"Murad Musayev hər dəfə qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, bu gün əksini gördük"

21:26 - 29 Aprel 2023

"Sabah" haqda çox şey danışmaq olar. Əla komandadır. Turnir cədvəlinin fərqli mövqelərində olsaq da, onlarla matçlarımız həmişə dinamik və maraqlı keçib. Bu gün də futbolçularımız dinamik və maraqlı oyun sərgilədilər, layiqli mübarizə apardılar. Rəqibdən çəkinmədilər. Onlara təşəkkür edirəm. Təəssüf ki, ilk dəqiqələrdən həyəcan var idi və bunu boğa bilmədik. Amma qoldan sonra toparlandıq və daha yaxşı "Şamaxı" gördük. Məğlubiyyətə xal verilmir. Amma bu cür gözəl oyun və mübarizə gələcəyə ümid verir ki, Premyer Liqadakı yerimizi qoruyub-saxlaya bilərik. Murad Musayev hər dəfə mətbuat konfransında qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, yerə yıxılır, bu gün əksini gördük. Sevindirici deyil. Halbuki, əllərində bu cür möhtəşəm futbolçular var. Amma "Şamaxı" gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. Hakim haqda biz də çox şey danışa bilərik, amma danışmırıq. Çünki hakim də insandır, səhv edə bilər. Bugünkü hakimlik möhtəşəm idi, əla oyun idarə etdilər. Ancaq oyuna üç dəqiqə əlavə etmələri...Halbuki "Sabah"ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma "Sabah"a gələcəkdə uğurlar arzu edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 32-ci turunun "Sabah"la matçından sonra keçirilən mətbuat konfansında deyib. O, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib.

- Amil Yunanovu start heyətində nə vaxt görəcəyik?

Son zamanlar start heyətdə oynayırdı. Düzdü, 90 dəqiqə meydanda qalmırdı. Amma bu rəqibdən də asılıdır. Qarşıda oyunlarımız var və inanıram ki, 90 dəqiqə oynayacaq.

- Hakimlərin səhvinə göz yummaqla komandalar tənəzzülə getmir?

- Bir futbolçu meydanda minlərlə səhv edirsə, hakim robot deyil ki, o da insandır. Ona görə də, hakimliklə bağlı heç bir etirazımız yoxdur. Sadəcə üç dəqiqə artırmalı deyildi. Bir az çox olmalı idi.

- "Sumqayıt" "Kəpəz"ə qalib gəldi, siz isə "Sabah"a uduzdunuz. Vəziyyətiniz daha da ağırlaşdı?

Əvvəldən belə durumlara çox düşmüşük. Futbolçularımız əzmkarlıq, intizam göstərərək zolaqdan çıxdıq. Az oyunlar qalsa da, futbolçular sona qədər mübarizə aparacaq və Premyer Liqada qalacağıq.

Mirbağırağa

Xəbər xətti