"Bu gün "Qarabağ"la oynamaq bizim üçün çətindir" - MÜSAHİBƏ

14:27 - 20 May 2023

"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" son turda evdə "Sabah"a  0:4 hesabı ilə uduzdu. İstədiyiniz kimi oynaya bilmədiz? Səncə, bu görüşdəki məğlubiyyətə səbəb nə idi?

- Əslində, oyuna pis başlamamışdıq. İlk qola qədər yaxşı çıxış edirdik. Amma qol buraxdıqdan sonra oyuna qayıda bilmədik. Bu da, bizim bu mövsümkü ən böyük problemimizdir.   

- Ola bilər ki, bu mövsüm onlara evdə 0:6 uduzmağınız psixoloji olaraq oyundan əvvəl sizə təsir etmişdi? Meydana çıxanda inamsızlıq var idi?

- Psixoloji sarıdan çətinlik yox idi. Sadəcə olaraq, bu mövsüm güclü rəqibə qarşı oyunumuz alınmır. Bu dəfə də, belə oldu.

- Bu mövsüm evdə "Sabah"dan 10 top buraxmısız. "Sabah"la niyə bacara bilmirsiz?

- Təkcə "Sabah"la deyil, dediyim kimi, güclü rəqiblərə qarşı çətinlik çəkirik. Əlbəttə, buna təəssüf edirik. Lakin vəziyyət belədir.

- "Sumqayıt"ı hazırda son pillədən cəmi dörd xal öndədir. Amma mövsümün bitməsinə iki tur qalıb. Gərginlik var, yoxsa Premyer Liqada qalacağınıza arxayınsız?

- Əlbəttə ki, gərginlik var. Bu da bizə təsir edir. Çalışmalıyıq ki, liqada qalaq. Başqa yolumuz yoxdur.

- "Sumqayıt"ın növbəti görüşü "Qarabağ"a qarşıdır. Hansı ki, bu komanda ötən tur çempionluğunu reallaşdırıb. Bu matçda "Sumqayıt"ın xal qazanmaq, qalib gəlmək şansı realdır? 

- Reallıq onu göstərir ki, bu gün "Qarabağ"la oynamaq bizim üçün çətindir. Amma yenə də, çalışmalıyıq ki, xal götürək. Futboldur da, hər şey mümkündür. 

- Yəqin ki, çempionluq onları arxayın edə bilər. Bu, xal qazanmağınıza kömək edər, yoxsa istənilən halda, "Qarabağ"dan xal almağın çətin olacağını düşünürsən?

- "Qarabağ" hər oyunu sona qədər oynayır. Onlar da meydana qələbə üçün çıxacaq. Özü də, evdə oynayırlar. Çox diqqətli olmalıyıq.

- Yeni mövsümə "Sumqayıt"da başlayacaqsan? Bu mövsümkü uğursuz çıxışınızdan sonra komandadan ayrılmaq haqda düşünürsən?

- O barədə danışmaq istəmirəm. Çünki indiki vəziyyət mənə pis təsir edir. Allah qoysa, "Sumqayıt"ı liqada saxlayaq, ondan sonra gələcək karyera haqda danışmaq olar.

Elçin Əlixan

Xəbər xətti