işdə də bayrağımızı qaldırırıq. Hər bir obyektimizdə də bayrağımız var. Bu templə də idmanda da bayrağımızı yüksəklərə qaldırmağa çalışmışıq. Məqsədim "Aze Yunayted" komandasını da tanıtdırmaq, dövlətimizin köməyi ilə peşəkar klub yaratmaqdı. Burada ermənilərin "Ararat" klubu var, niyə də "Aze Yunayted" və ya "Aze Qarabağ" klubu olmasın?

- Komandanın heyətində azərbaycanlılar var, yoxsa estonalar və legionerlərdir? 

- Komandada hər millətdən oyunçu var. Azərbaycanlılar, gürcülər, ukraynalılar, ruslar, estonlar da komandamızda oynayır.

- Komanda ilə bağlı hansı yeniliklər var? Gələcəkdə minifutbol komandasını böyük futbol komandası ilə əvəzləməyi planlaşdırırsız? Aşağı liqaya komanda buraxmaq mümkündür Estoniyada, yoxsa çox çətin prosesdir?

Hazırda yeniliklər yoxdur. Açığı, pauza götürmüşəm. Azərbaycandan dəstək gözləyirəm. Bu komandanı yaratdım və sponsorluğunu da etdim. Komandanın kapitanı da özüməm. Ancaq düzünü deyim, artıq çatdıra bilmirəm. Pauza bununla bağlıdır.

- Maraqlıdır, Estoniyada minifutbol komandası saxlamaq çox böyük maliyyə tələb edir? Kimlərsə kömək edirdi?

Belə deyim də, bir mövsümə beş min avro xərcimiz çıxır. Bu da illik 10 min avro edir. Komandanın sponsorları "Şaurma Kebab", "Armudu", "Çayrud" adlı restoranlarıdı. Sadəcə çatdırmaq çətin idi deyə, dayanmışıq.

- Yeri gəlmişkən, Estoniya və Azərbaycan AVRO-2024-ün seçmə mərhələsində eyni qrupda yer alıb. İki ölkə yığmasını necə müqayisə edərdiz və şansları necə dəyərləndirərdiz? Estoniyada Azərbaycan millisini səbirsizliklə gözləyirsiz?

Bəli, səbirsizliklə Estoniya - Azərbaycan matçını gözləyirik. Yığma komandamıza güclü dəstək olmaq istəyirik. Son matçlarda Estoniya millisində çox böyük artım var. Ona görə də, onlardan xal almaq rahat olmayacaq. Bizim millidə dəyişikliklər olmasa, yaxşı nəticəmiz də gözlənilir.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


Xəbər xətti