"Uşaqların basketbola marağı böyükdür, istedadlıları da yetəri qədərdir"

16:59 - 14 May 2023

Azərbaycanda komanda idman növlərindən ən tanınmışı futbol olsa belə, digərlərinə də maraq yaranıb. Xüsusən də, dövlət səviyyəsində digər komanda idman növlərinə qayğı və diqqət xeyli artırılıb. Bizdə o qədər də populyar idman növü sayılmayan basketbolun kəskin şəkildə yaxşı istiqamətdə inkişafını buna misal göstərmək olar. Hazırda bir neçə yaş qrupunda liqalar da keçirilir. Təbii ki, bu idman növündə güclü idmançılarımızın olması üçün əsas məqam uşaq basketoludur. Təsadüfi deyil ki, ölkəmizdə basketbolla məşğul olan idmançılar, məşqçilər indiki dönəmdə çoxluq təşkil edir. Xüsusilə də, azyaşlıların bu idman növünə maraq göstərməsi, gələcəyə nikbin baxmağa ümid verir. Artıq uzun illərdir ki, Azərbaycanda basketbol məşqçisi kimi çalışan və yetərincə tanınmış uşaq məşqçilərindən sayılan Tərxan Hüseynzadə Sportal.az saytına müsahibə verib. Müxtəlif komandalarda uşaqlara basketbolun sirrlərini öyrədən gənc məşqçi ölkəmizdə böyük perspektiv vəd edən uşaqların çox olduğunu bildirib. 

- Özünüz barədə məlumat verərdiniz. Basketbolla nə vaxtdan məşğul olmağa başlamısız?

- 1992-ci ildə Bakıda dünyaya gəlmişəm. Elə uşaqlıqdan da basketbola marağım olub. Daha dəqiq desəm, ilk dəfə 13 yaşımda məşqlərə başlamışam. Əməkdar məşqçi Tofiq Həsənovun tələbəsiyəm. “Qala”da, ADNSU (Azərbaycan Dövlət Neft və Sənayə Universiteti) komandalarında peşəkar səviyyədə oynamışam. 

- Nəyə görə karyeranızı erkən başa vurdunuz?

- 18 yaşıma qədər peşəkar basketbolla məşğul idim, oynayırdım, oyunlara çıxırdım. Amma dizimdən zədələndim. Bu da məni peşəkar basketboldan uzaq saldı. Məcburiyyətdən belə alındı. Həmin vaxtı tələbə idim. Sonradan isə hərbi xidmətə yollandım. Bütün bunlar peşəkar karyeramın davam etməməsinə gətirib çıxardı.

- Neçə ildir ki, basketbol sahəsində uşaq məşqçisi kimi çalışırsız?

- Bəli, basketbolçu kimi karyeramı başa vursam da, bu sahədə olmaq istədim. Ona görə də, sonradan məşqçilik karyerasına başladım. Artıq 9 ildir ki, basketbol məşqçisiyəm. Amma həvəskar liqada oynayıram. 

- Uşaqlarla məşğul olmaq daha çox səbr tələb edir. Sizin üçün ən çətin tərəfləri hansılardır?

- Əslində, uşaqlarla işləmək, onlarla məşğul olmaq göründüyü qədər də çətin deyil. Sadəcə olaraq, hər uşağa fərdi yanaşmaq lazımdır. Çünki uşaqların xasiyyəti və xarakteri fərqli ola bilir. Bu mənada, hər birinə fərdi yanaşaraq istədiyimiz nəticələri əldə edə bilərik. Mənim üçün uşaqlarla işləmək çox xoşdur və bunu sevərək edirəm.

- Ümumiyyətlə, hazırda uşaqlar arasında basketbola maraq necədir? İstedadlı uşaqlarımız var?

- Uşaqların basketbola marağı çox böyükdür. Özü də, istedadlı uşaqlarımız da yetəri qədərdir. Onlarla işləməyə davam edirik. Ümidvaram ki, istədiyimiz nəticələri qazanacağıq. Çünki istedadlı uşaqlar var, onları inkişaf etdirərək lazımı yerlərə çatmaq olar.

- Uzun müddət ölkəmizdə basketbol yox səviyyəsində idi. Həmin dönəmdə nə edirdiz?

- Bəli, bir müddət basketbol idman növündə durğunluq var idi. Amma hazırda federasiyamızın prezidenti Emin Əmrullayev basketbola çox diqqət edir. Ümid edirik ki, yaxın zamanlarda ölkə xaricinə də səfərlərimiz olacaq.

- Hazırda Qafqazda ən güclü basketbol məktəbi Gürcüstanda, millisi də Gürcüstandır. Sizcə, yaxın gələcəkdə bizim də yığmada Gürcüstan millisinin üzvləri kimi oyunçular olacaq?

- Əlbəttə, ola bilər. Qeyd etdiyim kimi, bizdə çox güclü potensiala malik uşaqlar var. Sadəcə düzgün məşq edərək, onlara doğru yön verməklə buna nail ola bilərik. Hər şey mümkündür. Ümidvaram ki, bizdə də o səviyyədə uşaqlar yetişəcək.

- Özünüz necə, məşqçi kimi ölkə xaricinə kurslara yollanmağı planlaşdırırsız? Bu yöndə, Azərbaycan Basketbol Federasiyası sizə hansısa köməklik göstərir?

- Yeniliklər həmişə olub və hər kəs biliklərini daim yeniləməlidir. Pandemiyadan öncəki illərdə ölkə xaricinə səfərlərimiz də olurdu. Ümid edirik ki, yaxın gələcəkdə bunlar təkrarlanacaq. 

- Gələcəkdə yüksək liqada baş məşqçi kimi çalışmağı planlaşdırırsınız, yoxsa uşaqlarla işləmək daha maraqlıdır və sizə zövq verir?
- Hazırda uşaqlarla işləmək məni çox qane edir. Gələcəkdə liqalarda məşqçilik etmək niyə də olmasın? Allah qoysa, o da olar. İndi isə hazırkı işimə konsentrasiya olmuşam, yeni uşaqları üzə çıxarmağa, yetişdirməyə çalışırıq.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XIX

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

Xəbər xətti